Üç məzarsız qardaş

 

Nəvəsi Leyla Vəzirova: “Ağır durumda olan Çəmənzəminliyə cəmi 3 dollar maddi yardım təklif etdilər”

 

XIX əsrin sonlarında, haradasa 1897-ci ildə  hələ on yaşı olmayan kiçik bir uşaq çəkdiyi əziyyətlərdən bezərək  rus dilində “Şikayət” adlı şeir yazır. Bununla da həyatının proqramını hazırlayır. Bu uşaq böyüyəcək, gənc bir dövlətin iki ölkədə səfiri, olacaq, ictimai xadim, alim, yazıçı kimi məşhurlaşacaq. O balaca Yusif  böyük Yusif Vəzir Çəmənzəminli olacaq. Amma harada olmasına baxmayaraq, onunla əkiz qardaş kimi dünyaya gələn Zülm ondan əl çəkməyəcək. Çəmənzəminli repressiya illərində soyuq Sibirin şaxtasında dünyasını dəyişəndə də həmin Zülm ona yoldaşlıq edəcək. Dağ başında yazı, yayı yaşıllığa bürünmüş doğma şəhəri Şuşa isə ondan çox uzaqlarda olacaq...

 

Repressiya qurbanlarından  olan, ictimai xadim, diplomat, araşdırmaçı, folklorşünas, yazıçı Yusif  Vəzir Çəmənzəminlinin acı həyatı haqqında nəvəsi Leyla Vəzirova və gəlini Fəridə Vəzirova danışacaq:

 

 Sizcə, Çəmənzəminli bir ziyalı, bir şəxsiyyət kimi daha çox hansı tərəflərilə gizli qalıb, öyrənilməyib?

 

- Çəmənzəminlinin həyat və yaradıcılığı haqqında yazılan elmi işlərin əksəriyyəti ilə tanışam. Orada bir çox məsələlərə toxunulub. Amma onun etnoqrafik dünyagörüşü, folklorşünas kimi fəaliyyəti və ən əsası “Avesta”, Zərdüştçülük ideologiyası haqqındakı çoxsaylı məqalələri hələ də öyrənilməyib.  Babamın folklora olan sevgisi çox böyük idi. Novruz bayramı, məişət mərasimləri və mövsümlərlə bağlı miflər onu çox maraqlandırırdı.  Onun folklorşünaslıq dünyagörüşünə aid Bəhlul Abdulla bir monoqrafiya yazıb. Amma Zərdüşt ideologiyası, “Avesta” mətnlərinə aid apardığı araşdırmalar tədqiqatlardan tamamilə kənarda qalıb. Halbuki Yusif Vəzir “Avesta”nı çox gözəl bilirdi. Bu mövzuda heç vaxt toxunulmayan məsələlərə - “Avesta” miflərinə, bu dini inanc sistemində olan bəzi qəribə, hətta bizim üçün ikrah yarada biləcək məqamlara ilk dəfə o müraciət etmişdi.

 

- Həmçinin atəşpərəstlik dünyagörüşünün, Zərdüşt ideologiyasının  toxunulduğu “Qızlar bulağı” kimi dəyərli əsər də bu gün nisbətən kölgədə qalıb…

 

- Nəvəliyi bir kənara qoyuram. Adi oxucu kimi düşünürəm ki, “Qızlar bulağı” elə bir əzəmətli, möhtəşəm romandı ki, onu dünya ədəbiyyatının bir çox nümunələri ilə eyni sıraya qoymaq olar. Bu əsər çoxobrazlı və çoxqatlı məna yükünə malikdir. Onu anlamaq üçün dəfələrlə oxumaq lazımdır.

 

- Çəmənzəminlinin Cumhuriyyət rəhbərləri - M.Ə.Rəsulzadə, Xəlil bəy Xasməmmədov, N. Yusifbəyli ilə münasibətləri barəsində birmənalı fikirlər səslənmir.

Siz onun publisistikasını araşdırmısınız. Həmin publisistik məqalələrdə bu barədə nələr qeyd olunur?

- Sualınıza ən yaxşı cavabı onun “Müsavatçıya cavab” adlı məqaləsi  verə bilər. Bu məqalədə  dediyiniz məsələlər öz əksini tapıb. Onları mətbuat üçün demək bəlkə də, yaxşı deyil. Amma bəli, AXC rəhbərlərindən incidiyi məqam olubbu küskünlük  həmin məqalədə öz əksini tapıb. Təsəvvür edin, yazır ki, böyük maddi sıxıntı içindəyəm, amma Rəsulzadə bu çətinliklərə rəğmən ona cəmi 3 dollar təklif edir. Dəfələrlə müraciət edir ki, ona aylıq məvacib kəsilsin.

 

Mən onun publisistikasını araşdırmışam. Babam elə insan deyildi ki, şəxsi münasibətlərini, problemlərini  məqalələrində işıqlandırsın.

