Şirvanlı şair Naseh
Bir adın işığında
1903-cü ildə Firidun
bəy Köçərlinin "Azərbaycan türklərinin
ədəbiyyatı" kitabı Tiflisdə nəşr
olunanda ədəbi içtimaiyyət bunu çox
böyük maraqla qarşılamışdı. "Tiflisski
listok" qəzeti yazırdı: "Müasir oxucunun
böyük əksəriyyətinə Azərbaycan ədəbiyyatı
haqqında heç bir şey məlum deyildir. Onunla ancaq bəzi
mütəxəssislər tanışdırlar. Buna görə
də bir neçə gün əvvəl haqqında müxtəsər
məlumat verdiyimiz Firidun bəy Köçərlinin yenicə
çıxmış, azərbaycanlıların ədəbiyyatına
həsr olunan kitabı xüsusi maraq doğurur".
Araşdırmalar
göstərir ki, Firidun bəyin "Azərbaycan türklərinin
ədəbiyyatı" kitabının nəşri
ziyalılara böyük sevinc bəxş etmişdi. Kiyevdə
təhsil alan azərbaycanlı tələbələr,
Bakı, Tiflis, İrəvan ziyalıları, Dərbəndin
bir qrup din xadimi, Novorossiysk İmperator Universitetinin tələbəsi
Nəriman Nərimanov, Omsk şəhər sakini Məhəmmədov
və başqaları Firidun bəyin bu zəhmətini millətimiz
və xalqımız üçün əvəzsiz töhfə
kimi qiymətləndirirdilər.
Kitabı qəzalarda yaşayan ziyalılar da maraqla
qarşılamışdılar. Onlar vaxtilə şair kimi
tanınan ata-babaları haqqında Firidun bəyə həvəslə
məlumatlar yazır, sandıqçalarda saxlanan əlyazmalarını,
cüngləri ona göndərirdilər.
Şamaxıdan Ağaəli bəy Əfəndizadə
Şirvan şairlərinin bir bağlama şeirlərini
yığıb göndərmişdi. Onların arasında
Naseh təxəllüslü şairin də bir neçə qəzəli
vardı. Firidun bəy bağlamadakı şeirlər içərisində
ən çox Nasehin qəzəllərini bəyənmişdi.
Ona görə də Ağaəli bəyə məktub
yazıb rica edirdi ki, yeni kitabına daxil etmək
üçün Naseh təxəllüslü şairin qəzəllərindən
bir neçəsini yenə göndərsin.
Firidun bəyi heyrətləndirən səbəb
Bir neçə gündən
sonra Abbas Səhhətdən aldığı məktub Firidun
bəyi heyrətdə qoydu. Səhhət yazırdı ki, sizə
şeirlərini Naseh təxəllüsü ilə göndərən
Ağaəli bəy utancaq və təvazökar olduğuna
görə sizə özü barədə məlumat verməmişdir.
Sonralar Firidun bəy
Köçərli "Azərbaycan ədəbiyyatı"
kimi sanballı əsərinin "Şirvan şairləri"
fəslində şamaxılı Ağaəli bəy Nasehi
hörmət və məhəbbətlə yad edirdi:
"Ağaəli bəy
Naseh şeirləri qayət dərəcədə gözəldir.
O şəxsin özü isə farsca, rusca savadlı bir şəxsdir,
hətta ərəbcəni də yaxşı bilir. Xüsusən
Ağaəli bəy Nasehin haqqı bizim boynumuzda artıq dərəcədədir
ki, Şamaxı şüərasının tərcümeyi-hallarına
dair bir çox məlumat bizə cəm edib göndərmişdir.
Bu barədə ol cənaba səmimi-qəlbdən
razılıq izhar edib, cənabi-həqqdən xoşbəxtlik
və tul ömür mərhəmət olmasını təmənna
edirik".
Müasirlərinin
xatırladığına görə, Firidun bəy
Köçərlinin bu sözləri Ağaəli bəy
Nasehə verilən ən düzgün qiymətdir.
İndiyədək ədəbiyyatşünaslığımızda
tədqiq olunmayan Naseh təxəllüslü şair Ağaəli
bəy Hacı Məhəmməd oğlu Əfəndizadə
1856-cı il sentyabrın 10-da Şamaxıda doğulmuşdur.
İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid"
məktəbində almışdır. Atası tacir olduğundan
ona ticarət işlərində köməkçi olan
Ağaəli bəy on altı yaşına çatdıqda
fars və türk dillərində aldığı təhsillə
kifayətlənməyib rus dilində də oxumağa həvəs
göstərmiş və üç sinifli şəhər məktəbində
dörd il təhsilini davam etdirmişdir.
