Aşıqlar festivaldan qayıtdı
Proqramda zurna alətinin solo ifasına yer ayrılıb
Şirvan
aşıqları Parisdə Dünya Mədəniyyətləri
Evinin (Maison des cultures du Monde) təşəbbüsü ilə
keçirilən "Təxəyyül" musiqi
festivalında çıxış ediblər. Azərbaycan heyətinin
və eyni zamanda proqramın rəhbəri, YUNESKO eksperti Sənubər
Bağırovanın "Ayna" qəzetinə bildirdiyinə
görə, martın son günlərindən start
götürən və 1 ay davam etməsi nəzərdə
tutulan festivalda azərbaycanlı aşıqların 2
günlük konserti olub:
"Onlara ayrılan konsert
günlərində proqramı "Pişro" adlanan janrla
açan şirvanlı aşıqlar tamaşaçılara
"Mirzəyi" havası, rəqs nömrələri
nümayiş etdiriblər. Səməd Vurğunun "Azərbaycan"
şeiri də musiqinin dili ilə tamaşaçılara
aşılanıb. Proqrama "Müxümməs"lə
yekun vurulub".
Sənubər
xanımın proqrama daxil etdiyi zurna və balaban alətində
solo ifa da konsertdə həllini tapıb. Daha sonra iki zurna və
iki nağaranın müşayiəti ilə "Koroğlu
nağarası" adlı hava səsləndirilib. Ekspertin
fikrincə, bu festivalda zurna aləti 10 il əvvəl ermənilərin
ifasında səsləndirilmişdi. Uzun bir aradan sonra alətin
kimə və hansı musiqi tarixinə məxsus olduğu
proqram çərçivəsində göstərilmişdir.
Qeyd edək ki,
şirvanlı aşıqlardan bu festivalda Vüqar Niftəliyev,
Ağamurad İsrafilov və Əli Quliyev
çıxış ediblər. Sonuncunun xüsusi olaraq
göstərdiyi aşıq oyunları
tamaşaçıların gurultulu alqışlarını
qazanıb. Sənubər xanım iki günlük konserti
yuxarıda adı çəkilən mədəniyyət evi rəhbərinin
xüsusi zövqlə dinlədiyini bildirdi. Eyni zamanda Azərbaycandan
Parisə yenicə təyin olunan səfirimiz də
tamaşaçılar sırasında olub. Dünyanın
dörd bir yanından çıxış edən
iştirakçılar arasında azərbaycanlı
musiqiçilərin proqramı maraqla qarşılanıb. Bu
fikri məşhur musiqiçilərlə yanaşı,
aşıqları alqışları ilə 3 dəfə səhnəyə
qaytaran tamaşaçılar da göstərə biliblər.
Xatırladaq ki, Sənubər
Bağırova ilə Parisdəki Mədəniyyət Evinin əməkdaşlığı
3 il əvvəldən başlanır. Həmin dövrdə
"Aşıq antologiyası" adlı disk buraxılıb
və bunun ardınca bir sıra əməkdaşlığa
imza atılıb.
Z.Rəhimqızı
Ayna.-2010.-10 aprel.-S.20.