 

Onun publisistikasında da cəmiyyətin ümumi problemləri-qadın azadlığı və xurafata qarşı münasibət öz əksini tapır. Hətta xurafata - üz cırmaq, sinə vurmaq kimi əməllərə  qarşı yazdığı məqaləsindən sonra ona deyirlər ki, bir neçə gün evdən çıxma, çünki din adamları səni öldürə bilərlər.

 

 

 

- Çəmənzəminlinin qürbətdə keçən həyatı daha acınacaqlı olub. Məsələn, Parisdə ölüm ayağında olan qardaşını yaşatmaq üçün fəhləlik də edib. Bir az bu barədə danışaq…

 

- O, bütün ömrü boyu əziyyət görüb. Hələ uşaq olanda çəkdiyi əziyyətlərdən təsirlənərək rus dilində “Şikayət” adlı şeir yazıb.  Cumhuriyyət süqut edəndən sonra oranın İstanbuldakı səfirliyi də bağlanır. Bir müddət İstanbulda işləsə də, məcbur olub Parisə gedir. Amma yenə də zülm babamdan əl çəkmir.  Parisdə yaşayan qardaşı Miri vərəm xəstəsi idi. Onun sağalması üçün çox əziyyət çəkir. O boyda vəzifədə çalışan adam yad bir şəhərdə birdən-birə fəhlə işləməyə məcbur olur. Mən indibu faktı deməkdən utanmıram: bu, əslində bir rəşadətdi,  mərdlikdir-fəhlə işləyə-işləyə xəstə qardaşa baxmaq. Qardaşı Mirinin dözülməz ağrıları, xəstəliyi  ona mənəvi sarsıntı yaşadırdı. Həyatın hər sınağından çıxmışdı. Amma kiçik qardaşının dözülməz qışqırıqları qarşısında aciz qalmağı Yusif Vəziri tamam çökdürdü.   Bir çox adama maddi yardım göstərilməsi üçün müraciət etdi. Bircə, Ceyhun bəy Hacıbəyli Mirinin sağalması üçün maddi yardım göstərdi. Miri ilə Ceyhun bəy həm dost, həm də qohum olublar. Parisdə biri hüquq, o biri isə diplomatiya üzrə təhsil almışdı. Ceyhun bəy Miriyə çox yaxşılıqlar edib. Onu sanatoriyalara aparıb. Buna baxmayaraq, Miri cəmi 29 yaşında vəfat etdi. Heç Mirinin məzarı da yoxdu. Çünki Fransa qanunlarına uyğun olaraq, bunun üçün də vəsait lazım idi. O da olmayanda Mirini 5 illik müvəqqəti yerdə dəfn edirlər.

 

Təsəvvür edin ki, onlar ailədə üç qardaş olublar. Amma demək olar ki,  heç birinin məzarı yoxdu. Özü sürgündə öldüyü üçün harada dəfn olunduğu bilinmir, erkən yaşda olan qardaşlarının biri Parisdə, o biri isə Şuşada basdırıldı. Yəni, bizim üçün heç birinin məzarı yoxdu.

 

Qürbətdəki həyatı bu cür acınacaqlı olub. Elə Kiyevdə oxuyanda da, səfir kimi çalışanda da maddi mənəvi çətinliklərə rastlaşıb. Orada səfir olanda AXC hökumətinin baş naziri Nəsib bəy Yusifbəyliyə məktubla yazırdı ki, xahiş edirəm, mənə maaş təyin edin. Kirayə yaşayış xərclərinin hamısı öz üzərimdədir.

 

Bu yerdə Çəmənzəminlinin gəlini Fəridə xanım söhbətə qoşulur:

 

- İstanbulda olarkən oradakı idarəetmə sistemini, çox bəyənir, cumhuriyyət rəhbərlərinə   təklif edir ki, orada bizim səfirliyimiz açılsın. Ondan sonra AXC hökuməti bu haqda qərar qəbul edir. Çəmənzəminli İstanbula böyük çətinliklə gedib çıxır. Bakıdan ora iki aya çatır. Çünki yol xərcləri başqa problemlər var idi. Axırda məcbur olub, özünü tacir kimi qələmə verir. Birtəhər İstanbula yerləşə bilir.

 

İstanbulda səfir olanda Azərbaycan Xalq Cumhuriyyəti dağılır. Təbii ki, səfirlik bağlanır. Çəmənzəminli oradakı tələbələri toplayıb  deyir ki, daha məndən heç gözləməyin. Heç öz aqibətinin necə olacağını bilmirdi. Ondan sonra Çəmənzəminlinin yaşayışı daha da çətinləşir. Üç il müxtəlif işlərlə məşğul olur. Kitabxanalarda çalışır.

