Nə dərinmiş Xəznə dərəsi!
Əlfi
Qasımovun xatirəsinə
Sevgisini də özüylə
aparan şair
Dil yalan deyə bilər və çox vaxt deyir də.
Dilə aldananlar qulağıyla sevənlərdir.
Qulağıyla sevənlər varsa, demək, qulaq qəlbi də aldada bilir və ən təhlükəlisi budur... Amma göz qəlbin aynasıdır – gözdə yalan olmur.
Sevginin də ən mötəbəri gözdən oxunandır...
Şair Fikrət Sadıq gözlərindəki ünvanlı-ünvansız sevgilərini götürüb Haqqın dərgahına qovuşdu...
...Daim təvazökar, sakit, sayğılı...
Mənə olan sevgisini çal qaşlarının kölgə saldığı gözlərindən sezmişdim. Kefim kök olanda ani baxır, çətin zamanlarımda əlimi əlində saxlayıb bir xeyli baxırdı – iç kitabımı, can dəftərimi oxuyurmuş kimi baxırdı. Və hər iki halda sevgisi gözümdən yayınmırdı; elə bilirdim ünvanı özüməm...
Çox illər sonra, atamın xatirəsinə yazdığı bu yazını oxuyanda içim isindi – sən demə, Əlfi sevgisi ilə baxırmış mənə, gözlərindəki sevgi məni Əlfi gözündə görmək istəyindən doğurmuş.
Lakin nə xoşbəxtəm ki, Fikrət Sadıqla hər görüşəndə, iki böyük şəxsin qədim və qərəzsiz sevgisindən qovumu alışdırır, içimi qızdıra bilirdim...
Hər görüşəndə, soruşurdu ki, Əlfinin xatirə kitabı nə vaxt çıxacaq, görmək istəyirəm…
İndi ikisi də haqq dünyasındadı. Heyif bu son yazısı ilk dəfə işıq üzü görür
Ölümündən sonra...
İlqar ƏLFİ
Əlifbanın ilk hərfi əlifdir.
Əlfi sözü əlifdən yaranıb.
Mən addan başladım, çünki ad – koddur, qapını açıb girirsən insanın qəlbinə. Nə görürsənsə, orda görürsən.
Bu ikinci yazıdır ki, addan keçirəm mətləbə. Əlfi bu adı ata-anasından və Allahdan alıb qorudu. Gördüyü hər işdə - uşaq çağında, tələbəlikdə, müəllimlikdə, jurnalistikada, yazıçılıqda, dostluqda və ən çox insanlıqda elə Əlif oldu – birinci oldu.
Əlfini düşünəndə, yadıma mütləq ağır müharibə illəri düşür (1941-1945-ci illər). Onda 13 yaşım olardı, bizim evlə üzbəüz bir müəllim ailəsi yaşayırdı. Sadə, mehriban qonşular idi. Ata – müəllim davaya getdi, qayıtmadı. Qara xəbəri gəldi. Ana – müəllimə bu müsibətə dözmədi, üç uşağını bu ögey dünyada yetim qoyub, köçdü. Böyük qızları (təəssüflər ki, adını xatırlaya bilmirəm – üstündən 66 il keçib) oxuduğu orta məktəbdə kitabxanaçı işlədi, özü təhsilini davam etdirə bilmədi, amma kiçik bacı-qardaşını oxutdu. Böyük qızın böyük ürəyinə baxın, siz Allah! Kiçik qardaşı Cavidi (şair adı olduğundan unutmamışam) oxutdu, böyütdü, əsgərliyə göndərdi, qayıdandan sonra ali məktəbə qoydu, mühəndis elədi, Vətənə layiqli oğul, vətəndaş yetişdirdi. Onda mən uşaq ağlımla başa düşürdüm ki, bu çox əzablı bir ömürdür. Böyük qız bu ömrü yaşadı. Yalnız qardaşını evləndirəndən sonra özünü düşündü. Oxudu. Gec də olsa, arzusuna çatdı. Saçları ağarmağa başlayanda isə özünə bənzəyən sadə bir insanla həyat qurdu...
Uşaqlıqdan şeirə, sözə meyilli olduğumdan elə hey fikirləşirdim ki, keşkə gücüm çataydı, böyük bacının çəkdiyi əzabın bircə gününü qələmə alaydım.
