““Nigarançılıq”dan
qəti nigaran deyiləm”
“Aydın
yol” “Uğurlu əsərlər” rubrikasında bu dəfə
1998-ci ildə ekranlaşdırılan
“Nigarançılıq” televiziya tamaşası haqqında söhbət
açacaq. Böyük maarifçi Cəlil Məmmədquluzadənin
hekayələrinin motivləri əsasında çəkilən
“Nigarançılıq” bu gün də tamaşaçı tərəfindən
sevilə-sevilə izlənilir. Yaşar Nuri, Telman
Adıgözəlov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov,
Aleksandr Şarovski, Hacı İsmayılov, Rafiq Əzimov, Sənubər
İsgəndərli, Yasin Qarayev, Ağaxan Salmanlı kimi
aktyorların rol aldığı ekran əsərinin ssenari müəllifi
Anar, quruluşçu rejissoru isə Ramiz Həsənoğludur.
Bugünlərdə Prezident təqaüdünə
layiq görülmüş Xalq artisti Ramiz Həsənoğlu
bizimlə söhbətdə “Nigarançılıq”ın
yaranma tarixindən tutmuş, çəkiliş zamanı
baş verən maraqlı hadisələrə qədər hər
şeydən danışıb:
- Ramiz
müəllim, öncə bu televiziya tamaşasının
yaranma tarixçəsinə nəzər salaq...
- “Nigarançılıq”ın yaranma ideyası Xalq
yazıçısı Anara məxsusdur. Ortada ssenari
olmayanda belə, onunla müxtəlif vaxtlarda
görüşüb, bu məsələ ilə bağlı
məsləhətləşirdik. Haradasa, 1990-cı illərin
ortaları idi,
günlərin bir günü Anar ssenarinin ilkin
variantını mənə təqdim etdi. O zaman başım
“Fatehlərin divanı” teletamaşasına
qarışmışdı. Bu səbəbdən əvvəlcə
həmin ssenari ilə məşğul ola
bilmədim. “Fatehlərin divanı”nı bitirəndən sonra
bütün diqqətimi ona yönəltdim. Həmin ərəfədə “Ailə” filminə də
quruluş verirdim deyə, müəyyən çətinlik
yaşamalı oldum. Çox gərgin iş rejimində
çalışdım. İkiyə
parçalanmışdım, elə gün olurdu ki, 4 saat da
yatmırdım. Məcbur olub bəzi səhnələri
gecə çəkirdik. “Nigarançılıq”ın
yaranma tarixindən danışanda ən çox yadımda
qalan bu çətinliklərdi. Amma bütün bunlar 20 il əvvəl olub, o zaman daha gənc və
enerjili idim. Düzü indi gənc olmasaq da,
yaradıcı istəyimiz əvvəlkindən çoxdur...
- Teletamaşada böyük
maarifçi Mirzə Cəlilin ruhunu qoruyub saxlamağa nə dərəcədə
nail ola bildiniz?
-
Tamaşa böyük yazıçı Cəlil Məmmədquluzadənin
4 hekayəsinin – “Quzu”, “Nigarançılıq”, “Qurbanəli bəy”
və “Şeir bülbülləri”- motivləri əsasında
çəkilib. Onları bir-birilə əlaqələndirmək
və konkret ideya ətrafında cəmləmək
ssenariçidən ustalıq tələb edirdi ki, Anar bunun öhdəsindən
məharətlə gəldi. Mənə Mirzə
Cəlili o sevdirdi. Anarla söhbətlərdən
sonra böyük maarifçinin bütün əsərlərini
sevə-sevə oxudum.
Əvvəllər də, evimizdə “Molla Nəsrəddin”
jurnalının orijinal nömrələri var idi, onları
tez-tez vərəqləyirdim. Bilməzdim ki,
yaşımın hansısa dönəmində və bu
işləri görəcəyəm. Ümumiyyətlə,
yaradıcılığımda Mirzə Cəlil irsi xüsusi
yer tutur.
Çox
gözəl komanda yığdıq: quruluşçu operator
Adil Abbasov, bəstəkar Cavanşir Quliyev, quruluşçu rəssam
Rafael Əsədov idi. Bir də təbii ki, güclü aktyor
heyəti... Mirzə Cəlilin 4 hekayəsi
bir-birinə ustalıqla hörülmüşdü, aktyorlar
da personajları məharətlə canlandırdılar deyə,
bu “hörgü”nü daha da bərkitdilər. Böyük
ustadın yaradıcı ruhunu bunların sayəsində
qoruduq. Bu səbəbdən
“Nigarançılıq” indi də sevilir, hər bayramda efirdə
göstərilir. Bəzən rejissorun elə işi olur
ki, ona sonradan baxanda hansısa detala görə xəcalətlənir,
“filan kadrı başqa cür çəkmək olardı”,
deyir, amma indi də “Nigaranaçılıq”dan necə deyərlər,
qəti nigaran deyiləm.
- Teletamaşanın ötürmək
istədiyi əsas ideya, ismarıc nədən ibarət idi?
