"Molla Nəsrəddin" - sənədlərin
dili ilə
Jurnalın toxunduğu bir çox problemlər bu
gün də yaşanır
Aprelin 7-si "Molla Nəsrəddin"
jurnalının ilk sayının işıq üzü
gördüyü gündür. Bu, milli jurnalistikamız
üçün özəl bir tarixçədir.
Tarixçi-alim Ataxan Paşayev bu xüsusda orijinal bir kitab
hazırlamış və bu günlərdə nəşr
etdirmişdir. Adı belədir: "Molla Nəsrəddin
jurnalının nəşri tarixindən"
(Çaşıoğlu nəşriyyatı). Onun
orijinallığı ondan ibarətdir ki, burada azərbaycanca və
rusca önsözdən sonra keçmişin ən populyar
satirik jurnalının nəşrinə dair sənədlər,
bu sənədlərin əslinin surətləri, jurnalın təqibinə
səbəb olmuş karikaturalar təqdim olunur.
Bəlli olduğu kimi,
"Molla Nəsrəddin" jurnalının təməl
daşını qoyan, naşiri və baş redaktoru görkəmli
yazıçı və jurnalist Cəlil Məmmədquluzadə
olub. İlk sayı 7 aprel 1906-cı ildə çıxıb,
1918-ci ilə qədər Tiflisdə nəşr edilmişdir.
1921-ci ildə - Təbrizdə, 1922-31-ci illərdə -
Bakıda işıq üzü görmüşdür. Birinci
Rus inqilabının yetirməsi olan bu jurnal böyük
populyarlıq qazanmışdı. Təkcə Rusiyada,
İranda və Osmanlıda deyil, Amerika, İngiltərə,
Fransa, İtaliya, Hindistan, Çin, Finlandiya və digər
ölkələrdə də oxunurdu və o zaman
üçün böyük tirajla nəşr olunurdu.
Bəli, milli mətbuatımızda
1920-ci ilə qədər, "Molla Nəsrəddin"dən
əvvəl və sonra qəzet və jurnallar az olmayıb. Fəqət
"Molla Nəsrəddin"in xidməti ondaydı ki, təkcə
Azərbaycanda deyil, İdel-Ural (Volqaboyu), Orta Asiya
türk-müsəlman əhalisi arasında, İran və
Osmanlıda satirik mətbuatın təməlini qoymuşdu.
"Azərbaycan mətbuatı
tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai
fikir və ədəbiyyat tariximizdə yeni dövr
açmış, klassik irsimizin dəyərli abidələrindən
biri, təkcə Azərbaycanda deyil, bütün Yaxın və
Orta Şərq ölkələrində siyasi satiranın ilk
qaranquşu "Molla Nəsrəddin" jurnalı və onun
nəşr tarixini öyrənməyin böyük əhəmiyyəti
vardır, - deyə Ataxan Paşayev önsözdə yazır.
- Öz nəşrinin ilk günlərindən başlayaraq
köhnə dünya ilə ölüm-dirim mübarizəsinə
girmiş "Molla Nəsrəddin" jurnalı təkcə
Zaqafqaziya və Rusiyada deyil, Yaxın və Orta Şərq
ölkələrində də geniş yayılmış və
böyük şöhrət qazanmışdır. Jurnalın
səhifələrində imperialist dövlətlərinin
milli-müstəmləkə zülmü,çar mütləqiyyəti,
Şərqdə - ilk növbədə İran və
Türkiyədə istibdad quruluşu, orta əsr feodal
qalıqları, xalq kütlələrini ağlasığmaz
dərəcədə istismar edən burjua-mülkədar
ağalığı, gerilik, cəhalət, ətalət, dini
fanatizm, din xadimlərinin riyakarlığı çox cəsarətlə
ifşa olunurdu".