Respublika Əlyazmalar
İnstitutunun xəzinəsində "Nasehin tərcümeyi-halı"
adlı əlyazma saxlanılır.Əlyazmanın müəllifi
göstərilməsə də, üslubundan və faktlardan
onun müəllifinin məşhur maarifçi Camo Cəbrayılbəylinin
olduğunu biz şəkk-şübhəsiz təsdiq edirik. Çünki
Camo Cəbrayılbəylinin 1966-cı ildə nəşr
olunmuş "Xatirələrim"dəki faktlarla Əlyazmalar
İnstitutunda saxlanan "Nasehin tərcümeyi-halı"ndakı
faktlar arasında çox böyük bənzərlik var. Camo
bəy xatirələrində etiraf edir ki, Nasehin tərcümeyi-halını
ondan yaxşı bilən yoxdur. "Mən hələ
uşaq ikən ailəmiz Nasehgil ilə
yaxınlaşmış, Naseh böyük bacımla evlənmişdi".
Camo bəyin xatirə yazısı
Camo Cəbrayılbəylinin əlyazmalar xəzinəsində
saxlanan yazısı Nasehin ilk gəncliyi haqda daha maraqlı
faktlarla zəngin olduğu üçün bir parçanı
diqqətinizə çatdırırıq:
"Babası Hacı
Baba Əfəndi zəmanəsinin varlı adamlarından olub,
öz övladları üçün bir qədər maddi
ehtiyat qoymuşdu.
Hacı Məhəmməd
bir müddət ticarətlə məşğul olduqdan sonra
kasıblığa düşüb vəfat etmişdir. Ağaəli
bəy yalnız öz təşəbbüsü ilə
"uyezdnoye uçilişe" (qəza rus-tatar məktəbi)
adlı məktəbə girib orada oxumağa
başlamış, bərabər olaraq türk, ərəb və
farsca dəxi Molla Cami adlı şəxsin mədrəsəsində
təhsilini davam etdirmiş.
Rusca məktəbə
girməsindən qoca anası və əqrəbası məmnun
deyillərmiş. Çox vaxt anası Pərizad rus dilində
yazılmış kitabları gizlədərmiş, ya da
çölə tullarmış. Bununla belə az bir zamanda təhsilində
müvəffəqiyyət qazanıb yavaş-yavaş fars
kitabları oxumağa başlamışdır. Ehtiyac məcbur
etdiyi üçün təhsili buraxmış və
"uyezdnoye uçilişe"nin üçüncü
sinfindən çıxıb qulluq etməyə
başlamışdır. Bir müddət əvvəl Kürdəmirdə,
sonralar Şamaxıda silistçi dilmancı vəzifəsində
çalışaraq dolanmışdır. Həm rusca, həm
türkcə, ərəb və farsca mütaliə edərək
təhsilini daim artırmağa çalışmışdır.
Nəhayət, rus və türkcə mükəmməl
savadlı olduğu üçün o vaxtkı mülahizələrə
görə, bir qədər də tərəqqi edərək
mirovoy sudda katib müavini vəzifəsinə cəlb
olunubmuş.
Hələ uşaq ikən
şeir yazmağa həvəsi olduğu üçün
doqquz yaşında yazdığı məktubu nəzmlə
yazmağa can atmışdı. Bir tərəfdən
çarizm siyasətinin boğucu təsiri, o biri tərəfdən
zəmanəsinin şairlərlə rəqabətsizliyi, nəhayət,
cüzi bir dolanacaq ehtiyacı vaxtını əsər
yazmağa sərf etməyə imkan verməmişdir. Şeirlə
yalnız imkan bulduğu zaman məşğul olurmuş. Ərəb
və farsca biliyi o dərəcədə idi ki, istər ərəbcə,
istərsə də farsca kitabların üzərilə
göz gəzdirib hekayə kimi nəql edərdi.
Çocuq ikən
başına toplanıb "Min bir gecə"dən hekayə
söyləməsini rica edərdik. Şeirlərini Sabir, Səhhət,
Tərrah, Hacı İsmayıl Veysov və bir-iki nəfər
sair yaxın adamlarından ibarət olan məhramanə məclisində
oxuyurdu.
Çox zaman Firidun bəy
Köçərli ilə yazışaraq öz əsərlərini
ona göndərərdi. İlk zamanlar Naseh Köçərliyə
kim olduğunu söyləməyib Nasehin şeirləri
haqqında onun rəyini sorurdu. Köçərlinin məktubunun
birində "Nasehin şeirləri filhəqiqət qüvvətlidir
və xoşuma gəldi" yazısını şəxsən
özüm 1912-ci ildə oxumuşam. Səhhət, Sabir, Tərrah
da öz şeirlərini Köçərliyə Naseh vasitəsilə
göndərirdilər.
Zatən çox utancaq
və başıaşağı bir adam olduğu
üçün yazdıqlarını hələ-hələ
meydana çıxarmazdı və yalnız ən yaxın
adamlar üçün oxuyardı.
Naseh çox gənc ikən
Şamaxıdakı "Beytüs-səfa" şairlər məclisinin
fəal iştirakçısı olmuşdur. O, Məhəmməd
Səfa, Ələkbər Qafil, Qafar Raqib, Molla Ağa Bixud,
Ağababa Zühuri, Mirzə Mahmud Zui, Mirzə Məhəmmədhəsən
Nalə, Salik Şirvani kimi klassik üslubda yazan şairlərlə
şeirləşmişdir.
