QOBUSTAN - açıq səma
altında muzey
Əcdadların izi ilə
“Qavaldaşı”nın sədası hər bir azərbaycanlının
yaddaşında yaşayır. Bəzilərində
illərlə susmağına, dillənib ruhunu oyatmamasına
baxmayaraq, bu daşın səsi yaddaşımızın bir
küncündə diridir həmişə. Bu səs bizə əcdadların getdiyi yolu–milli
yaddaş sistemimizin başlanğıc nöqtəsini göstərir.
“Qavaldaşı”ndan qopan səda bizimlə birgə
yol gedir və sonda yaddaşımızın Vətəni olan
Qobustan qayalarına qovuşur.
1981-1994-cü ildə Qobustanda tədqiqatlar aparan məşhur
Norveç səyyahı Tur Heyerdal qayalardakı təsvirləri
görəndən sonra əlini göyə qaldıraraq, “mən
artıq təslim oldum, buralar nəhəng sivilizasiyanın
beşiyidir”, deməklə yaddaşımızın daş Vətəninin
qədimliyini və bəşəriliyini təsdiqləmiş
oldu. Əslində, Qobustanda aşkar edilən 6000-dən
artıq qayaüstü təsvir, 20 mağara və
yaşayış yeri, 40 kurqanın hər biri
ayrı-ayrılıqda səsdir, sədadır. O səslərin
qorunduğu Qobustan Dövlət Tarix və Bədii Qoruğu
2007-ci ildən UNESCO-nun Ümumdünya İrsi
siyahısında yer alır. Yaddaşımızın
SƏSini artıq UNESCO qoruyur.
Muzeyin ərazisi
3096 hektardı, 3 böyük dağın -
Böyükdaş, Kiçikdaş və
Çıngirdağ-arasında yerləşən eksponatlar
bura gələnləri tarixin sehrinə salır. Ərazi ilk dəfə 1941-ci ildə böyük
arxeoloq İshaq Cəfərzadə tərəfindən kəşf
edilib. Lakin müharibənin
başlanması alimin işlərini yarımçıq qoyub.
Yalnız 1947-ci ildə tədqiqatlarına davam
edən arxeoloq elmi axtarışların nəticəsi olaraq
750 qaya üzərində döymə, qazma və sürtmə
üsulla çəkilən 3500-dən artıq insan və
heyvan rəsmi və müxtəlif işarə yazılar –
petroqliflər qeydə alıb, 20 qayaaltı
sığınacaq aşkarlayıb.
Həmin
təsvirlərin rəmziliyi və tarixi-mifoloji cəhətdən
vacibliyi haqqında az sonra ətraflı
danışacağıq. Hələlik isə, Qobustandakı
iki sirli eksponat-qaya parçasından - “Günəş
saatı” və “Qavaldaş”dan söz açaq:
Əcdadlarımız “Günəş rəsədxanası”
və ya “Günəş saatı” adlanan qayadan bir növ
astronomik cihaz kimi istifadə ediblər. Qədim insanlar ili hər
biri 40 gündən ibarət 9 aya bölüb ki, bu işdə
onlara “Günəş saatı” yardımçı olub. Bundan əlavə, Qobustan qayalarında
işıq-kölgə prinsipi ilə işləyən “Qnomon
təqvimi” dünyada bənzəri olmayan ən mükəmməl
təqvimlərdən biridir və Neolit dövrünə aid ən
böyük tapıntılardan sayılır.
“Qavaldaş” adlanan daş musiqi qurğuları qədim
qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Onun çox müdhiş
sirri var: təpənin döşündə yastıq kimi iki
iri daşın üstündə üçüncü
yastı daş qoyulurdu. Alt daşlarla üst
daş arasında boşluq olduğundan dərə ilə cərəyan
edən hava axını bu boşluqdan keçdiyi
üçün kiçicik toxunuş belə “Qavaldaş”da
yüksək səs yaradırmış.
Möhtəşəm musiqi qurğuları indinin
özündə də yerlərindədir və
quruluşları, qeyri-adi səsləri ilə qoruğa gələnlərin
diqqətinə və heyrətinə səbəb olur.
Qayadakı təsvirlər - gizli
simvollar
Qədim Qobustan sakinləri miras qoyduqları təsvirlərdə
xüsusi informasiyaları da şifrələyiblər. Min illərlə
bir-birinin ardınca gələn nəsillər tərəfindən
təxminən min qayada çəkilən 4-5 mindən
artıq heyvan, insan şəkilləri, həyati macəralar,
ov və rəqs səhnələrinin hər biri həm də
batini informasiya daşıyıcısıdır. Misirşünas
alim, qədim və batini yazılı mənbələr
üzrə araşdırmaçı Firudun Kərimovun
sözlərinə görə, o təsvirlərin hər biri
qədim sivilizasiyaya aid şifrələrdir:
“Qobustan Azərbaycanın şüurlu insan məskəni
olmasına bir sübutdur. Buradakı rəmzlər
bizim kamil xalq olmağımıza bir dəlildir. Qobustan haqqında demək olar ki, yazmamışam.