- Mirzə Cəlil hekayələrində elə dərin
mövzulara toxunub ki, onların motivləri əsasında
çəkilən televiziya tamaşasında hansısa konkret
ideyanı qabartmaq, önə çəkmək mümkün
deyil. Mirzə Cəlil sadəcə, cəmiyyətə
ayna tuturdu və orada hər kəs özünü
görürdü. Biz isə o aynanın arxasından Mirzə
Cəlilin ağrılarını hiss edirdik. O, milli
mentallığın çatışmayan tərəflərinin
ağrılarını yaşayırdı. Bu
onun hər hekayəsində özünü göstərir.
“Nigarançılıq”a baxanda hər
tamaşaçını “Bu bizik”, “Niyə beləyik?”,
“Başqa cür ola bilərikmi?” sualları
düşündürməli idi. Sənətkarlıqla
yazılan hər əsərdə insan özünü
görür, müəllifin arzuladığı ideyalara
yaxın olmaq istəyir. Həmişə
rejissorun əsas fikri, ideyası məsələsindən
danışanda çətinlik çəkirəm. Əsər ideyaların qovşağıdır, hər
tamaşaçı oradan fərqli-fərqli nəticələr
çıxara bilər.
Bu mənada Mirzə Cəlil əksər
yazıçılarımızdan fərqlidir. Çünki
onda olan ağrı heç kəsdə yoxdur. Bu xalq
durduqca o da aktual olacaq, ona görə ki, millətin
mentallığı illərlə deyil, yüzillərlə
ölçülür. Mirzə Cəlillə təmizlənmək,
onunla maarifçi ideyalara köklənmək şəxsən
mənə sənətdə ayaq üstə durmağa imkan
verib.
- “Nigarançılıq”da
insanı ekrana pərçimləyən xüsusi və
qeyri-adi cazibə var. Bunun əsas sirri nədədir?
- Burada
bir sirr var – o tamaşaya baxanda adam
özünü xalqın içində hiss edir. Tamaşaçı “mənim də içimdən
bu keçirdi, mən də onu deyirdim”, fikirləşir.
Bu təkcə rejissor-ssenariçi işinin
ustalığı deyil, daha çox Mirzə Cəlil ruhunun təzahürüdür,
onun energetik aurasıdır. Biz də o auranın
arxasınca gedirik...
- Sizcə, çağdaş Azərbaycan
cəmiyyəti Mirzə Cəlil hekayələrinin içindən
niyə çıxa bilmir?
-
İndiki cəmiyyətlə, yüz il
bundan əvvəlki cəmiyyəti müqayisə etmək
olmaz. Texnikanın bu dərəcədə
inkişafı təbii ki, insanları dəyişdirib. Amma bunun mənfi tərəfləri də
çoxdur. İnsan adilikdən ülviliyə
doğru getməlidir. Bu yol isə
insanın yaşadığı ağrılardan keçir.
Biz nə qədər çox o əsərləri
oxusaq, nə qədər çox ağrılardan keçsək,
bir o qədər İNSANıq. Katarsis hissi
sanki insan üçün bir termometrə çevrilir və
müəyyən edir ki, sən cəmiyyətdə baş verənləri
necə qəbul edirsən, onlara necə reaksiya verirsən.
Bu əsərlər ona görə sevilir və
baxılır ki, hər zaman müasirdir.
- Televiziya tamaşasının çəkiliş prosesində
nə kimi maraqlı hadisələr
yaşanıb?
- Çəkiliş
meydançası bir laboratoriyadır. Çəkiliş
prosesində dramatik və komik səciyyəli hadisələrin
baş verməsi təbiidir. Yadımdadır,
əsas personajı – Qurbanəli bəyi Səyavuş Aslan
oynamalı idi. Biz məşqləri
qurtarmışdıq, çəkilişlərə
başlayanda Səyavuş Aslanın səhhətində ciddi
problemlər yarandı. Ondan sonra baş
rola Yaşar Nurini dəvət etdik.
Haşiyəyə
çıxaraq deyim
ki, belə hadisə
mənim başıma bir dəfə də gəlib:
“Ordan-burdan” tamaşasında Salman bəyi Səyavuş Aslan oynayırdı.
Məşqləri bitirmişdik, artıq çəkilişlər
gedirdi. Salman bəyin evinin
dekorasiyasını quranda Səyavuş Aslanın böyrəyində
ciddi ağrılar yarandı, çəkilişdən
uzaqlaşmalı oldu. Çətin duruma
düşdük. Qəfil ağlıma gəldi
ki, Şəki teatrının rejissoru Cahangir Novruzov
Bakıdadır, onu dəvət edim. AzTV-nin
o zamankı rəhbəri Elşad Quliyevlə məsləhətləşdim,
fikrimi dəstəklədi. Beləliklə, bu gün hamının
çox sevdiyi Salman bəylə bağlı çəkilişlər
cəmi 6 günə tamamlandı. Yəni,
artıq bu təcrübəni keçmişdik. “Nigarançılıq”da
Səyavuş Aslanı Yaşardan başqa əvəz edə
bilən ikinci aktyor görmürdüm. Yaşar
tamaşada başqa rolda idi, amma məlum hadisədən sonra
Qurbanəli bəyi ona həvalə etdik. Bir
məqamı da deyim ki, “Nigarançılıq”da rus dilində
olan dialoqlar əvvəlcə Azərbaycan dilində idi, Anar
ssenaridə o cür yazmışdı. Amma
təklif etdim ki, həmin dialoqları rus dilində verək.
