Əzizə Mustafazadə: "Hər səhər
oyanıb Xəzərə baxmaq arzum olsa da..."
Amma milli mədəniyyəti ölkə-ölkə
daşımaq lazımdır
Cazmen Vaqif Mustafazadənin
70 illik yubileyi münasibəti ilə Bakıya gələn və
bir müddət burada qalan dünya şöhrətli Əzizə
Mustafazadə mətbuat mənsubları ilə
görüşə də vaxt ayırıb. Sadəliyi ilə
diqqəti çəkən Əzizə xanım söhbətinə
belə başladı:
"Əslində mən
mətbuat və televiziyanın bildiyi qədər Bakıya gəlib-getmirəm.
Belə deyim ki, gizli səfərlərim də olur. Fərhad
dayı adlandırdığım Fərhad Bədəlbəyli,
Nuru Əhmədovla, eləcə də ailəmizə yaxın
olan bir neçə insanla mütəmadi olaraq
görüşürəm. Əslində Bakıda çox
sayda tanışım yoxdur. Amma qəlbən mənə
yaxın olanları heç zaman yaddan çıxarmıram. Hərdən
mənə sual edirlər ki, "atanız kimi bir vaxt siz də
qəbul olunmurdunuz". Demək istəyirəm ki, əsl qəhrəman
döyüşdə həlak olur. Onun qiymətini gec də
olsa, xalq verir. Necə deyərlər, "heç olmamaqdansa,
gec olması yaxşıdır". Dahi Vaqifi xalqı hər
zaman sevirdi. Nə etməli ki, taleyi onunla bir az sərt davrandı.
Amma qismən də olsa o, layiq olduğu yeri tutub. Qəlbi əsl
sənətlə döyünən yenilikçi insanları
çox zaman vaxtında dəyərləndirib qəbul etmək
istəmirlər. Amma buna baxmayaraq, yaradıcı insan
sınmır.
Atamın səhnədə
dünyasını dəyişməsi də təsadüfi
deyil. Tarix boyu qeyri-adi istedadı olan yaradıcılara birmənalı
münasibət göstərməyiblər. Dünya
şöhrətli Bax, Motsart, Şopen öz
dövrünün qəbul olunmazlarından idi. Belə insanlar
hər zaman əzab çəkiblər. Hətta onlar bu səbəbdən
dünyadan tez köçürlər. Bütün bunlara
baxmayaraq, yenə də xalqa təşəkkür etmək
lazımdır, çünki xalq hər zaman sənətkarı
sevərək qiymətləndirib, qiymətləndirir və
belə də davam edəcək. Ailəmin
qarşılaşdığı anlaşılmazlığa gəlincə,
onu deyə bilərəm ki, çətin olsa da, biz mübarizə
aparmağı bacardıq. Bu gün atam cismən həyatda
yoxdur, amma onun bəxş etdiyi əsərlər qəlblərdə
yaşayır. Mənə elə gəlir ki, hələ uzun
müddət yaşayacaq da... Atamın əsərlərindəki
işıqlı kədər onun daxili aləmindən xəbər
verirdi. Mən sevinirəm ki, Azərbaycan xalqı Vaqif Mustafazadə
dühasını dəyərləndirməyi bacarır. Təsadüfi
deyil ki, dahi Heydər Əliyev də atamın
yaradıcılığını hər zaman diqqət mərkəzində
saxlayıb və boşuna "bu gözəl İçərişəhər
oğlanına yaşıl işıq!" sözlərini
deməyib".
Əzizə xanım
deyir ki, Heydər Əliyevin bu fikrindən sonra atasına diqqət,
qayğı artmağa başladı. O deyir ki, o zaman gənc
olan İlham Əliyev də atasının əsərlərini
dinləyib, hətta indi də dinləyir. Cazmenin fikrincə, əgər
atasına bu qədər maraq olmasaydı, dövlət
başçısı yubileyin qeyd olunması ilə
bağlı müvafiq göstərişlər verməzdi.
Artıq Almaniyaya dönməyə hazırlaşan Əzizə
xanım nə vaxtsa qayıdıb burada çalışmaq
barədə düşünmədiyini söylədi: "Əgər
mən Azərbaycana qayıdıb, burda yaşayıb-yaratsam,
Vətənimin mədəniyyəti və musiqisi
üçün daha az iş görə bilərəm. Hər
şeyə real baxmaq lazımdır. Təsəvvür edin ki,
xarici ölkələrdəki konsertlərim üçün
hazırlıq, uzun məsafələri qət etmək nə
qədər çətindir. Buna ən azından çox vaxt
sərf olunacaq. Azərbaycandan Avropaya təyyarə ilə ən
azı beş saat uçmaq lazımdır. Bu çətinliklərə
hansı orqanizm tab gətirə bilər? Hər zaman orta məxrəcə
gəlib, balans tapmaq lazımdır ki, qürbətdə
yaşamağın ürəyini ağrıtmasın. Ona
görə də vaxtaşırı Bakıya gəlirəm.
Günəşli Bakıda hər gün, hər səhər
oyanıb Xəzər dənizinə baxmaq arzum olsa da, milli mədəniyyətimizin
inkişafı naminə bu arzumdan imtina etmək məcburiyyətindəyəm.
Milli mədəniyyəti ölkə-ölkə
daşımaq lazımdır. Rəssamları başa
düşmək olar, onlar yaratdığı peyzajları digər
ölkələrdə sərgiləyirlər. Musiqidə isə
hər şey tam fərqlidir. Musiqiçilər o
insanlardır ki, ölkəsinin mədəniyyətini iri
miqyasda təmsil etmək üçün ölkəsindən
kənarda yaşamalıdır. Azərbaycan musiqisini
dünyaya tanıtmaq istəməsəydim, bəlkə də
daima Vətənimdə yaşayıb, sıravi pedaqoq
olardım. Bu da mənim üçün biristiqamətli,
cansıxıcı və darıxdırıcıdır.
Düşünürəm ki, yaradıcı insan bir yerdə
dayanmamalıdır. O hər zaman axtarışda
olmalıdır. Atam sağ olsaydı, mənim Azərbaycanda
çalışmağımı çox dəstəkləyərdi.
Çünki o da milli musiqimizin dünyaya
inteqrasiyasının tərəfdarı idi".
Şəms
Ayna.-2010.-3 aprel.-S.18.