Bu jurnalın nəşri
ilə Cəlil Məmmədquluzadə milli ədəbiyyat və
jurnalistika tariximizdə yeni parlaq bir səhifə
açmışdır. Təqdim olunan sənədlər
özlüyündə jurnalın meydana çıxma və
mövcudluğunun tarixçəsi aspektində böyük
maraq doğurur. Burada biz Cəlil Məmmədquluzadənin
jurnalın nəşrinə icazə barədə müxtəlif
vəsatətlərinə avtoqrafları, mətbəə və
litoqrafiyanı dəyişdirmək istəməsi barədə
ərizəsini, jurnalın ayrı-ayrı saylarının
yasaq edilməsi, onun redaktorunun məsuliyyətə cəlb
olunması barədə hökumət, jandarm, polis və
senzura orqanlarının yazışmalarını izləyə
bilirik.
İlk dəfə dərc
edilən bu sənədlər müəllif tərəfindən
Gürcüstan, Azərbaycan və Rusiya dövlət arxivlərində
üzə çıxarılıb. Onlar ixtisarsız, necə
var, o şəkildə dərc olunub və onları tapıb
üzə çıxarmaq illərlə vaxt aparıb. Milli
Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan
Paşayev bu işə böyük əmək sərf edib.
Məsələn, bu sənədlərdən
ilk dəfə müəyyən olunub ki, jurnalın 1907-ci ildə
bağlanmasına səbəb heç də Cəlil Məmmədquluzadənin
Zaqafqaziya şeyxül-islamı Pişnamazzadəyə
qadın azadlığı barədə yazdığı və
ruhaniləri və müsəlman fanatiklərini hiddətləndirmiş
olan iki açıq məktubu deyil, Osmanlı dövlətinin
Tiflisdəki baş konsulu Feyzi bəyin hərəkətləri
olmuşdur. İş burasındadır ki, Feyzi bəy
"Molla Nəsrəddin" jurnalının Sultan hökuməti
barədə karikaturalarının yerləşdirilmiş olduğu
4 sayını götürüb, 1907-ci ilin martında şəxsən
Qafqaz Sərdarı yanında Rusiya XİN təmsilçisi
olan məmurun qəbuluna gəlmişdir. Konsul xahiş edir: Sərdara
(namestnik) məruzə edilsin ki, "Osmanlı və Rusiya
arasında dostluq münasibətləri səbəbincə
jurnala bu sayaq karikaturaları dərc etməsini yasaqlamaq barədə
vəsatət qaldırır. Müvafiq məruzəni alan
namestnik Tiflisin müvəqqəti general-qubernatoruna gərəkən
tədbirləri görməyi tapşırır. O da öz
növbəsində Cəlil Məmmədquluzadəni
yanına çağıraraq Sultanın karikaturalarının
dərcini dayandırmağı təklif edir. Lakin karikaturalar
dərc edilməkdə idi, bu səbəbdən Osmanlı məmurları
jurnalı sərhəddən ölkəyə buraxmırlar.
Elə hallar olub ki, İran Məclisinin (parlament) bütöv
bir iclası "Molla Nəsrəddin" jurnalında dərc
edilən materiallara həsr olunmuşdur. Rusiyanın Tehran səfirinin
Peterburqa təliqələrində bu barədə söz
gedir.
Jurnalın Tiflis dönəminin
karikaturalarını Oskar Şmerlinq və İosif Rotter -
Münhen məktəbindən olan alman rəssamları çəkirdilər.
Onların bir çoxunun mənası bizim günlərdə
də aktuallığını itirməyib.
Bəlli olur ki, bizim
günlərdə jurnalın komplektləri MDB ölkələri
ilə yanaşı, Paris, Kembric, Ankara, İstanbul, Tehran,
Helsinki kitabxanalarında mühafizə edilməkdədir.
Qeyd edək ki, AMEA Ədəbiyyat
İnstitutu "Molla Nəsrəddin" jurnalının
latın qrafikası ilə təkrar nəşrinin (necə
var, o şəkildə) 10 cildliyini buraxmaqda davam edir. Bu
çox qiymətli ilkin qaynağın artıq bir neçə
cildi işıq üzü görüb. Nə qədər
heyrətli olsa da, aradan yüz il ötməsinə baxmayaraq,
jurnalın toxunduğu bir sıra problemlər bizim günlərdə
də yaşanır.
İsmayıl Umudlu
Ayna.-2010.-3 aprel.-S.18.