Macar şeirinin “tənhalığı”

 

Ürəyimdə bir düşüncə

yataqda yastıqlar arasında ölmək.

Tərk edilmiş bomboş otaqda

boşuna tükənmək şam kimi...

Belə ölüm vermə mənə,

belə ölüm vermə, tanrım!

İldırımın parçaladığı, qasırğanın

kökündən çıxarıb yıxdığı ağac olum,

göy gurultusuyla dağdan bir uçqun

kimi düşən qaya olum.

 

Məqsədimiz çağdaş macar poeziyasını incələmək olsa da, XIX əsr macar şairi Sandor Petofiyə məxsus olan bu şeiri təqdim etməklə bəri başdan demək istəyirik ki, bugünkü macar şeirininruhu, intonasiyası, haradasa, elə bu şeirin canındakı tənhalıq motivi üzərində qalmaqdadır.

 

Tənhalığın poeziyası, daha çox, romantizmlə bağlıdır. Bu poeziya, əvvala, kosmik tənhalıqdan – insanın kainata xüsusi missiya ilə gəlişinə inanmasından və bu missiyanı yerinə yetirə bilmədiyinə görə yaşadığı komplekslərdən doğulur. Yəni bu, hər şeydən əvvəl, dünya ilə, yaradılışla daimi konfliktdə təklənmək hissinin poeziyasıdır. Tənhalığın poeziyası həm də şairin sosial tənhalığından – yaşadığı dövrün, cəmiyyətin sosial-ictimai reallıqları ilə ziddiyyətlərdən qaynaqlanır. Bir də mədəni tənhalıq var: sən daşıyıcısı olmadığın dəyərlər sisteminin içindəsən, sən təfəkkür qürbətində yaşayırsan. Macar şeiri bütün dövrü ərzində böyük bir yalqızlıq acısı yaşamış kimi görünür.

 

Çayla yanaşı uzanmışam.

Ulduzlar nizamla düzülüb

çayın sularında və mənim üzümdə.

Bu uzanmış vəziyyətdə

qardaşam, nə ərəm, nə macaram.

Bəs kiməm?

Sadəcə, yorğun adam!

 

Bu misralar isə XX əsr Macarıstan şairi Attila Yozefin şeirindəndir. Həmvətənləri onu XX əsr macar poeziyasının klassiki hesab edirlər. Hər il Macarıstanda poeziya günüaprelin 11-də – Yozefin doğum günündə keçirilir. Macar ədəbiyyatşünaslığında dissertasiyaların əksəriyyəti onun haqqındadır. Bu elmi işlərin həcmi şairin yaradıcılığının həcmindən bir neçə yüz dəfə böyükdür. “Latın Amerikası şeiri” deyəndə Nerudanı, “türk şeiri” deyəndə Nazim Hikməti xatırladığımız kimi, “macar şeiri” deyəndə də yada düşən ilk ad Attila Jozefdir. Hərçənd bu böyük şairin Neruda kimi dünya şöhrəti yoxdur. Heç beş addımlıqdakı Avropa oxucuları da onu yaxşı tanımırlar. Deyəsən, bizim “Biləcəri sindromu” adlandırdığımız problemi macar şairləri də yaşayıblar, yaşamaqdadırlar.

 

Məşhur yazıçı Artur Kestler Attilla Yozefin faciəli ölümü haqqında yazanda məhz bu hissidünya ədəbiyyatından təcrid hissini qabardırdı: “Bəlkə də, bu xalqın yalqızlığıdır, belə dahiləri yetişdirən. Bəlkə də, macar dahilərinin özünütəsdiq iradəsi millətin tənhalığından gəlir. Bəli, Endre Adi, Attila Yozef kimi dahilər kənar dünya üçün lal-kar doğulurlar. Bəlkə, bundan sonra da çoxları bilməyəcək ki, dünyanın indiyədək tanımadığı Attila Yozef böyük Avropa liriki idi”.

 

Bəli, macar tənqidçilərinin “ağrının dahisi” adlandırdıqları Yozefin şeirlərindəki böyük kədər həm xalqının, həm də özünün yaşadığı sarsıntılardan gəlirdi. Söhbət üç yaşında atasını, on dörd yaşında anasını itirən, bütün ömrünü yoxsulluq içində keçirən, bir şeirinə görə universitetdən qovulan, bir fikir ayrılığına görə Kommunist Partiyasından xaric edilən, ömrünün son illərini xəstəliklə çarpışan, otuz iki yaşında özünü qatarın altına ataraq intihar edən bir şairdən gedir.

 

Amma Attila Yozefin poeziyasındakı ağrı yalnız bioqrafik deyil, bəşəridir:

 

Qışqıran mən deyiləm, yer uğuldayır.

