Mənsum İbrahimov muğamı simfonik orkestrlə birgə səsləndirib

 

Xanəndə Kiyevdən qayıdıb

 

Xalq artisti Mənsum İbrahimov Kiyevdən qastroldan qayıdıb. Səfər təəssüratları barədə danışan xanəndə 1300 nəfərlik salonda çıxış etdiyini bildirib: "Salonda oturmağa yer yox idi. Orada olarkən öyrəndik ki, biletlər 4 gün əvvəldən satılıb qurtarıb. Tamaşaçıların bir hissəsini azərbaycanlılar, qalanlarını isə ukraynalı və qeyri-millətlər təşkil edirdi. Konsertin təbliğatı yüksək səviyyədə təşkil edilmişdi. Anonslar televiziya və radiolarda səsləndirilib. Bir ay öncədən isə afişalar küçələrə vurulmuşdu".

Xalq artisti bildirdi ki, Azərbaycan muğamı hər yerdə tar-kamanın müşayiəti ilə ifa olunub. Amma muğamın simfonik orkestrin müşayiəti ilə ifa olunması yenilikdir".

"Çıxış etdiyimiz ölkələrin simfonik orkestrlərinin müşayiətilə muğam səsləndirmək yenilikdir. Bütün dünyada simfonik əsərlər yüksək səviyyədə qəbul olunur və dinlənilir. Muğamı böyük heyətlə də təqdim etmək təbliğatın bir qoludur".

 Öyrəndik Niyazinin "Rast" simfonik muğamını 100-dən artıq musiqiçidən ibarət Kiyev Dövlət Simfonik Orkestri ilə yanaşı milli alətlərimiz də müşayiət edib. Tarda və kamançada əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov ifa ediblər. Konsert proqramına azərbaycanlı musiqiçi, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov dirijorluq edib. Konsertdən əvvəl musiqiçilərimiz simfonik orkestrlə bir neçə gün məşq ediblər. Mənsum İbrahimov haqqında danışdığı konsertin anonslarında və afişalarında Qarabağ məktəbinin nümayəndələri olaraq təqdim olunduqlarını bildirib. Bir saatdan artıq davam edən konsert proqramı Ukrayna dövlət televiziyası ilə yayımlanıb.

Xatırladaq ki, xalq artisti Siyavuş Kəriminin rəhbərlik etdiyi maestro Niyazinin "Rast" simfonik muğamı layihəsi Türkiyə və Belarus simfonik orkestrləri ilə də ifa olunub. "Rast" Azərbaycan musiqi tarixində ilk simfonik muğamdır ki, dünyanın bir çox ölkələrində səslənir.

 

 

Z.Rüstəm

 

Ayna.-2010.-3 aprel.-S.20.