Canəli Əkbərov - 70
Teatr Xadimləri
İttifaqında tanınmış muğam ustadı, xalq
artisti Canəli Əkbərovun 70 illik yubileyi münasibəti
ilə mərasim keçirilib. Tanınmış sənət
adamlarının, muğam ifaçılarının
iştirakı ilə keçirilən tədbirdə
yubilyarın ömür yolundan bəhs olunub. Bildirilib ki, 70 il əvvəl
Lənkəranda musiqiçi ailəsində anadan olan, xanəndə
babası və atasının yolunu davam etdirən Canəli Əkbərov
illər sonra Bakıda Filarmoniya nəzdində fəaliyyət
göstərən Xan Şuşinski muğam studiyasında
ustad dərsi alıb. Bu məktəbin təsiri onun
bütün yaradıcılıq yolunu müşayiət edib.
Bakı Musiqi Məktəbini
və Azərbaycan Dövlət Universitetini bitirən sənətkar,
1976-cı ildən Opera və Balet Teatrının solistidir.
Doğma teatrın səhnəsində yaratdığı Məcnun,
Kərəm, Qərib, Camal, Şah İsmayıl,
Azançı, Axund kimi obrazlar hər zaman sənətkara
geniş auditoriya rəğbəti qazandırıb. Azərbaycan
ictimaiyyəti Canəli Əkbərovu həm də görkəmli
pedaqoq kimi tanıyır. 1992-ci ildən bu günə kimi
muğam sənətinin incəliklərini gənc nəslə
öyrədir.
Mərasim konsert
proqramı ilə davam edib. Tanınmış xanəndələr
və yubilyarın istedadlı tələbələri
çıxış ediblər.
Ayna.-2010.-17 aprel.-S.20.