Yuri Baliyev: "Onlar bu sözlərinə görə
sabah cavab verəcəklərini düşünməlidirlər"
Natalya Baliyeva: "Əgər
bizə damdan yerə yıxılmağı əmr etsəydilər,
biz yalnız "Nə vaxt?" soruşardıq"
Teatrlarımızın
inkişaf etməsi, çiçəklənmə
çağını yaşaması bizi sevindirməyə
bilməz. Və hər premyeradan sonra bu inkişafı daha
çox görürsən. Mənim üçün teatr həyat
məktəbidir. Və teatrda əsas aktyorların
tamaşaçıya baş verənləri yaşatmaq
bacarığıdır. Bu dəfə sizə əsl aktyor məktəbi
keçmiş cütlüklə söhbətimi təqdim etmək
istəyirəm. Səməd Vurğun adına Azərbaycan
Dövlət Rus Dram Teatrının aktyoru, xalq artisti Yuri
Baliyev və onun ömür-gün yoldaşı, əməkdar
artist Natalya Baliyeva...
Onların tələbəlik
illəri heç də şirin olmayıb. Özlərini
böyük sənətə hazırlayarkən çox
çalışmalı olublar. Bir şey də
aydınlaşdı ki, hər kəs öz sahəsində
onların keçdiyi məktəbi keçsəydi, sıravi
aktyor yox, sözün gerçək mənasında peşəkar
olardı.
- Natalya xanım, sizdən başlayaq. Hazırda
repertuarınızda hansı rollar var?
- Teatrımızda olan təmirdən
sonra, təəssüflər ki, mənim o qədər də
çox rolum yoxdur və "Fedra"da oynadığım
rol o qədər də gözlədiyim rol deyil. Mən daha
maraqlı rollar gözləyirəm, çünki son onilliklərdə
mən, baş rollar olmasa da, hər zaman əsas rolları ifa
etmişəm.
- Bəs bunun səbəbi nədədir?
- Yəqin ki, sadəcə
olaraq, repertuar belə qurulub, şərait belə qurulub və
mən kimisə günahkar çıxarmaq istəməzdim.
- Siz "Remember" rəqs qrupunun da rəhbərisiniz.
Bəs hansı sənətə - rəqsə, yoxsa teatra
birinci gəlmişsiniz?
N.B. -
İkisinə də eyni vaxtda gəlmişəm. Yeniyetməlik
illərində həm rəqslə, həm də teatrla məşğul
olmuşam. Aktrisa olmaq istəmişdim. Qrupa gəlincə isə,
biz bu qrupu bir şəxsin xahişi ilə yaratdıq və bu
qrupu o şəxs maliyyələşdirir.Onu da qeyd edim ki,
teatrda reallaşdıra blmədiklərimi bu qrupla
reallaşdırıram. Və bizim hər rəqsimiz
kiçik bir tamaşa kimidir.
- Maraqlıdır, bəs təhsilinizi harada
almışsınız?
N.B. -
Biz QİTİSin (Moskvada Dövlət Teatr İncəsənəti
İnstitutu) filialı olan Volkov adına Yaroslavl Teatr Məktəbini
bitirmişik. Sovet dönəmi üçün bu, çox
yaxşı teatr təhsili sayılmalıydı. Və
üç il yarım ərzində biz eyni vaxtda musiqi,
xoreoqrafik təhsil alır, rejissor kursları keçirdik. Bizə
peşəkar qrim çəkməyi, teatr sənəti ilə
bağlı hər şeyi öyrədirdilər. Özü də
biz məktəbdə səhər saat 9-dan axşam 11-dək məşğul
olurduq.
Yuri Baliyev: - Diplom işi üzərində isə səhərə
qədər işləyirdik.
N.B. -
Xatırlayıram, Yura xəstə ayağı ilə 6
nömrə rəqsi necə ifa etmişdi. Bu diplom işi
zamanı idi. Bizim müəllimimiz isə ayağı
sınanda sınıq ayaqla gəlirdi məşqlərə və
hamımıza örnək olurdu. Bizə maşın sürməyi,
atəş açmağı öyrədirdilər.
Y.V. -
Biz qəbul imtahanları zamanı tanış olduq. Nataşa
məndən qabaqda oturmuşdu, o qabaqda oturmuşdu, mənə
isə bu sual düşmüşdü: "Vətəndaş
müharibəsinin səbəbləri". Mən ondan kömək
istədim.
