Nisə Qasımova: "Ələkbər
Tağıyev məni həbsxana şəraitində
saxlayırdı"
Müğənni səhnənin idarəedici qüvvəyə
ehtiyacı olduğunu deyir
Özündən
çox sevdiyi anasını itirən xalq artisti Nisə
Qasımovanın əzizi üçün
axıtdığı göz yaşı artıq onun səsində
problemlər yaradıb. Müğənni əvvəlki kimi
oxuya bilməyəcəyindən ehtiyat edir. Bir neçə
aydır efirdən layihəsini, mətbuat və televiziya
işçiləri ilə görüşlərini donduran sənətkar
xanım "Ayna"ya müsahibə verməyə
razılıq verdi. Müğənninin kövrəkliyini nəzərə
alıb, onunla söhbətimizə yaxın günlərdə
fəaliyyətə başlayacaq "Kainat" studiyası ilə
başladıq.
- "Kainat" hansı məqsədlə
yarandı?
- Şirkətin nizamnaməsi
2004-cü ildən hazırdır. Lakin bir ara sənədləşmə
işini dondurmuşduq, artıq bu məsələni də
yoluna qoymuşuq. Eyni zamanda məkan bizə əl vermirdi.
Görüləcək işlər çox, yer isə
kiçik idi. Artıq bu məsələ həllini tapır və
bir sıra layihələrin hazırlanmasına
başlamışıq. Qeyd edim ki, şirkətdə nəinki
incəsənət adamları, bir sıra peşə sahibləri
çalışacaqlar. Ətrafımıza peşəkar heyət
toplamışıq. Bir məqamı da vasitənizlə qeyd
etmək istəyirəm ki, mənim yetirməm olmaq istəyən
sənətçilər studiyadan bəhrələnə bilərlər.
- Mədəniyyət, xüsusilə şou-biznesdəki
hansı boşluqlar burada həllini tapa bilərdi?
- Bu fikrimlə heç
kimə irad tutmaq fikrim yoxdur. Sadəcə, hər bir insan
öz səviyyəsinə, dünyagörüşünə
görə yenilik etmək istəyir. Eynilə də mən. Məqsədim
nədir? Bu yaxınlarda bir diskə qulaq asdım. İslam əxlaqından
danışır, müxtəlif moizələr edirdi.Oradakı
fikirlər hansısa məkanda böyük bir uğultu ilə
səslənib. Bu, dinləyicinin fikrini yayındırır. Mən
bunu başqa cür düşünürəm. Məsələn,
diskdəki şəxsin danışdıqları nədən
ibarətdirsə, buna uyğun, klassik, yaxud başqa Şərq
üslublu bir əsərin fonunda səslənməlidir. Başqa
bir ideyam da var. Elə istedadlı gənclər var ki, maddi
durumu sıfır səviyyəsindədir. Onların səsyazma
studiyasından istifadəsinə imkan yaradılacaq. Amma bu o
anlama gəlməsin ki, "məscidin qapısı
açıqdır və hamı bura daxil ola bilər". Elə
insanlar da var ki, kiçik səsə malikdir, lakin
başlarından böyük işlər görmək istəyirlər.
Onlara səslərinə uyğun düzgün not, oktava, tembr
seçmək imkanı yaradılacaq və bəzi tövsiyələr
veriləcək. Hər bir ifaçıya mütləq istiqamət
verilməlidir. "Kainat" bu imkanı gənclərə
yaradacaq.
- Yəqin studiyaya müğənni həmkarlarınızı
da cəlb etməyi düşünürsünüz?
- Gənclər bir
çox sənətkarların repertuarından bəhrələnir.
Yeni aranjiman, yeni
üslub gözəldir. Amma ifaya nəzarət də
lazımdır. Bəzən belə çıxışlar
ilk mahnı ifaçılarının etirazına səbəb
olur. Olmaz ki, gənclər həmin əsəri ifa edərkən
ilk ifaçının da məsləhətlərindən bəhrələnsin
və daha çox şeylər öyrənə bilsin. Əslində
bunlar az iş deyil. Hərdən deyirəm ki, mənim
gerçəkləşmək üzrə olan bu ideyalarım
"ehsan işi"nə bənzəyir. Heç bir maddi təmənna
güdmədən böyük işlərə əl
atıram. Amma bu o demək deyil ki, burada qazanc olmayacaq. Şirkətin
rəsmi işçilərini dolandırmaq üçün
müəyyən gəlir mənbəyimiz olacaq.
- Uzun aylardır səhnədə, televiziya
kanallarında yoxsunuz. Özünüzə məhdudiyyət
qoymusunuz. İlk telefon danışığımızda bir
çox təkliflərdən imtina etdiyinizi dediniz. Kənar
müşahidələrinizdən sənət aləmində
nəyin dəyişdiyini, yeniləndiyini görə bildiniz?
