İnsanların inanc yeri
Uzun müddət ateistliyimizlə öyünə-öyünə dinimizdən, mənəviyyatımızdan uzaq düşüb babalarımızın, nənələrimizin iman gətirdikləri, etiqad etdikləri pirləri, ocaqları az qala unutmuşduq. Bu unutqanlığımız bizi təkcə dinimizdən-imanımızdan ayrı salmamışdı, həm də doğma yurd-yuvamızın tarixi keçmişinin neçə-neçə dəyərli səhifələrini də yaddan çıxartmışdıq.
Elə haqqında söhbət
açdığımız pirlər, ocaqlar
da bu yerlərin ötənindən-dünənindən
soraq verir.
Xəlifə Seyid Əhməd piri
Tarixdən məlumdur ki, XII-XIII əsrlərdə ərəb xilafətinin dağılma dövründə xəlifələr tez-tez dəyişirdilər. Hökmdarlıq taxt-tacında bəzən bir həftə, bircə gün əyləşən xəlifələr də olurdu. Belə xəlifələrin çoxunun gözlərini çıxarır, edam edirdilər.
Bəziləri isə fürsət tapıb ölkədən qaçmaqla amansız cəza və təqiblərdən canlarını güclə qurtara bilirdilər.
İndi türbəsi pir olan Xəlifə Seyid Əhmədin də hakimiyyətindən kənar edilmiş ərəb xəlifələrindən biri olması, qaçıb Azərbaycana pənah gətirməsi güman olunur.
Dildə-ağızda gəzən söz-söhbətlərə görə Xəlifə Seyid Əhməd əvvəlcə Dağbilici kəndinin ətrafında məskən salıb. Lakin dağbilicililər tərəfindən soyuq qəbul edildiyindən incik düşən Xəlifə Seyid Əhməd bir gecənin içində ev-eşiyi, mal-qarası ilə birgə yoxa çıxır. Ertəsi gün kənd camaatı xəlifənin qəfil qeyb olmasından heyrətə və təşvişə düşürlər. Arayıb soraqlayıb xəlifənin yerini-yurdunu öyrənirlər, ayağına minnətə gedirlər, geri dönməsini xahiş edirlər.
Lakin Xəlifə Seyid Əhməd binə tutduğu təzə yurddan bir daha Dağbilici kəndinə qayıtmır, kənd sakinlərinin günahını isə belə bir şərtlə bağışlayacağını vəd edir: mənim ev-eşiyimin yır-yığışına, səliqə-səhmanına qulluq etmək, uçuq-söküyünü düzəltmək qoy sizlərin əcri olsun...
Çox maraqlıdır ki, Xəlifə Seyid Əhməd pirinin divarlarının, torpaq döşəməsinin ağardılması işini indi də bilicililər gorürlər. Bu işi kənar şəxslər yerinə yetirdikdə şirə qopub tökülür, divarlarda qalmır.
Ötən əsrin əllinci illərində Xəlifə Seyid Əhməd babanın məqbərəsi təmir olunarkən oradan küllü miqdarda müxtəlif sənədlər tapılır. Sənədlərdən belə məlum olur ki, həmin yüzilliyin 20-ci illərinə qədər Xəlifə Seyid Əhməd piri bölgədə çox müqəddəs ziyarətgahlardan olub.
Ziyarətgah geniş torpaq, əkin-biçin sahəsinə malik imiş.
Bu niyyət piri yerli daş və ağac materiallarından tikilmiş bir sərdabəli otaqdan ibarətdir. Məqbərənin ətrafında çoxlu qəbir var. Qəbirlərin üstündəki yazılar ərəb dilindədir. Baş daşlarının torpaqda çox dərinə getməsi, sinə daşlarının demək olar ki, batması bu qəbirlərin də, pirin də qədim bir tarixə malik olmasını göstərir.
İllər, əsrlər keçdikcə Xəlifə Seyid Əhməd babanın binə tutub məskən saldığı yurd yeri böyüyüb kəndə çevrilib və bu kənd indi Xəlfələr adlanır.
Şıxzəddin Baba
Şabran-Quba
bölgələrində xalq tərəfindən Şıxzəddin
baba adı ilə tanınan, qəbri ziyarətgaha çevrilən
şəxs Gömür mahalında, Kəlaku
dağının ətəyindəki Puçuq kəndində
dəfn olunub.
Yüz illərdən bəri nəsillərdən-nəsillərə, yaddaşlardan-yaddaşlara köçüb gələn söyləmələrə görə Şıxzəddin babanın uluları Şirvanda islam dinini yayaraq, onun dayaqlarına çevrilən Şam şəhərindən gəlmiş şeyxlər olub.
Tarixdən məlum olan bilgilərə görə Səfəvi hökmdarı I Şah Abbas XVII əsrin əvvəllərində Dağıstana qazavata gedərkən qoşunun süvari hissəsi ilə Şamaxıdan Xaltan dərəsi ilə Kotəh düzünə çıxaraq orada düşərgə salır.
Axşam tərəfi şah Kəlaku dağının ətəyindən işıq gəldi¬yini görür. Hökmdar işıq gələn yerə iki əsgər yollayır, əsgərlər mənzil başına çatıb görürlər ki, şam işığında nurani bir qoca əyləşib Quranın qiraətlə məşğuldur.
Əsgərlər özlərini nişan verib onu şahın hüzuruna dəvət edirlər.
