Mədəniyyətimizin Paris təqdimatı

 

Kitablar, Şirvan aşıqları, qədim musiqi alətləri...

 

Paris Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan da təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən bilgiyə görə, nazirliyin bu məqsədlə icarəyə götürdüyü stenddə Azərbaycanda işıq üzü görmüş 200-ə qədər kitab, jurnal, turizmə aid bələdçi kitablar və s. çap məhsulları nümayiş etdirilib. 1200-ə yaxın nəşriyyat evinin təmsil olunduğu sərgidə Fransanın bütün regionları ilə yanaşı 30-dan artıq xarici ölkə nəşriyyatı da iştirak edib.

Dünya naşirlərinin ən mötəbər kitab forumlarından biri olan sərgi-yarmarka bu il özünün 30 illik yubiley açılışını da gerçəkləşdirib. Bu münasibətlə sərgiyə xüsusi olaraq "30 illik pavilyon" adı altında "Fəxri qonaq" qismində 30 fransız və 30 xarici ədəbiyyat nümayəndəsi dəvət olunmuşdu. Sərgi çərçivəsində təmsil olunan iştirakçılar öz milli musiqi və mətbəxlərini də nümayiş etdiriblər. Azərbaycan da öz növbəsində YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən Novruz bayramının atributları olan bayram şirniyyatlarını, həmçinin milli kulinariya örnəklərini sərgi iştirakçılarına təqdim ediblər.

Yeri gəlmişkən, Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və 2010-cu ilin YUNESKO tərəfindən Mədəniyyətlərin Yaxınlaşması İli elan olunması ilə əlaqədar TÜRKSOY-a üzv dövlətlərin elmi-yaradıcı heyətlərinin iştirakı ilə martın 29-da YUNESKO-nun Baş Qərargahında, 30-da isə Strasburqda Avropa Şurası qərargahında Novruz bayramının təqdimat mərasimi keçirilib. TÜRKSOY təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı bir sıra türkdilli ölkələrin heyətləri də iştirak ediblər.

Bundan başqa 29-30 mart tarixlərində Fransanın "Dünya mədəniyyətləri evi" Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə hər il keçirilən "Təxəyyül" festivalında Şirvan aşıqları iki günlük konsert proqramı ilə çıxış ediblər.

Azərbaycan heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Pəncərə" jurnalının, "Salnamə" sənədli filmlər studiyasının əməkdaşları, Şirvan aşıqları, Qədim Musiqi Alətləri Ansamblının bir qrup üzvü və Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi daxil idi.

 

 

Z.Rüstəm

 

Ayna.-2010.-3 aprel.-S.20.