- Əksər televiziya
verilişlərinə son vaxtlar maraq göstərmirəm. Ona
görə ki, ayrı-ayrı başlıq, ad altında
verilişlər bir-birinin təkrarıdır.Əgər burada
dünya modelindən söhbət gedirsə, bunu da sanballı
şəkildə etmək mümkündür. Lakin milli adət-ənənələrimizi
unutmamalıyıq. İstər mətbəx, istər mədəniyyət,
incəsənət rubrikaları olsun. Burada hansısa ölkələrin
göstərdiklərini təkrarlamaqdansa, özümüz
kimi olmalıyıq. Artıq müxtəlif kanal seçimi
bizi həmin ölkələrin televiziyasını izləməyə
imkan verir. Yerli kanalların bu qədər təqlidinə
ehtiyac yoxdur. Əslində bu problemi çoxları səsləndirir.
Amma əməldə problemə məlhəm olmurlar.
Sənətçilər
arasında qurma intriqalar, yalanlar kimə lazımdır? Nə
qədər boş söz-söhbət yaratmaq olar? Amma bu
gün telejurnalistlər, teleprodüserlər qurulan
yalanları ifşa etməkdə tənbəllik çəkirlər.
Xoşuma gəlməyən digər məqam, ictimai məsələlər
qabarıq şəkildə gündəmə gətirilir. Məsələn,
ailədə qaynana-gəlin münaqişəsi,
valideyn-övlad problemləri cəmiyyətə açıq
şəkildə ötürülür. Mən bunun əleyhinəyəm.
Çünki bizim kanallara tək özümüz, dost ölkələr
baxmır. Eyni zamanda düşmənlər də baxır. Hansı
bir insan özünün mənfi cəhətlərini
başqasına göstərmək istəyər? Çalışar
ki, "zibil"inin üstünü örtsün ki,
görünməsin. Eynən də biz, mühitimizdə olan
bu əyri-əskikləri bir balaca qapalı
saxlamalıyıq.Onda mənfi ünsürlər, mənfi
xüsusiyyətlər öz-özünə sovrulub gedər. Qabarıq
olaylar məni çox narahat edir. Bəlkə də efirlərdən
bu qədər uzaq düşməyimin səbəblərindən
biri budur. Digər səbəb isə anamın
dünyasını dəyişməsidir.
- Sizin aparıcısı olduğunuz veriliş yeni
ideya ilə efirə çıxmamışdı. Amma sizin
vasitənizlə yeni fikirlərin ortaya çıxması, səmimiyyət
verilişi baxımlı edirdi. Amma efirdən getməyə
qərar verdiniz?
- ANS telekanalı mənim
bir sənətçi, müasir bir müğənni kimi
açılışmağıma, insanlarla ünsiyyətə
efir şəraiti yaratdı. Burada model təkrar idi, amma
veriliş bir başqa idi. Ümumiyyətlə, verilişlərin
hər birində nə isə çatmır, boşluq hiss
olunur. Bu, aparıcının, prodüserlərin zəif, yaxud
pis olmasına dəlalət etmir. Ümumiyyətlə,
gözlə görünən hər problemi
aparıcının, yaradıcı heyətin çiyninə
yükləmək olmaz. Bizdə şou-biznes dünyası
tam, mütəşəkkil formalaşmayıb. Biz kommersiya
işi ilə məşğul olan insanın işinə
qarışmamalı, onlardan tələb etməliyik. Əgər
verilişin sponsoru varsa, ödənilən maddi təminat
öz rolunu yetərincə oynaya bilərsə, onda heç
kim verilişə və onun heyətinə irad tuta bilməz. İrad
yalnız aparıcının savadsızlığına,
kobudluğuna və ya intellektinin aşağı olmasına
görə tutula bilər. Artıq ideal verilişlərin
zamanı çatıb. Həmçinin televiziya adamları
kiminlə çalışır, kimi gündəmə gətirir
məsələsinə diqqətlə yanaşmalıdır. Lakin
biz "əşi-əşi" deyərək,
özümüz öz evimizi yıxmışıq. Bu gün
televiziyada reytinq meyarı kortəbii seçilməməlidir.
1999-cu ildə ilk dəfə olaraq səhnə mədəniyyəti
ifadəsi yerinə, səhnə əxlaqı kəlməsini
işlətdim. Məndə intuisiya güclüdür. O dəqiqə
duydum ki, nə vaxtsa səhnə əxlaqı pozulacaq. O vaxt
Moskvadan Bakıya üzü bəri gəlməyə
hazırlaşırdım. Doğrudan da səhnə əxlaqı
məhv olub gedib. Nə səhnədə, nə də efirdə
əxlaqi dəyərlər qorunur.
