"Sənətin Məcnunu"

 

Səttar Bəhlulzadənin ömür yolundan bəhs edən kitab belə adlanır

 

Azərbaycan rəssamlıq sənətinin görkəmli ismi, böyük rəssam Səttar Bəhlulzadənin saytı yaradılıb. Bu barədə rəssamın bacısı oğlu Rafael Abdinov məlumat verərək bildirib ki, Səttar Bəhlulzadənin ev muzeyi tərəfindən yaradılan saytın hər bölümündə rəssamın bir əsəri əks olunub. Saytda rəssamın həyatı, əsərləri, onun haqqında məlumatlar ayrıca bölümlərdə əksini tapıb. Hazırda sayta bəzi əlavələr edilir, yeniliklər həyata keçirilir. Azərbaycan, rus və ingilis dillərində olan sayt bahlulzade.az ünvanında yerləşir.

Səttar Bəhlulzadə haqqında yeni kitab çapdan çıxıb. Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin Səttar Bəhlulzadəyə həsr etdiyi kitab "Sənətin Məcnunu" adlanır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın bildirdiyinə görə, ötən gün rəssamın ömür yolunu və yaradıcılığını əks etdirən kitabın təqdimat mərasimi İncəsənət Muzeyində keçirilib. Təqdimat mərasimində baş nazirin müavini yazıçı Elçin Əfəndiyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva və Ədalət Vəliyev, parlamentin deputatları Nizami Cəfərov, Elmira Axundova, Qənirə Paşayeva, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, Rəssamlar İttifaqının sədri, xalq artisti Fərhad Xəlilov, Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəkin Salamzadə, Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov, mədəniyyət və incəsənət adamları, ziyalılar iştirak ediblər.

Mərasimdə bədii qiraət ustaları Məhəmməd Füzulinin qəzəllərindən nümunələr oxuyublar, xanəndələr Gülay Qədirova və Ehtiram Hüseynov mahnılar ifa etmişlər.

 

 

Xatun 

 

Ayna.-2010.-17 aprel.-S.20.