Çox-çox sonralar oxuyub gördüm ki, Əlfi Kürdəmirdə olmaya-olmaya, bu ailəni görməyə-görməyə həmin əhvalata bənzəyən bir əsər yazıb. Başdan-başa ibrətli həyat və həyat həqiqətləriylə dolu! Hamı gördü ki, bu əsəri ürəyi yaxınlarına yanan bir adam yazıb. O kitab özünü yaxınlarına, doğmalarına qurban verməyi öyrətdi bizə! Vaxtilə oxucuların əlindən düşməyən o kitab Əlfini aləmə tanıtdı. Mən o illərdən bəri və ondan sonra da heyrət içində çaşıb qalmışdım ki, kişidə, özü də sərt bir kişidə ana ürəyi ola bilərmiş! İnsaf və ədalət etalonu, məhək daşı – mərdliyin ölçü vahidi idi Əlfi!
Kitab nəşrində (Nəşrkomda) işləyəndə görürdüm ki, o, hər addımımızda bizi qoruyur. 60-cıların uğurları onu sevindirirdi. Onların meydana çıxmasında, kitablarının işıq üzü görməsində Əlfinin zəhməti vardı. Əlfi mənim kimi gənc, amma arxa-dayaqsız şairləri çağırır, əsərlərini nəşr planına saldırır, planda olanların kitablarının həcmini artırırdı. Bütün sonrakı müzakirələrdə cavanların müdafiəsinə qalxırdı
Nəşrkomda o, yetim-yesir atası idi. O kitablar işıq üzü görəndə, müəlliflərdən çox Əlfi sevinərdi. Səpdiyin dənin sünbülünü görəsənməkdən də böyük mükafat olarmı? Hər birimizin boynunda Əlfinin haqqı-sayı vardı. Bu yaxşılıqlar İnsan Əlfinin ürəyindən su içmişdi.
O, bu dünyaya yaxşılıq etmək üçün gəlmişdi. Mənə təzə mənzil vermişdilər. Müəyyən səbəblərə görə köçə bilmirdim. Əlfi qonşum idi və bir qonşu kimi də əvəzi yox idi. Bir-iki dəfə soruşdu ki, təzə mənzilinə niyə köçmürsən, mən də hər dəfə təzə bəhanə gətirdim. Bir dəfə də maşın yolladı ki, “köç, xeyir işi ləngitmə”.
Əlfi həm ictimai, həm
də dövlət işində özü
idi. Cəmiyyət də, dövlət də
onun üçün
sadə insanlardan ibarət idi.
Əlfi üçün
insan birinci idi. Bilirdi ki, insan varsa, Vətən də var.
İnsan üçün də Vətən birincidir.
Əlfi qarabağlı idi. Nə yaxşı ki, Topxana hadisələri ondan sonra baş
verdi. Yoxsa
onun məhəbbət
səpən qələmi
od püskürərdi.
O elə anadangəlmə
əsgər idi. Yazdığı ilk şeirin adı
da “Xalq arzusu” olub. Bütün qalan şairlər ilk şerlərini sevgidən
yazıblar. Mən demirəm
ki, o sevməyib – sevib və sevgisi
də ürəyincə
olub. Amma ən böyük sevgisi Yerlə Göyün qovuşduğu
nöqtə olub! Yerin – Qarabağla Şamaxının ən incə çiçəklərindən;
Göyün – Günəşlə
Ayın nur saçaqlarından hörülmüşdü
bu sevgi! İşıqla süslənmiş
ürəklərdə göyərmişdi...
***
İndi
görək Əlfi nə yazıb!
“Adilənin taleyi”
kitabı 60-cı illərin
müntəxəbatlarında əbədi və layiqli yerini tutmuşdu. Bir kitabının adı
“Ulduz karvanı” olub. Görüb ki, yazıb.
“Bir kitabının
adını “Məni qınamayın” qoymuşdu.
İnanmıram onu nədəsə qınayan
adam tapıla.
“Vətən çağıranda” vətənsevərlikdən,
“İnsan qaranquş deyil” və nəhayət, “Toy gecəsi”...
insan, insan, yenə insan və səadətdən bəhs edirdi. Bu adlar altında
toplanan və çap olunan hekayə, povest və romanlar Əlfinin yuxusuz gecələri, düşüncələri
və gələcəyə
yolladığı məktublarıdır.