N.V. -
Bəli, biz bir yerdə oxuyurduq, biz bir yerdə çətinliklərə
davam gətirirdik, bir yerdə qəpik-quruş qazanmağa
çalışırdıq. Və artıq 40 ildir bir yerdəyik,
sevirik, çətinliklərimiz olur və bir yerdə
sevinirik.
Onu da qeyd etmək istəyirəm
ki, kursa qəbul olan 50 nəfərdən, tədris ilinin
sonunda 17 nəfər qalmışdı. Hər semestrdən
sonra bir çoxları peşəyə yararsız
olduqlarına görə məktəbdən qovulurdular.
- Bəs dəyərdimi bu qədər əziyyətə?
Axı artistlərin maaşı həmişə qəpik-quruş
olub?
Y.B. -
Bilirsiniz, bizi heç kəs aldatmayıb. Bizə bəri
başdan demişdilər ki, teatrda pul yoxdur. Demişdilər
ki, böyük pullar qazanmaq istəyirsinizsə, başqa sahəyə
gedin. Bizdən soruşanda ki, aclığa hazırsan, biz
deyirdik: "Hə". Bizdən soruşanda ki, soyuğa
hazırsan, biz yenə "hə" cavab verirdik.
- Axı bir insan ömrü üçün bu mənəvi
işgəncələr lazım idimi?
N.B -
Bu, işgəncə deyildi, bu, həyatın özü idi.
Biz əsgərlərdən də tez geyinib soyunmağı
öyrənməliydik. Əgər bizə damdan yerə
yıxılmağı əmr etsəydilər, biz yalnız
"Nə vaxt?" soruşardıq.
Y.B. -
Biz "Bacarmaram!" sözünü bilmirdik. Bu sözə
görə tələbələri məktəbdən
qovurdular.
- Azərbaycan Dövlət Rus Dram Teatrına necə gəldiniz?
N.B. -
Bizim teatra gəlişimiz lazımi vaxtda və saatda baş
tutdu. Biz teatra gələn yeni nəslin nümayəndələriyik.
Və mənim bugünkü teatra gələn nəslə
yazığım gəlir, çünki onların lazım
olan "alətləri" yoxdur. Əlbəttə ki, mən
doğru diksiyanı və səhnə hərəkətlərini
nəzərdə tuturam. Onlar rollara doğru
yanaşmalıdırlar. Bu gün mən gənclərə dərs
deyirəm və əfsus ki, bir çox gənclərimiz
bataqlıq üstündə oturublar və ordan necə
çıxacaqlarını bilmirlə
- Natalya xanım "Fedra"da oynayır, bəs siz,
Yuri müəllim, nə üzərində
çalışırsınız?
Y.B - Biz artıq mənim
iştirakımla 3 tamaşa buraxmışıq. 2008-ci ildə
"Torağay" tamaşası üzərində
çalışırdım və 2009-cu ildə onu
buraxdıq. Həmin ildə İbrus teatrında "İvan
Buninin sonuncu vuruşması" tamaşasını təqdim
etdik. Və sonuncu isim "Cəhənnəmin kirayəçiləri"
olub.
- Söz "Cəhənnəmin kirayəçiləri"ndən
düşdüsə, sizə bu tamaşaya aid bir sualım
var. Mən bu tamaşaya gələndə zalda şagirdləri
də gördüm. Sizcə, 12-13 yaşlı uşaqlar bu
tamaşanı qavraya bilərlərmi?
- Bəli, mən
onların tamaşaya gəlməsində məna görürəm,
çünki tamaşada daima "öldürmə",
"satma", "aldatma" kimi ifadələr tez-tez təkrarlanırlar.
Bilirsiniz, əsərin müəllifi olan yazıçı
Elçinin ədəbiyyat dili çox asandır və demək
istədiyini çatdıra bilir. Tamaşanı izləyən
şagirdlər söylədikləri sözlərinə
görə sabah cavab verəcəklərini düşünməlidirlər.
N.B. -
Bu tamaşa onu göstərir ki, hər kəs öz əməllərinə
görə cavabdeh olmalıdır.
Sevinc İsmayıl
Ayna.-2010.-17 aprel.-S.19.