Nurani qoca qiraətini başa çatdırıb:
- Siz gedin, mən də gəlirəm, - deyərək, onları yola salır.
Düşərgəyə geri dönən əsgərlər həmin şəxsi özlərindən qabaq şahın hüzuruna çatmış görürlər, mat-məəttəl qalaraq açıb məsələni şaha ərz edirlər.
Ətraflı tanışlıq zamanı şaha məlum olur ki, qarşısındakı ali ruhani təhsili almış ağzı dualı çox mömün bir şəxsiyyətdir. Və Şah Abbas Şıxzəddin babadan öyrənir ki, o, hətta Allahın izni ilə möcüzə belə göstərməyə qadirdir. Şah Şıxzəddin babadan bir möcüzə göstərməyi xahiş edir. Şıxzəddin baba da şahın qarşısında çatılmış ocaqdan yanar bir kösövü götürüb torpağa sancır və kösöv dərhal yaşıllaşıb yarpaq açır. Bundan sonra I Şah Abbas Gömür mahalında böyük bir yurd yerini ona bağışlayır.
Cəmi Şirvanda Xaltanlı Tağı adı ilə tanınan məşhur el aşığı hələ iki yüz il bundan öncə bu adlı-sanlı, hümmət, səxa yiyəsi, qəbri-məqbərəsi indi pirə, ocağa çevrilən bu nurani şəxsi dildə-ağızda gəzən fəxriyyəsində belə vəsf edir:
Şeyx Əzətdin, Şeyx İbadətdin,
Bəslədiyi dağın dabanına bax.
İbadəti-layiq, mülkü-məlayiq,
Gülzar məqamının gülşəninə bax.
Çünki sakitliyin binasın qurdu,
Ev-otaq tikərək dayanıb durdu,
Təhvilinə keçən xoş çəmən yurdu,
Çəmən çöhrəsinin səhmanına bax.
Qəzada var imiş belə qüdrəti,
Xalqa zahir oldu xətir-hörməti,
Bilqeyisə bərabərdir sifəti,
Kəskin kəlamının ərkanına
bax.
Vəsfini söylədim səxavətinin
Doğma
od-ocağa itaətinin,
Tağı deyər: Gömür
cəmaətinin,
Bəslədiyi Seyiddi-əyyamına bax.
Pir Xəlil türbəsi
Pir Xəlil
baba türbəsi tarixi abidə kimi dövlət tərəfindən mühafizə
olunur.
Gil-gilçay qəsəbəsindəki
təpəlikdə yerləşən
bu türbə XVII Azərbaycan memarlığının
maraqlı nümunələrindəndir. Bu türbədə dəfn edilən Pir Xəlil babanın şəxsiyyəti haqqında
ətraflı məlumat
azdır. Yalnız
ədəbi mənbələrdən
belə məlum olur ki, Pir
Xəlil baba XVII əsrin məşhur sufi dərvişlərindən
olub. Yerli camaat müxtəlif
göz ağrıları
səbəbindən bu
pirin üstünə
gəlir, pirin divarlarına əsgi parçaları bağlayırlar.
Tarixçi alim Məşədixanım
Nemət 1992-ci ildə
Azərnəşrdə çap
olunan “Azərbaycanda pirlər” kitabında yazır ki, “Nadi Əliyyən” duası Qızılburun yarımadasının yeddi
kilometrliyində yerləşən
“Xəlil Baba” piri türbəsinin kitabəsində
yazılıb”.
“Bəktaşiyyə”, yaxud
“Baba Sammit dərvişləri”
cəmiyyətləri ilə
əlaqələndirilən “Nadi Əliyyən” – “Əlini çağır”
duasında deyilir: “Ya Mədəd Əli! Bizim məzhəbimizdə haqq sözü Əlini çağırmaqdır.
Möcüzələr yaradan
Əlini çağır!
Sən onda bəlalardan xilaskarını taparsan.
Ya Məhəmməd!
Sənin peyğəmbərliyin
və ya Əli! Ya Əli!
Ya Əli, sənin vəliliyinin köməyi
ilə bütün qüssə və kədərlər keçib
gedər”.
Pir Xəlil
baba da “Bektaşiyyə” və yaxud “Baba Sammit dərvişləri” cəmiyyətlərinin
üzvü olub. Bu cəmiyyət
sufi təşkilatı
idi. “Beştaşiyyə”
cəmiyyətinin üzvləri
geniş xalq kütlələri ilə
sıx əlaqədə
idilər.
Məşədixanım Nemət adı çəkilən kitabında
göstərir ki, “Səfəvilər özlərinə
düşmən olan sünni təriqətli qonşu dövlətlərinin
ərazilərində – Türkiyədə,
Şirvanda və digər ölkələrdə
sufi təşkilatları
yaradırdılar. Bunların sırasında
uzun müddət fəaliyyət göstərən
“Beştaşiyyə” və
onun qolu olan “Baba Sammit dərvişləri” cəmiyyətlərini
göstərmək olar”.
Pir Xəlil
baba da bu
cəmiyyətlərin ən
tanınmış nümayəndələrindən
biri kimi Şirvan torpağında fəaliyyət göstərib,
vəfat etdikdən sonra dəfn edildiyi türbə pirə çevrilib.
Aydın TAĞIYEV
Şabran
Aydın yol.-2016.-19 noyabr.-S.11.