Adlara fikir verin, görün
bir-birinə necə yaraşırlar. Şairanə
və dolu! Öz ömrü yarımçıq qalsa da (58 il
nədir ki...) yazdıqları dopdolu və bütövdür.
Adətən bu cür yazılarda
portreti çəkilən
yazıçının əsərlərinin
təhlili yox, yaratdığı surətlər,
gördüyü təbiət
mənzərələri, onun
özünün surəti
və təbiəti açılır. Tam olmasa
da, qismən onun əsas məziyyətlərindən danışılır.
Onu olduğu kimi xatırlamaq xəyalın
imkan xaricindədir.
Bütün hüceyrələrindən
həyat fışqıran,
hərəkətlərindən təmkin, hiss və ağıl çağlayan,
ürəyindən mehr-məhəbbət
saçan, sevinənlə
sevinən, ağlayanla
ağlayan, hələ
gənclik çağlarında
müdrikləşən Əlfi
özü bütöv,
sözü bütöv
bir əsatir qəhrəmanı idi sanki.
Üzünün girdəliyi, saçı,
bığı, qaş-gözü,
gözlərindəki günəş
işığı onu
qədim türk döyüşçüsünə - ər oğlu ərə bənzədirdi. Bu yalnız zahiri oxşayış deyildi.
Ürəyi – ürəyinin özəyi,
məqsədi – məqsədinin
cövhəri yüzilləri
keçib gəlmiş
və bizə bu qırımda, bu qılıqda görünmüşdü, əsl-kökünə
sadiq bir övlad kimi.
Dost kimi də əsl idi. Qədim dastanlardakı
dostlar təki, dostlarını özündən
çox istərdi.
Bu xeyirxah, əliaçıq,
comərd insanda dostluğun bütün əlamətləri vardı.
Dostluq onun üçün ünsiyyətin ən vacib vasitəsi olmuşdu.
Deyirlər Tanrı öz dərgahına əvvəlcə
yaxşıları seçib
aparır. Əlfi o seçilmişlərdən idi. Təkcə gülüşü bir dünyaya dəyərdi. Səsi, zarafatları,
yeyib-içməyi təkrarolunmazdı.
Belə bir əminlik var ki, insanları
bir-birindən ayırmaq
üçün barmaq
izlərinə baxılır.
Demə,
dünyaya bu qədər insan gəlib-gedib, heç birinin barmaq izi başqasınınkına
bənzəmir. Amma Əlfinin
tək barmaq izləri yox, yerişi, baxışı,
eyhamı da özünəməxsus və
yalnız özününkü
idi.
İnsan gəldi-gedərdi. Bu, çərxi-fələyin
işidi. Çərxi-fələk kamil bir mühəndis
qurğusudur. Külli-bəşər bir alın yazısının
əlində acizdir.
Mən də acizəm, sən də!
Oğlu İlqarın səbir və məhəbbətlə
bir yerə topladığı şəkillərə
baxdım. Donmuş xatirələr! Şəkillərdə
bir insan ömrü! Amma şəkillər ömür deyil. Əslində təşnə adamın
rast gəldiyi sısqa bulaqdır şəkillər. Gördüklərinə
gördüklərini duyunca
baxanda, sısqa bulaqdan da doyunca
su içmək olarmış! Adam gedir – şəkil qalır. Elə adamı yandıran
da budur.
Qəlbinə yaxın tutduğun
adam haqqında
xatirə yazmaq daş daşımaqdan ağır işdir. Bir də görürsən ki, əsl sözü
deməmisən. Hər sözü
demək olmur.
***
Hayıf
deyildi üzbəüz
oturub söhbət eləmək!
Qarabağı yada salmaq!
Xarı-bülbülü görmək!
Xanın səsini eşitmək!
Burda deyiblər: sən saydığını say, gör fələk nə sayır.
Nə dərinmiş Xəznə dərəsi!
Nə uzunmuş Cıdır düzü!
Nə çəkilməz dərd imiş bu ayrılıq, Allah!
Fikrət SADIQ
Bakı, 2009-cu il
Aydın yol.-2016.-19 noyabr.-S.7.