"Adım mərkəzə sağlığımda verildi"

 

İlhamə Quliyeva adını daşıyan mədəniyyət mərkəzində böyük layihələr həyata keçiriləcəyini deyir

 

Ötən gün mətbuat konfransı keçirən xalq artisti İlhamə Quliyeva İstanbulda onun adını daşıyan Mədəniyyət Mərkəzinin açılışı barədə danışdı. Söylədi ki, 300 nəfərin qatıldığı tədbirdə maraqlı çıxışlar olub, son sözü isə səbəbkar özü deyib. Əvvəlcə fikirlərini bildirən və halallıq alan xalq artisti sonda ifası isə iştirakçıları feyziyab edib.

"Yəqin ki, mərkəzin mənim adımı daşıması xəbəri çoxlarını təəccübləndirib. Çünki adət etmişik ki, kiminsə adı harasa ölümündən sonra verilsin. Bu, mənə sağlığımda qismət oldu. Açılışdan sonra 3 həftə Türkiyədə qaldım. Sağ olsun, mərkəzin rəhbəri Sərxan Kərəmoğlu və ailəsi bizə oteldə qalmağa imkan vermədi. Bu müddətdə onun evində qonaq olmuşam. Tədbir zamanı həddindən artıq təkliflər almışam. Əvvəlcə qeyd edim ki, mərkəzdə nüfuzlu adamların gecələrinin keçirilməsi üçün müəyyən fikirlər ortaya qoymuşuq. Yaxın günlərdə həllinə başlayırıq. Konsert proqramları da keçiriləcək. Heç kimə məhdudiyyət qoymaq kimi fikrimiz yoxdur. Əgər filankəs istəsə ki, onun gecəsi təşkil edilsin, əgər məsləhətdirsə, mənim, yaxud başqasının onunla münasibətlərinin necə olmasından asılı olmayaraq, tədbir təşkil ediləcək", - deyə İlhamə xanım bildirdi.

Sözünün davamında təkliflər mövzusuna qayıdan İlhamə Quliyeva dedi ki, ona nəinki yaradıcılıq təklifləri, eyni zamanda Türkiyədə yaşamaq fikri də irəli sürülüb. Amma vətəndən kənarda yaşamağı qəbul etməyən İlhamə xanım qonşu ölkəyə sıx səfərlərinin olacağını istisna etmədi:

"Sağlamlığım imkan verdiyi qədər mərkəzdə keçirilən gecələrdə iştirak edəcəm. Eyni zamanda Türkiyənin 2 tanınmış dərnəyi mənim solo çıxışımı təşkil etmək barədə təklif ünvanlayıb. Əslində, təklif olduqca boldur. Amma hələlik ikisinin üzərində dayanmağı düşünürəm".

Toplantıda iştirak edən mərkəz rəhbəri Sərxan Kərəmoğlu bildirdi ki, tədbirin genişliyinə baxmayaraq, türk sənətçiləri ora dəvət etmək qismət olmadı. O, tezliklə Türkiyənin ünlü isimlərini mədəniyyət mərkəzində bir araya gətirməyi düşünür.

"May ayında mərkəzdə İlhamə Quliyeva adına mükafatın təqdim olunması planlaşdırılır. Bu tədbirdə həm də sənətçilərin iştirakı nəzərdə tutulur. Eyni zamanda biz tək Azərbaycandan deyil, Türkiyədən olan sənətçilərin də gecəsini təşkil etmək barədə düşünmüşük" - deyə Sərxan Kərəmoğlu bildirdi.

Sərxan Kərəmoğlu təəssüflə bir məsələyə toxundu. Dedi ki, bizim sənətçilər Türkiyədə çox "şımarlılar". Yəni burada türk ulduzların kaprizlərini görəndə onlar da orada kaprizli olmağa çalışırlar. Bu isə birmənalı qarşılanmır:

"Əslində, türk ulduzlar biri-biriləri ilə çox mehribandırlar. Onlar tez-tez bir araya gəlir, mehribanlıq nümayiş etdirirlər. Ona görə də başqa birinin kaprizini görəndə qəbul etmirlər. Amma türkiyəlilər bizim sənətkarların əksəriyyətini çox yaxşı tanıyırlar. Bəzi yeni müğənniləri isə, əlbəttə ki, tanıya bilməzlər" - deyə o bildirdi. Sonda İlhamə Quliyeva adına Mədəniyyət Mərkəzinin Ankara filialının açılacağı məlum oldu.

 

 

Z. Rüstəm

 

Ayna.-2010.-17 aprel.-S.19.