Çünki bu kamilliyin primitiv şəkildə
insanlara çatdırılması olardı. Batini mənada bütün qədim yazılar, o
cümlədən Qobustandakı təsvirlər çətinliklə
çözülə bilən rəmzlərdir. Allahın bu dünyada gördüyü işlər
qədim yazılarda daha geniş və daha izahlı verilib.
Ona görə Qobustandakı qayaüstü rəsmlər
sufilər üçün, müəyyən fikirləri
çatdırmağın sadə üsulu kimi başa
düşülür. Buradakı qayıq - Ra-Omon yəni,
Rəhman, Allahın göy sularında, yəni, ilkin materiyada
yaratdığı “qeyb aləmi”nin rəmzidir.
Qayığın ucundakı Günəş isə
Ra Omon-Rəhman, Allahın öz obrazıdır.
Öküz də həmçinin Allahın göydə
yaratdığı “qeyb aləmi”nin digər
rəmzidir.
Ümumiyyətlə,
sufi məntiqinə görə, dünyada
yalnız mütləq varlıq olan Ali Haqq
yaradıcılıqla məşğul olub. Hər
şey Mütləq Haqqın təzahürü olduğu kimi,
insanla bağlı bütün yaradılış da onunla vəhdətdə
olan Allaha məxsusdur. Yer üzündəki
bütün maddi və mədəni abidələrdə hər
şey məhz tək Allahın fəaliyyətinə həsr
olunub. “Qobustan” sözünün
özü də açılışa ehtiyacı olan rəmzdir.
Bu simvol “qobu” və “stan” rəmzlərindən
yaranaraq, “Qeyb aləminin ölkəsi” mənasını verir.
“Stan” rəmzi
həm də qədim Misirdə dörd ünsürə - od, su, hava, torpaq-asanlıqla keçən ilkin
materiyanı - İlahı bildirir. Başqa
sözlə, Qobustan dirilik suyundan yaradılan Qeyb aləmi,
ruhlar dünyası - cənnət deməkdir”.
Qobustanı
rəmzlərin dili ilə qiymətləndirən F. Kərimovun
sözünə qüvvət olaraq deyək ki, buradakı
qayalarda ən çox qayıq təsvirləri var. Batini
yazılarda “qeyb aləmi”nin rəmzi
sayılan qayıqlar Qobustan qayalarında müxtəlif forma və
vəziyyətlərdə təsvir edilib. Təəssüf
ki, adlı-sanlı alimlərimiz belə Qobustan
qayalarındakı qayıq təsvirlərini yalnız
ovçuluq, balıqçılıq vasitəsi kimi dəyərləndirirlər.
Guya, Şumer, Mesopotamiya sivilizasiyasından
da qədim Qobustanda qayıq yalnız ovçuluq predmeti olub. Batini yazılara inansaq, Qobustan sakinlərinin inanc
sistemində qayıq müqəddəs idi. Alimlər
Qobustandakı 29 saylı qayadakı səhnəni təxminən
bu cür oxuyublar: qayıq səfərdən uğurla
qayıdıb. Sahildəki adamlar sevinclərini,
şadyanalıqlarını rəqs edərək bildirirlər.
Bu izah sırf məişət müstəvisindədir.
Batini mənada isə səfərdən
qayıdan qayıq qeyb aləminə var olmağın nişanəsi
kimi göstərilib.
Qobustan və Qədim türklər
AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı,
professor Güllü Yoloğlu isə
Qobustan məfhumuna sırf türkoloji və etnoqrafik aspektdən
yanaşır. Onun sözlərinə görə, hazırda
Qobustanda qorunan eksponatlar, qayaüstü rəsmlər qədim
insanların Xəzər dənizinin sahillərindən Mərkəzi
Asiyaya və Sibir ərazilərinə getmə faktını
söyləməyə imkan verir: “Qobustan Dövlət Tarix və
Bədii Qoruğu dünya əhəmiyyətli abidələr
siyahısına daxildir. Orada tarixin bir deyil,
müxtəlif dövrlərinə aid vacib faktlara rast gəlmək
mümkündür. Qayaüstü rəsmlərdən
görmək olar ki, müxtəlif dövrlərə aid
olmasına baxmayaraq, xalqın inanc sistemi dəyişməz
qalıb. Qobustan türk
dünyasının inanc sisteminin ilkin tədqiqat obyekti kimi
çox vacib məkandır. Qayaüstü
rəsmlərdə bir çox bitki və heyvan növləri
təsvir olunub ki, hazırda onların kökü tamamilə kəsilib.