- Dəyərlərin itirilməsinə kimlər səbəb
olub. Yeni gələn sənətçi ordusu, yoxsa?..
- Müstəqillik
sözündən sui-istifadə etmək olmaz. Lakin biz
azadlığımızdan sui-istifadə etdik. Əslində
bizlərə bu qədər azadlıq vermək lazım
deyildi. Mən iki tip insanam. Alışmışam ki, məni
çalışdığım şirkət, prodüser, yaradıcı
heyət idarə etsin və mən tabeçiliyimi bacarım. Söhbət
sağlam idarəedici qüvvədən gedir. İkinci tipim
odur ki, mən bürcümə, xarakterimə görə
çox azadsevər bir insanam. Bilirəm ki,
azadlığımdan istifadə edib, əndazəmi
aşmaram. Bu uyarlığı əldə edə bilmişəm.
Eyni zamanda bu tip insanların sadəlövhlüyündən,
tabeçiliyindən istifadə etmək lazım deyil. İdarəedici
qüvvə bilməlidir ki, çalışdığı
insana harada azadlıq verir, harada azadlığını əlindən
alır. Sovetlər Birliyi vaxtında rəhmətlik Ələkbər
Tağıyev biz sənətçilərlə bu dəyərlər
üzərində çalışırdı. Bir misal
çəkim. O şəxsən məni həbsxana şəraitində
saxlayırdı. Filan yeməyi yemək olmaz, isti, yaxud soyuq su
içmək olmaz. Dükan, bazar, dayı, bibi evinə gedib-gəlmək
olmaz.Məhbus həyatından sonra mən ekrana
çıxanda çox azad olurdum. İnsanlarla ünsiyyət
üçün can atır, onlara sevgimi göstərmək
istəyirdim. O adətkarlıq məndə qalıb. Amma hərdən
səhnədə "mən nə istəyirəm edirəm, əcəb
edirəm" kimi danışan müğənniləri
görəndə insan iyrənir. Harada görünüb ki,
yaşca kiçik müğənni özündən
böyüyün üstünə əl uzada? Yaxud
yaşlı sənət adamı özündən kiçik
mətbuat işçisi, yaxud müğənniyə "sən
kimsən e, sən nə görmüsən?" desin. Sadə
bir dialoqun özü də insanda ikrah hissi oyadır.
- Tabeçilikdən söz saldınız. Səhnə
əxlaqını formalaşdırmaq üçün
bugünkü bəzi müğənnilərə
tabeçilik hökmən lazımdır?
- Mütləq. Səhnənin
idarəedici bir qüvvəyə ehtiyacı var. Çox
arzulayıram ki, Mədəniyyət və Turizm Nazirliyində
belə bir şöbə yaradılsın. Söhbət yeni
ulduzlardan getmir. Düzdür, onlar arasında da elə bir
ifaçılar var ki, bir ifasına görə hətta ona əməkdar
artist adını da vermək olar. Yetkin sənətçilər
üçün mütləq bir qurum yaradılmalıdır
ki, onların maddi və mənəvi tələbləri tənzimlənsin.
Lakin idarəedici qüvvə olmadığından hərə
özünü yalqız hiss edir. Ən acınacaqlısı
odur ki, bu gün istedadlı gənclər hansısa müsabiqədən
çıxandan sonra başlı-başına qalır. Maddi
ehtiyac yarananda, fikirləşir ki, evdən hansı bahalı əşyanı
satsın ki, "raskrutka"sını edə bilsin.
İstedadı olan ifaçının qarşısında
televiziyaya, bəstəkara, şairə, rejissora və b. şəxslərə
pul ödəmək kimi problem durur. Bu bədbəxtlərin sənət
fəaliyyəti böyük sual altında qalır. Bu
ehtiyacdan tanıdığım sənət adamları var ki,
xaricə köçüb getmək məcburiyyətində
qalır. Belə istedadlılardan birini "Kainat"
studiyası olaraq qaytarmaq istəyirik. Artıq özü də
Bakıya gəlmək və yenidən burada fəaliyyətə
başlamaq istəyir.
- Kimdir o?
- Hələlik adını
açıqlamaq istəmirəm. Səfərə
sayılı günlər qalanda bunu ilk olaraq sizin portala bildirərik.
Yuxarıdakı sözümə əlavə olaraq isə demək
istəyirəm ki, bəzən gənclər bəzi televiziya əməkdaşlarının
çaldıqları ilə oynamaq məcburiyyətində
qalırlar. Ondan tələb edirlər ki, gəldiyi
verilişdə mütləq qalmaqal yaratmalıdır.
