Brilliant Dadaşova: "Mən sənətimi dəlicəsinə
sevən insanam"
Və dostluğa inanır
Kiçik arayışımız: Brilliant Süleyman
qızı Dadaşova Bakıda, tanınmış bir ailədə
dünyaya göz açıb. Anası Qızxanımı
çox tez itirib. Avtomobil qəzası... Avtomobildə olan digər
ailə üzvləri isə sağ qalmışdılar.
Həyat davam edirdi. Brilliant Dadaşova böyük səhnəyə
1985-ci ildə ayaq basır. O zaman Moskvada keçirilən
Ümumdünya Gənclər Festivalında gələcəyin
superulduzu xüsusi diplomuna layiq görülmüşdü.
1986-cı ildə Azərbaycan televiziya və radiosunun solisti
oldu. Onun sənətdə inkişafı bu axarda gedirdi. 1987-ci
ildə həmyerlimiz sovet ifaçıları arasında
keçirilən müsabiqədə birinci yerə nail ola
bilir.
Daha sonra Brilliant Dadaşova İsveç, Avstriya,
Almaniya, Böyük Britaniya, ABŞ və digər ölkələrdə
musiqi mədəniyyətimizi uğurla təmsil etməyə
başladı. Sovet İttifaqı dağıldıqdan sonra
Rusiyada solo konsertlə çıxış edən ilk
müğənni məhz Brilliant Dadaşova oldu.
O, Rusiyanın ən iri konsert auditoriyasında - Moskvada
və Sankt-Peterburqda çıxış etdi. 1995-ci ildə
"Züleyxa" mahnısına çəkilmiş
videoklip Rusiya kanalında nümayiş etdirilməyə
başladı və kanalın qızıl onluğunda uzun
müddət ərzində ön cərgələrdə sabit
qaldı.
1997-ci ildə bu və ya digər nailiyyətlərinə
görə Brillianta əməkdar artist adı verildi. Elə həmin
ildə müğənni Azərbaycan-Norveç layihəsində
iştirak edirdi. Xaricdə klip çəkdirən ilk
müğənni də Brilliant Dadaşova olub. O, Türkiyə
və Rusiya kimi dövlətlərdə videoklipdə çəkilib.
1999-ci ildə səhnəmizin Brilliantı bələdiyyə
seçkilərində qalib gələrək Bakı şəhəri
Səbail rayon bələdiyyəsinə üzv seçildi.
Xalq artisti Brilliant
Dadaşovanın uğurlu karyerası davam edir. Brilliant yeni
mahnılar oxuyur, videokliplər çəkir və hətta Azərbaycandan
kənarda da solo konsertlərdə çıxış edir.
Vaxt tapıb ictimai məsələlərlə də məşğul
olur. Tanrıya inanır, öz vətənini, ailəsini,
öz pərəstişkarlarını sevir.
Görüşümüz Novruz bayramı ərəfəsində
oldu və populyar sənətçimizin bayramını təbrik
edib, öncə onun şirniyyatlara münasibətini bilmək
istədik. Soruşuruq: "Ümumiyyətlə, hansı
bayram şirniyyatını daha çox sevirsiniz?
- Xeyr, mətbəxlə
heç aram yoxdur. Şirniyyatlardan daha çox paxlavanı,
qoğalı sevirəm. Hətta mən balaca olanda
qoğalın üstünü və altını yeyirdim,
ortasını isə saxlayırdım. Nənəm isə
deyirdi, fikir verməyin ona, böyüyəcək və
qoğalı bütöv yeyəcək. Mən
böyüdüm, amma qoğalı yenə də eynilə
kiçik yaşlarımda yediyim kimi yeyirəm (gülür).
- Şou-biznes və Türkiyə səfərlərinizə
aid eynitipli suallarla sizi yormaq istəməzdim. Gəlin bəşəri
mövzulara toxunaq və sizdən danışaq. Siz Bakıda
göz açıb, Bakı kəndlərində
böyümüsünüz. Bu gün Bakını necə
görmək istərdiniz? Bakı çoxmu dəyişib?
- "Bakı gözəl,
Bakı şirin!" (zümzümə edib, gülür). Bu
gün şəhərimiz böyüyür, dəyişir,
tikilir, yollar salınır. Amma əlbəttə,
hamımız nostalji hissləri yaşamaq istəyir, əvvəl
gördüyümüz yerləri yenidən görmək istəyirik.
Misal üçün, "Abşeron" mehmanxanası
söküləndə mən öz-özümə dedim ki,
axı bu bizim keçmişimiz idi və bu keçmişimizdən
heç nə qalmayıb. Lakin digər tərəfdən
haradasa bu normal bir hadisədi, belə ki, insanlar yeniliklərə
can atır.
- Belə bir deyim var: "İnsan istəklərinin
quludur". Maraqlıdır, siz zirvədə olan sənətkarsınız,
şöhrətiniz, hörmətiniz, hər şeyiniz var. Bəxtdən,
taledən daha nələri umursunuz?
- Mən bir işi
görməzdən öncə hər şeyi çox analiz edən
insanam və hər zaman səhv etməməyə
çalışıram. Amma dünənə nəzər
salanda görürəm ki, çox səhvlər etmişəm.
