Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib

 

Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

 

Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.

 

Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokovanın videomüraciəti nümayiş etdirilib.

 

UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida mərasimdə çıxış edib.

 

Daha sonra xatirə şəkli çəkdirilib.

 

Qısa fasilədən sonra açılış mərasimi çıxışlarla davam edib.

 

Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, OANA-nın prezidenti və Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas Erikson, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-Sabah, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, AvstraliyanınPwC” əyləncə və media şirkətinin redaktoru Meqan Brounlou tədbirdə çıxış ediblər.

 

Dünya Xəbər Agentliklərinin Bakı Konqresi işini sessiyalarla davam etdirir.

 

Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

 

Devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan Konqresin sessiyalarında “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

 

Sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, “Los-Angeles Times” qəzetinin, “Al Arabiya” televiziyasının rəhbərləri, “Tripod Advisors”, “News Corp”, “PwC”, “Axel Springer”, “Stibo Accelerator” aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

 

Konqresdə iştirakçı agentliklərin “Xəbər”, “Bayramlar” və “İdman” mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib.

 

Aydın yol.-2016.-19 noyabr.-S.2.