II Nikolayın
sevimli xanı
Bu günlərdə Rusiyanın
Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak Kadet Məktəbində Rusiya İmperiyasının
general-adyutantı olmuş
Hüseyn xan Naxçıvanskiyə büst
qoyulub.
...1917-ci il martın
2-də Rusiya İmperatoru
II Nikolayın taxt-tacdan
imtina etməsi barədə fərmanı
ildırım sürəti
ilə yayıldı.
Son günlər “Rusiya məhvə sürüklənir, cənablar!”
ifadəsi çar məmurlarının və
generalların dilindən
düşmürdü. Ölkəni
cənginə almış
inqilab xaosu hər şeyi alt-üst etmişdi. Lakin heç kim inanmaq
istəmirdi ki, 300 il hakimiyyətdə olmuş Romanovlar sülaləsinin sonu bax beləcə, fərmana atılmış
bir imza ilə gələcək. Rusiya üçün bu çətin məqamda imperatora sadiq olanlar hər vəchlə Nikolayı bu qərardan çəkindirməyə çalışırdı.
Teleqramların ardı-arası
kəsilmirdi...
1916-cı
il aprelində
İmperatorun yaratdığı
qvardiya süvari korpusunun komandiri təyin edilmiş Hüseyn xan Naxçıvanski də bu çətin məqamda çara teleqram göndərməyi
qərara aldı. Onun başçılıq etdiyi
hərbi hissə Rovno
rayonunda ehtiyat qüvvə kimi saxlanılırdı. O, elə
indicə tabeliyindəki
zabitlərlə görüşmüşdü,
çarın fərmanı
şəxsi heyət arasında çaşqınlıq
yaratsa da, əhval-ruhiyyə yüksək
idi və hamı imperator uğrunda
son damla qanadək vuruşacağını bildirirdi.
İndi qərargahdakı yazı masasının arxasında
əyləşmiş Hüseyn
xan çox dalğın görünürdü. İmperatorla onu həm də
sıx dostluq telləri birləşdirirdi.
Onlar sonuncu dəfə 1917-ci il yanvarın 28-də
görüşüb səmimi
söhbət etmişdilər.
II Nikolay hələ
onda ölkəni gözləyən təhlükəni
duymuş, düşüncələrini
Hüseyn xanla bölüşmüşdü.
- Hörmətli xan. Siz də yaxşı bilirsiniz ki, Rusiya xarici düşmən
ordularının məngənəsində
sıxılır. Bir tərəfdən
də daxili çəkişmələr, parçalanmalar.
Bolşeviklər pusquda dayanmış
xain kimi hər an arxadan zərbə endirməyə
hazırdırlar. Bütün bu
bəlalar rus xalqını uçuruma sürükləyir. İmperiyanı
ağır sınaq gözləyir...
- Əlahəzrət, ordu sizə sadiqdir, əsgər və zabitlər hər an əmrinizi yerinə yetirməyə hazırdır. Rusiya düşmən qarşısında
heç vaxt əyilməyib, təslim olmayıb! Biz buna yol vermərik!
- Bu sözləri sizdən eşitmək çox xoşdur, əziz dostum. Qafqazlılara xas yenilməz
qətiyyətiniz məni
ürəkdən sevindirir.
Əminəm ki, sizin kimi sərkərdələrin
rəhbərlik etdiyi ordu heç vaxt məğlub olmayacaq!
İmperator azərbaycanlı generala dərin rəğbət bəsləyirdi. Deyilənlərə görə, Hüseyn
xan II Nikolayın ən “sevimli xan”ı” imiş. Çar öz gündəliyində onun haqqında çox səmimi sözlər yazmışdı: “Ənənəvi
görüşlərdən sonra müharibədə əlindən yüngül
yara almış Hüseyn xan Naxçıvanskini qəbul
etdim. O, bizimlə səhər yeməyi yedi və maraqlı
şeylər danışdı.
Artıq
sağalıb və yeni süvari korpusunu qəbul etmək üçün gedir”.
Nəhəng bir imperiyaya rəhbərlik edən bir şəxsin hörmətini qazanmaq heç də asan məsələ deyildi. Amma H.Naxçıvanski Romanovlar sülaləsinin etibarını döyüş
meydanlarındakı şücaəti
və məharəti ilə qazanmışdı.
…Tanınmış sərkərdə
Hüseyn Xan Kalbalı xan oğlu Naxçıvanski
28 iyun 1863-cü ildə
Naxçıvanda doğulmuşdu.