Onları tədqiq etməklə, Azərbaycanda
baş verən iqlim dəyişiklərini də
müşahidə etmək mümkündür.
Qobustan qayalarındakı təsvirlərin hər biri
ayrı-ayrılıqda rəmzdir, ayrı-ayrılıqda
tarixi bilgidir.
Sibirdə tədqiqat işi apararkən mənə
məlum oldu ki, oradakı təsvirlərlə Qobustan və Gəmiqaya
(Naxçıvan) rəsmləri çox oxşardılar.
Lakin Qobustan qaya təsvirləri onların ən
qədimidir. Bu fakt onu göstərir ki, qədim
insanlar Şərqdən Qərbə köç edərək,
mədəniyyətlərini həmin ərazilərə də
yayıblar. Sovet arxeoloqu professor
Leonid Szlatov qeyd edib ki, qədim insanların böyük
köçü Şərqdən Qərbə olub. Xəzər
sahillərində yaşayan insanlar Sibiryanı ərazilərə
gələrək buradakı insanlara əkinçilik,
maldarlıq, sənətkarlıq bacarıqlarını
aşılayıblar. O vaxta qədər isə bu ərazilərdə
yaşayan qədim insanlar yalnız ovladıqları
balıqlarla, arı pətəklərində qalan ballarla,
cır meyvələrlə qidalanırmış. Szlatov türk etnosuna qarşı müsbət fikri
ilə seçilən alim deyil. Hətta
hunların türk olmasına şübhə ilə
yanaşır. Amma qədim dövrdə
insanların ilk olaraq bu ərazilərdən qərbə tərəf
köçdüyünü etiraf etməyə məcbur olub.
Tur Heyerdal və Qobustan
1981-1994-cü illərdə Qobustanda tədqiqatlar aparan
Norveç səyyahı Tur Heyerdal buranı qədim
sivilizasiyanın beşiyi adlandırıb.
Heyerdal əvvəlcə onu müşahidə edən
yerli tədqiqatçılardan “dünyada qaya təsvirlərində
əksini tapan qayıqların yaşı 3500 ildən
çox deyil, bəs niyə sizinkilərin sorağı səkkiz
minillik öncədən gəlir?” - deyə
soruşur. Ona qayaların dibindən aparılan arxeoloji
qazıntılardan aşkar edilən təsvirləri göstərəndə
məşhur səyyah sevincdən əllərini
qaldırır: “Bax, mən təslim. Bu qaya təsvirləri
dünya mədəniyyətinin beşiklərindən olan Beynəlnəhrdən
də qədimdir. Görünür, Azərbaycan
da belə qədim ocaqlardan olub. Bu
yadigarlardan sonra daha şübhəyə yer yoxdur”,
cavabını verir.
Qobustan və
“UFO”-lar
Qobustanın daha bir sirli tərəfi isə qədim
insanların ilk dəfə məhz burada yadplanetlilərlə əlaqə
yaratma versiyasıdır. Doğrudur, versiya o qədər
inandırıcı görünməsə də, Türkiyənin
bir neçə nüfuzlu televiziyasının araşdırma
qrupu hələ 1990-cı illərin əvvəllərində
məsələ ilə bağlı proqram hazırlayaraq,
İsveç və Fransa mətbuatı səhifələrində
bu mövzuya yer ayırmışdı. Fərziyyələrə
görə, 1958-ci ildə Bakı Dövlət Universitetinin
bir qrup alimi Qobustan ərazisində apardıqları
araşdırmalar nəticəsində maraqlı nəticələr
əldə edir. Onlar bəzi təsvirlərdəki
gizli rəmzləri, şifrə və sirləri ilk dəfə
gördüklərindən araşdırmaları raport
halına salaraq, Mərkəzə - Kremlə yollayırlar.
Araşdırmalar SSRİ-nin o zamankı rəhbəri
Nikita Xruşşovu çox maraqlandırır. Xruşşov təcili şəkildə həmin ərazidə
yenidən tədqiqatlar aparılmasını və raportda qeyd
olunan gizli məsələlərin
aydınlaşdırılmasını tapşırır.
İsveçdən də mütəxəssislər
cəlb olunur. Aparılan
araşdırmaların nəticələri Avropadakı
laboratoriyalara göndərilir. İsveç
alimləri bəzi təsvirlərin fəzalılar və
onlara aid gəmilər olduğunu raport şəkində Kremlə
göndərir. Bundan sonra Xruşşovun əmri
ilə SSRİ “KQB”-si Qobustanı tədqiqatlar
üçün qapalı zona elan edir. Yerli
alimlərə xüsusi göstəriş verilir ki, bu barədə
heç yerdə nəsə danışmasınlar. İsveç alimləri isə ölkələrinə
qayıtdıqdan sonra müəmmalı şəkildə
öldürülür.
Elmin NURİ
Aydın yol.-2016.-26 noyabr.-S.10.