Uzan suların duru dibinə,

yapış pəncərə şüşəsinə,

gizlən almazların parıltısı arxasında,

daşlar altındakı böcəklər arasında,

gizlə özünü isti çörək içində.

Boşuna yuyunursan öz içində,

yalnız başqa suda yuya bilərsən üzünü.

Ey maşınlar, quşlar, yarpaqlar, ulduzlar,

sonsuz anamız uşaq istəyir.

Qışqıran mən deyiləm, yer uğuldayır.

 

Demək olar ki, elə macar xalqı da şair xalqdır. Macar şeir günündə ölkənin hər şəhərində, hər kəndində müxtəlif tədbirlər təşkil edilir. Uşaq bağçalarında uşaqlar şeir yazmağa həvəsləndirilir, teatrlarda şeir gecələri keçirilir, dünyanın başqa ölkələrindən Macarıstan paytaxtına qonaqlar axışır, meydanlarda izdiham qarşısında şeir oxunur, macar şairlərinin misraları şüarlar kimi səsləndirilir.

 

Təbii, Avropa coğrafiyasında yerləşən ölkə olaraq, Macarıstanın ədəbiyyatının estetik xəritəsi rəngarəngdir. Macar şeiri XX əsrin əvvəllərində həm romantik idi, həm də realist. Bu istiqamətlərin Ferens Molnar, Viktor Rakoşi, Şandor Brodi kimi nümayəndələri özlərini fransız ənənələrinin davamçıları sayırdılar. Növbəti mərhələ Qərb modernizminin dalğası ilə başlasa da, Macarıstanda sənayenin sürətli inkişafı ilə də bağlıydı. Bu dövrdə “Qərb” jurnalının ətrafına toplaşan modernistlər qrupu xeyli istedadlı şairlər üzə çıxardılar.

 

Son qırx ildə ədəbiyyata gələn şairlərin içində Avropanın modernizm təcrübəsinə söykənən “müasir modernistlər” də var, yeni ədəbi konsepsiyaları folklor elementlərilə, “geridə qalmış” poetik ənənələrlə birləşdirən “klassik modernistlər” də. Ancaq fərqi yoxdur, onların hamısının şeirlərində “həmin tənhalıq hissi” mətndaxili bir ağrı kimi keçir. Məsələn, Macarıstan Yazıçılar Birliyinin sədri, səkkiz şeir kitabının müəllifi Yanoş Sentmartonidən oxuyuruq:

 

yorulur, nə bezirəm,

günlərlə, həftələrlə

sözə forma gəzirəm.

Amma hər an

divarlar qalxır qarış-qarış,

binalar ucalır durğun substansiyadan...

Nəşəyəmsə , kədərəmsə ,

yoxa çıxmağa hazıram,

amma gərək sözdən icazə alam.

 

eyni ağrınıtərcüməyə çətin gələnşeirlər müəllifi kimi tanınan Laura Yankuda da görürük:

 

Sümükləri yığışdırmayın,

onlardan körpü tikəcəyik

Tanrıya gedən yolda...

 

 

 

...Qoynum qorxulara sığınacaq,

boz gözlərin baxışı nohur üstündə duman.

Bir parça səma həmişəki çörəyim,

gözləmə zalı həmişəki evim.

 

Tənhalıq hissibaxımından, bəlkə , çağdaş macar poeziyasının başqa bir nümayəndəsini Yanoş Lasfini istisna saymaq olar. Müasirləri onudaşan enerjiadlandırırlar. Əlbəttə, 20 il ərzində ədəbiyyatda bu həcmdə görmək hər adama nəsib olmur. Yanoş Lasfi təkcə şeir yox, həm hekayə, roman, esse, pyes, uşaqlar üçün nağıl, tənqidi məqalə yazır. Səkkiz şeir, üç nəsr kitabının, uşaqlar üçün on kitabın, iyirmidən çox tərcümə toplusunun müəllifi, otuza yaxın mükafat sahibidir. Üstəlik, universitetdə ədəbiyyat nəzəriyyəsindən tərcümə təcrübəsindən dərs deyir. Macar Tərcüməçiləri Birliyinin yaradıcılarından rəhbərlərindən biridir. Onun yaradıcılığınıçağdaş macar poeziyasının optimizmihesab edirlər: ən adi məqama, ən xırda detala da heyrətlənən, hər şeyə uşaq kimi sevinən poeziya...

 

Elə ki sinəmdə kükrəyir qəzəb

qırıram qab-qacağı

sonra gəzirəm varlığın qırıntıları üstündə.

Elə ki içimə sakitlik gəlir

minlərlə qırıntıdan yığıram özümü.

 

(Şeirlərin tərcüməsi müəllifə məxsusdur)

 

Salam SARVAN

Aydın yol.-2016.-19 noyabr.-S.8.