O, Kalbalı xan Naxçıvanskinin oğlu,
Ehsan xan Kəngərlinin nəvəsi
idi. 15 yaşında
Peterburqdakı Paj korpusu məktəbinə daxil olmuş, 1881-ci ildə oranı əla qiymətlərlə
bitirdikdən sonra çarın xüsusi süvari qoşununda xidmətə başlamışdı.
Rus-yapon müharibəsi başlananda
polkovnik Hüseyn Xan Naxçıvanski Port Petrovski şəhərinə
2-ci Dağıstan süvari
alayını təşkil
etmək üçün
göndərilir. Yaponların Landunqou yaxınlığında
hücumunu dayandıraraq
əks hücuma keçdiyinə görə
Hüseyn xan 4-cü dərəcəli “Müqəddəs
Georgi ordeni” ilə təltif olunur.
Müharibədən sonra Hüseyn xan 44-cü Nijqorod Draqun alayının komandiri, 1906-cı ildə
isə əlahəzrət
imperatorun yanında fliqel-adyutant vəzifəsinə
təyin olunur. Bir il sonra
Naxçıvanski general-mayor rütbəsi alır.
I Dünya
müharibəsi başlayanda
artıq həmyerlimiz
ordunun sayılıb-seçilən
general-leytenantı idi.
O, 2-ci süvari korpusun
komandiri təyin olunur. Bu korpusun
tərkibində “İmperatorun
2-ci qılıncı” adlı
məşhur süvari
diviziyası da vardı. Komandiri olduğu korpusla çətin döyüşlərdə
fərqlənən Hüseyn
xan 1915-ci ildə “Qılınclı ağ qartal” ordeninə layiq görülür. 1 ay sonra isə Rusiya tarixində ilk dəfə olaraq azərbaycanlı zabitə
general-adyutant rütbəsin
verilir.
...Hüseyn xanın II Nikolaya göndərdiyi teleqram iki cümlədən
ibarət idi: “Bizə bəzi hadisələr barədə
təşviş doğuran
məlumatlar çatıb.
Xahiş
edirik, süvari qvardiyasının imperatora
hədsiz sədaqətini
və uğrunda ölməyi hazır olduğunu nəzərə
alaraq əlahəzrət
Nikolay taxt-tacdan imtina etməsin. İmza: general-adyutant Hüseyn Xan Naxçıvanski. 03 mart, 1917-ci
il”. Hüseyn xan teleqramı
Ali Baş Komandanın
qərargah rəisi
general Alekseyevə göndərdi.
Ancaq hansısa səbəbdən teleqram imperatora çatdırılmadı…
II Nikolaydan sonra hakimiyyətə gəlmiş Müvəqqəti
hökumətə sədaqət
andı içməkdən
imtina edən Hüseyn xan Peterburqa, ailəsinin yanına qayıdır, ancaq 1918-ci il
mayında həbs olunur. Bolşeviklər heç kimə
aman vermirdi. Knyazların demək olar ki, hamısı, o cümlədən Hüseyn
Xan da 1919-cu ildə güllələndi.
Amma tarix bu əfsanəvi sərkərdəni unutmadı. Rus və
Azərbaycan xalqının
xatirə yaddaşında
bu günədək əsl qeyrət və kişilik, hünər və sədaqət rəmzi kimi qalan Hüseyn
xan Naxçıvanskinin
şərəfli adı
gələcək nəsillər
üçün də
bir örnəkdir.
Hüseyn Xan 1889-cu ildə məşhur şair, tərcüməçi və
naşir N.Gerbelin qızı Sofya Nikolayevna ilə ailə qurmuşdu. Naxçıvanskilər ailəsində 3 övlad dünyaya gəlmişdi.
Generalın böyük oğlu
Xan Nikolay süvari polkunda xidmət edirdi və 21 yaşında həlak oldu. Qızı
Tatyana 1917-ci ildə Ataman polkunun
zabiti D.Martınova ərə gedərək mühacir həyatı yaşadı və 79 yaşında Fransanın Nitsa şəhərində
vəfat etdi. Hərbçinin kiçik oğlu
Xan Georgi 1899-cu ildə doğulmuşdu.
Süvari polkunun tərkibində ağ
qvardiyaçılar tərəfdən
iştirak etmişdi. Sonra mühacirətə gedərək
anası ilə əvvəlcə Fransada, sonra isə Beyrutda yaşadı.
O, Yaxın Şərqdə
“Ford” avtomobil şirkətinin
nümayəndəliyini yaradaraq
ona rəhbərlik etdi, 1948-ci ildə Beyrutda dünyasını
dəyişdi.
Fərhad SABİROĞLU
Aydın yol.-2016.-26 noyabr.-S.5.