Müğənninin başqa çıxış yolu yoxdur.
Ya tələb olunanla razılaşmalı, ya da efiri tərk
etməlidir. Ona görə də efir qazanmaq üçün
qalmaqal yaradır. Ən dəhşətlisi isə budur ki, adi
bir teleaparıcının sözü ilə hansısa bir
müğənni efir qadağasına düşə bilər.
Bu ehtimal üzündən çalınan havaya oynamaq məcburiyyətində
qalırlar. 1996-cı ildə mənim "Ulduzlar
görüşəndə" adında şou-əyləncəli
bir verilişim vardı. Atalar sözü var, "niyyətin
hara, mənzilin ora". Bəzən mən saf niyyətimin
qurbanı oluram, geri qalıram, gözləmə mövqeyində
oluram. Böyük bir fasilə yaradıram. Bu verilişi
açanda yeganə məqsədim bir-biri ilə
küsülü olan müğənniləri
barışdırmaq idi.
- O zaman da küsülü müğənnilər indiki
qədər çox idi?
- İndikilər qədər
çox deyildi. Fikirləşdim ki, onları
barışdırım və 5 aydan sonra yenidən küsərlərsə,
artıq bu onların şəxsi problemidir və
qarışmaq lazım deyil. Buna nail olma ərəfəsində
idim ki, təəssüflər olsun, verilişi
bağladılar. Bunun səbəbləri mənə
qaranlıq qaldı. O ərəfədə qəzetlərin
birində belə bir yazı getmişdi ki, Nisə xanım
"dekolte" geyindiyinə görə, veriliş
bağlandı. O geyimi mən bu gün də geyinirəm. Və
məndən əvvəl geyinənlər var idi. Mən
müqayisə olunası müğənni deyildim ki, desinlər,
"kimdənsə açıq-saçıq geyinib". Bu
bir bəhanə idi. Amma bu bəhanə ucbatından mən
ideyamın efir həllini görə bilmədim. Bir neçə
ildən sonra "qırğın-davalar olmasa, efir
olmayacaq" kimi şərtlər meydana çıxdı. Ətrafıma
nəzər yetirirəm və özüm-özümə
deyirəm ki, insanlar niyə belə tez dəyişiblər? Bu
bizim əsil simamız deyil. Elə müğənni var ki,
qalmaqal yaradır, amma evə gedəndə özünü
danlayır ki, "bu mənə lazım idi?".
- Yarımçıq qalan ideyanızı yenidən efirə
qaytarmaq niyyətiniz var? Ümumiyyətlə, efirə
qayıdışınız gözlənilir?
- Fikrim var. İstər ailədə,
istər yaradıcılıqda olsun, bir işi birtərəfli
görmürəm. Mən razılıqla ortaq məxrəcə
gəlmək istəyirəm. Əgər bu mən istəyən
kimi davam edərsə, küsülüləri
barışdırmaq ideyasını təzələyə bilərəm.
Amma veriliş həftədə 5 gün yayımlanarsa, hər
gün bu barədə danışmaq olmaz. Həftənin 1
gününü bu məsələyə ayırmaq olar. Amma
bir məsələ də var ki, elə küsülülər
var ki, onlar elə küsülü qalsalar yaxşıdır.
Amma elələri də var ki, hər ikisi müsbət
insandır və barışmırlar, dəridən-qabıqdan
çıxıb onları bir araya gətirərəm.
- Sizin küsülü olduğunuz sənət dostunuz
var?
- Hazırda yoxdur. Balaca
nöqtə qalmışdı, onu da sildim getdi. Əgər
kiminləsə uzun illər küsülüyəmsə, deməli,
o mənim üçün "sıfır"dır, ya da mənim
üçün bir xalı varsa, mənim üçün dəyərli
bir insandır. Küsülülük insanın qəlbində
qubar yaradır. İnsanın rifahına mənfi təsir
göstərir. Mən küsülü olmağın nə
olduğunu çox gözəl dadmışam və istərdim
ki, barışığa layiq olan insanlar arasında sülh
yarada bilim. Nədənsə sənətçilər ən
böyük rəqabəti bir-birləri ilə
küsülü qalmaqda görürlər. Amma bir qədər
özümüzü silkələyib, daha məntiqi şeylərə
əsaslanmalıyıq. Yəni küsülü qalmadan da rəqabət
aparmaq mümkündür. Onda bu, sağlam rəqabət olur.
İnsan kamilləşir...
Z.Rəhimqızı
Ayna.- 2010.- 24 aprel.- S.21.