Bunun iki səbəbi vardı: Rus-Dram Teatrının
aktyorlarını – Hacımurad Yegizarov, Aleksandr Şarovski, Məbud
Məhərrəmov və başqalarını dəvət
etmişdik deyə, rusca dialoqlar
onlar üçün daha əlverişli idi. Əsas səbəb isə, Qurbanəli bəyin rusca
danışmağa cəhd etməsi və bunun fonunda gülməli
situasiyanın yaranması idi.
- Yaşar Nuri Qurbanəli bəy rolunun
öhdəsindən necə gəldi, komik situasiyaları istədiyiniz
kimi canlandıra bildimi?
-
Yaşar doğrudan da,
Azərbaycan səhnəsinin təkrarolunmaz
simasıdır. Onun elə gözəl vaxtları olub ki... Yadımdadır, “Ordan-burdan”, “Evləri köndələn
yar” çəkiləndə o,
yaradıcılığının zirvəsində idi.
O vaxtlar hər şənbə radiodan “Sabahınız xeyir”
proqramı gedəndə bütün işi-gücümü
atıb Yaşara görə 45 dəqiqəlik proqramı dinləyirdim.
Yaşar bu cür aktyor idi. Zəngin
palitraya malik idi. Xatırlayıram,
“Qonşu qonşu olsa” televiziya tamaşasında Yaşar 14
personajı canlandırdı. O tamaşada bir növ Yaşarın
benefisini etdik. Burda
da rolunun öhdəsindən məharətlə gəldi.
Onunla yanaşı, Kəblə Qasımı
canlandıran Hacı İsmayılovun da oyununu çox bəyəndim.
O, Akademik Milli Dram Teatrında “Sizi deyib gəlmişəm”
tamaşasında Məhəmmədhəsən əmini də
böyük ustalıqla canlandırıb. O zaman mərhum anam
da həmin tamaşada çıxış edib. Bu gün həmin
tamaşanı xatırlayanda kövrəlirəm.
- “Nigarançılıq”da ictimai
ismarıclar, müəyyən replikalar çoxdur. Bununla
bağlı nə kimi problemlərlə üzləşdiniz?
- “Nigarançılıq” hazır olandan sonra ilkin
baxış keçirildi. Rəhbərlik
televiziya tamaşasına baxanda bəzi məqamlardan narazı
qaldı. Dedilər, həmin epizodları
yığışdır. Bu, hansılar
idi? Demək, əsərin əvvəlində Sənubər
İsgəndərli uşaqlara “çırt-çırt
quşunun rəvayəti”ni
danışır. Bu ssenaridə yox idi, Kamil Vəli
Nərimanoğlunun kitabından götürüb Anara təklif
etmişdim ki, əsərə daxil edək.
Çünki həmin əfsanənin ötürdüyü
sosial mesaj – başqasının hesabına irəli getmək,
nəyəsə nail olmaq Mirzə Cəlil ruhuna yaxın idi. Bununla
bağlı narazılıq etdi. Axırda
dedilər ki, aktrisa rəvayəti danışan zaman titrləri
ekrandan yığışdır. Belə də etdim,
amma ondan sonra rəvayətin
sosial replikası daha qabarıq hiss olundu. (gülür)
İkinci detal tamaşanın proloqu ilə bağlı
idi. Yadınıza gəlirsə, proloqda naçalnikin
evində nökərlər süfrə salır. Bu məqamda iri planda Ay görünür və
sonradan süfrəyə çevrilir, süfrənin də
üzərində bir anlıq Azərbaycan xəritəsi təsvir
olunur. Burada çox ciddi sosial-siyasi detal
var idi. Bu tapıntım özümə də
xoş gəldi. Dedilər ki, onları
yığışdır.
Axırda isə, tamaşanın sonunda Cavanşir Quliyevin Mirzə Ələkbər Sabirin sözlərinə bəstələdiyi mahnını çıxarmağı istədilər. Bircə onu dedim ki, çıxararam, amma tamaşadan öz adımı da götürürəm. Bundan sonra yumşaldı...
- Ramiz müəllim, yenidən Mirzə
Cəlil yaradıcılığına qayıtsanız,
hansı əsərini ekranlaşdırmaq istərdininiz?
- Çox istərdim ki, “Danabaş kəndinin əhvalatları”nı işləyim. Povesti film kimi, tamaşa kimi
hazırlayım. Hər dəfə o əsərin
finalını oxuyanda kövrəlirəm. Material sənə geniş meydan açanda, ciyərlərini
yaradıcı nəfəslə tam doldura bilirsən.
“Danabaş kəndinin əhvalatları” məhz elə əsərlərdəndir...
Elmin NURİ
Aydın yol.-2016.-26 noyabr.-S.6.