- Çəmənzəminlinin həyatında maraqlı dövr 1927-ci ildən 1937-ci ilə qədər, yəni repressiyaya uğradığı ana qədərki  mərhələdir. Leyla xanım,  atanız Orxan Vəzirov həmin dönəmi necə xatırlayırdı?

 

- Çəmənzəminli 1927-ci ildən sonra Bakıya qayıdır. O qədər çətinliklər, məhrumiyyətlər görmüşdü ki, evlənmək istəmirmiş. Artıq onun üçün şəxsi həyatın heç bir mənası qalmamışdı. Amma ailəsinin təkidilə Bilqeyis xanımla tanış olur ondan sonra özü evlənməyə razılıq verir. 1928-ci ildə atam dünyaya gəlir. Evliliyin ilk illəri çox yaxşı keçib. Universitetdə, mətbuat orqanlarında çalışıb, ailəsini dolandırıb. Çəmənzəminli repressiyaya məruz qalanda atamın 10 yaşı var idi. On yaş da az yaş deyil.

 

Atam hər dəfə o illərdən danışanda uşaqlaşırdı. Çünki  atasını uşaq ikən  itirmişdi, ata həsrəti ilə yaşamışdı. Atam 81 yaşında vəfat etdi. Atası ilə birgə səhər yeməyinə necə oturmaqlarından, Yusif Vəzirin onlarla necə maraqlanmağından, ailəsini hər dəfə istirahətə apardığı şəhərlərdən danışırdı. Üzeyir bəylə bağ qonşusu idilər. Hər yay birgə istirahətlərindən söz açardı.

 

 

 

- Yusif Vəzirdən danışada gərək ağır repressiya illərinə toxunaq. Repressiyaya uğrayandan sonra onun ailəsi kimi çətinliklərlə üzləşdi?

 

Fəridə Vəzirova:

 

- 1938-ci ildə Orxan dördüncü sinifdə oxuyurdu.  Evə gələrkən qəribə bir mənzərə il rastlaşır. Görür ki, evdə hər şey dağıdılıb, aləm bir-birinə qarışıb. Anası Bilqeyis xanım isə bir küncdə oturub ağlayır. Artıq hər şey bitmişdi. O illərinqara yelibu dəfə onların qapışın döymüşdü. Deməli, artıq onun da atasını  həbs ediblər. Atanı soyuq Qorki vilayətinə göndərdilər,  ailəsi isə Bakıda həbsdə qalmalı oldu. Bir ana 3 uşaq həddindən artıq rütubətli bir yerdə - soyuq tərəvəz saxlama bazasında yaşayıblar. Belə şəraitdə onlar xəstələnir, bir sözlə ailə çıxılmaz duruma düşür. Amma Bilqeyis xanımın qardaşı Fərhad onlara sahib durub.

- Bu qədər məşəqqətli həyat sürən, buna baxmayaraq, sürgündə belə yazıb-yaradan bir yazıçıya Azərbaycan ziyalı elitasının, cəmiyyətinin bu günki münasibəti sizi - yəni onun ailəsini qane edir?

 

- Son illər Çəmənzəminli çox xatırlanır. Bir neçə gündən sonra Mədəniyyət kanalında onun haqqında maraqlı veriliş olacaq. Haqqında xeyli yazılar yazılıb. Bizə material üçün müraciət edənlər var.

Çəmənzəminli Kiyevdə Şevçenko adına Dövlət  Universitetini 1915-ci ildə bitirib. Onun həmin universiteti bitirməyinin 100 illiyi münasibətilə  Kiyevdə maraqlı konfrans keçirildi. Bizim ondan xəbərimiz belə yox idi. Ora dəvət alanda bildik qardaşım Yusiflə  getdik. Demək, Yusif Vəzir heç zaman unudulmur.

Müsahibə əsnasında söhbətlərə qulaq asa-asa otaqda sanki kimlərinsə göz yaşı içində gülüşünü görürdük. Bu, 1938-ci il repressiya qurbanının uşaqlarının göz yaşları idi. Böyüyü Orxan idi ki, onun da cəmi  10 yaşı vardı. Onu da hiss edirdik ki, bizə hər şeyi bu “10 yaşlı ağsaqqaldanışır. Özü qızı Leyla həyat yoldaşı Fəridə xanımın gözüylə. Özünün isə ancaq sevincdən gülən gözlərini xəyalən göstərə bilirdi. Ona görə sevinirdi ki, ömrünü həsr etdiyi Çəmənzəminçilik mahiyyəti bu gün unudulmur..

 

Gülən uşaq gözləri ilə bərabər, uzaqda  bir ağlayan şəhər var... Şuşa... Hələ ki, dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana qara bürünmüş bu şəhər göz yaşlarına sahib çıxa bilmir. Bu onun, o balaca Yusifin  şəhəridir...

 

Elmin NURİ

Aydın yol.-2016.-17 sentyabr.-S.10.