Hələlik həmin səhvlərimi özüm
üçün etiraf edirəm, bəlkə də vaxtı gələndə
hamı üçün açıqladım. Hər halda,
çalışaram ki, istəklərimin qulu olmayım. Onu
qeyd etmək istəyirəm ki, mən sənətimi dəlicəsinə
sevən insanam və müğənni olmasaydım da,
başqa sənətdə olsaydım, yenə də işim mənim
üçün birinci cərgədə durardı.
- Bir çox ifaçılar muğamlarımıza
müraciət edir və bu müraciətlə xanəndələrimizi
pis ifaları ilə təhqir etmiş olurlar. Amma həmişə
sizdən və ifanızdan razı qalırlar. Bəs niyə
siz bütün musiqi janrlarının mahir ifaçısı
olsanız da, məhz estradaya bağlandınız?
- Əfsuslar olsun ki, bu
gün estrada musiqisi deyəndə çoxları bunu
qalmaqallar kimi təsəvvür edir.
Amma Rəşid Behbudov,
Şövkət Ələkbərova dövründə estrada
musiqisi anlayışı tam başqa idi. Bu yaxınlarda bir
mötəbər insan, akademik mənimlə söhbətdə
estrada musiqisinin ünvanına biganə sözlər dedi və
bu mənim xoşuma gəlmədi. Mən ona cavab verdim ki, gəlin
onda Tofiq Quliyevin, Səid Rüstəmovun, Cahangir Cahangirovun,
Rauf Hacıyevin üstündən xətt çəkək. Mən
və sən bu sənətə, estradaya gələndə,
estrada musiqisində Akif İslamzadə, Rafiq Babayev kimi parlaq
ifaçılar vardı. Və əgər bizim estradamız
bu cür sənətkarların adı ilə
bağlıdırsa, mən ancaq fəxr edə bilərəm
ki, estrada müğənnisiyəm. Mən musiqiyə gələndən
bəri "Qubanın ağ alması", "İstəkanın
sarısı", "Getmə-getmə, gözəl yar"
kimi xalq mahnılarında muğam improvizasiyaları etmişəm.
Biz Rafiq Babayevlə xalq mahnılarımızı müasirləşdirmişdik,
amma deməzdim ki, estrada musiqisinə çevirmişdik. Lakin
bu gün mahnıları çevirirlər və deyim ki, o qədər
də yaxşı nəticələr əldə olunmur. Mən
sizinlə tamamilə razıyam ki, bu gün bizim
muğamları korlayırlar.
- Bu yaxınlarda Heydər Əliyev Sarayında hörmətli
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin iştirakı ilə bəstəkar, cazmen Vaqif
Mustafazadənin yubileyi keçirildi və mən bu konsert
proqramından böyük zövq aldım, çünki orada
bayağı musiqi yox idi və səhnədə sözün əsl
mənasında musiqi vurğunları və istedadlı insanlar
çıxış edirdi. Düşünmürsünüz
ki, əgər siz və bir sıra seçilən sənətkarlarımız,
maqazin verilişlərində çəkilməkdən imtina
etsəniz, həmin verilişlərin reytinqi də olmaz və ən
əsası bir günlük müğənnilərin reklam mənbəyi,
nəhayət, bağlanar. Nəyə görə bu boykota
getmirsiniz?
- Mən iki il bu boykotu
etdim və heç bir verilişdə çıxış
etmədim. Təsəvvür edin ki, hər verilişin 10-15 nəfərlik
heyəti, rejissoru, prodüseri var. Bir nəfərə, iki nəfərə
yox deyirsən, amma hamı ilə üz-göz olmaq olmur. Biz elə
bir dövrə gəlib çıxmışıq ki, hər
kəs bazardakı kimi öz məhsulunu ortalığa qoya
bilir. Əlbəttə, vaxt gələcək, hər kəs
öz yerini tapacaq.
- 1985-ci ildən bu günə kimi bizi sevindirməkdə,
duyğulandırmaqda davam edirsiniz. Bəzən olub ki, çox
gözəl mahnıların ifaçısı həm
populyarlığı, həm dinləyici sevgisini itirib. Əbəs
yerə deməyiblər ki, insanla birinci məhv olan incəsənətdir.
- Əlbəttə,
insanın daxili aləminin kasıb olması onun sənətinə
təsir edir. İnsan daxildən çirkin olanda
başqalarına pozitiv hisslər ötürə bilmir. O qədər
gözəl səsli və arxasında çoxlu sponsor və
maddi dəstəyi olan müğənnilər var ki, nə etsələr
də gündəmə gələ bilmirlər.
İnsanların ürəyində yaşamağı
yalnız Allah qismət edir.
- Çoxları dostluğa inanmır və
"qadının yeganə rəfiqəsi anası ola bilər"
söyləyirlər...
- Dostluğu maddiyyata dəyişib
satanlar olmasına baxmayaraq, mən dostluğa inanıram. Ən
yaxın dostum isə Allahdır. Vəfasına, ədalətinə
inandığım Allahdır.
- Və sonda, pərəstişkarlarınızı nə
ilə sevindirmək fikriniz var?
- Hazırda Türkiyədə
hazırlanan albomla. İnşallah!.
Sevinc İsmayıl
Ayna.-2010.-3 aprel.-S.19.