Şeirdə, sənətdə
ən yaxın dostları Mirzə Ələkbər Sabir, Abbas
Səhhət, Məhəmməd Tərrah və Məhəmməd
Hadi olmuşdur. Məclislərdə oxunan şeirlərə ən
düzgün qiyməti Naseh verdiyinə görə dostları
onu öz aralarında Mizanüşşüəra - şairlərə
qiymət verən ən düzgün tərəzi
adlandırırdılar. Seyid Əzim Şirvanidən sonra
Şamaxı şairlər məclisinin rəhbəri Ağaəli
bəy Naseh olmuşdur.
Nasehin məsləhətilə
Abbas Səhhət tədriclə rus dilində oxuyur, klassikləri
öyrənirdi. Onun üçün aydın olmayan cümlələr
və kəlmələrin izahı haqqında Nasehə
müraciət edirdi. Naseh isə hər bir sözün həqiqi
və məcazi, dar və geniş mənasını cümlə
içərisində konkret misalla izah edirdi. Nasehlə Səhhət
arasındakı belə elmi mübahisədən mən daha
çox qazanırdım. Birindən rus dilinin incəliklərini,
o birindən Şərq ədəbiyyatının qüdrətini
öyrənirdim.
Abbas Səhhət də
bu yaxşılıqları unutmamış, 1912-ci ildə məslək
dostuna "NaseH" adlı gözəl bir şeir həsr
etmişdir.Ağaəli bəy Naseh təbiətən
çox ciddi adam olmuşdur. Həmişə qəmli və
fikirli gəzən Naseh Şamaxı divanxanasında katib vəzifəsində
işləmişdir. Altı nəfərdən ibarət ailəsini
güclə saxlayan şair həm də mirzəlik
etmişdir.
1911-ci ildə Jurpanski
adlı bir nadanın Şamaxı qəza rəisi və
qaragüruhçu, şovinist Kolomentyev familiyalı bir rusun
divanxana rəisi təyin olunması bütün Şamaxı
maarifçilərinin ruhdan düşməsinə səbəb
oldu. Heç kəslə hesablaşmayan, kimsəni belə
saymayan Jurpanski qulluqda olan azərbaycanlıları incidir,
yersiz bəhanələrlə şərə salıb işdən
çıxarır, söyüb təhqir edirdi. "İdarəmiz
rus idarəsidir, iş başında da mütləq ruslar
olmalıdır" deyən Jurpanski bacarıqlı,
savadlı azərbaycanlıları xidmətdən kənar
edirdi. Ömrünün otuz ilini məhkəmə idarəsində
keçirən əlli beş yaşlı Nasehi də nadan
Jurpanski yaramaz sözlərlə təhqir edir, onu qulluqdan
qaçırmağa çalışırdı. Saf qəlbli
Naseh nə Jurpanskinin, nə də Kolomentyevin şovinist hərəkətlərinə
dözə bilirdi. Bu millətçiləri şeirlə
qamçılamaqdan başqa çarəsi yox idi.
Naseh bir müxəmməsində
yana-yana deyir ki, dünyanın işlərini nadanlar idarə
edir, haqqın yerini nahaq tutur, ədalət və mürvət
əvəzinə zülm, yalanlar meydan oxuyur. İnsanlar
daş qəlbli olub, məhəbbət və ülfətdən
qeyb olublar, - deyə şair fəryad edir.
Lakin bu nikbin şairin təsəllisi
də var. İnsana, əsil-nəcabətli adamlara
inamı da.
Ülfəti, sədaqət və dəyanəti də şair Naseh nücəba insanlarda görür və bununla da özünə
"Səbr eylə"
mürəbbesində təsəlli
edir. Təəssüf ki, klassik şairimiz Ağaəli bəy Nasehin bir neçə şeir, qəzəl və mürəbbeləri,
müxəmməsləri qalmışdır.
Onun əsərləri 1902-ci ildə
Şamaxı zəlzələsində
və 1918-ci ildə ermənilər Şamaxını
yandıranda itib-batmışdır.
Onun Seyid Əzim Şirvaninin ölümünə
yazdığı "Getdi"
qəzəli saf dili, məna tutumu ilə oxucunu heyrətdə qoyur. Şamaxıda məhkəmə katibi vəzifəsində
çalışan Ağaəli
bəy Naseh Əfəndizadə 1914-cü ildə
vəfat etmişdir.
Onun vəfatının şahidi
olan qaynı Camo Cəbrayılbəyli
xatırlayır ki, Naseh bir dəfə
çox əsəbi gəldi. Hirslənərək
dedi ki, bu qulluq adamı
lap inək edərmiş...
Vicdansız Kolomentyevin üzünə
tüpürüb istefa
üçün ərizəmi
verdim, həqarətdən
qurtardım, başqa çarəm yox idi. Əsəbləri pozulan saf qəlbli Naseh yatağa düşdü.
Bir gün eşitdim ki, çox ağırdır. Əhval-pürsan olmağa getdim.
Naseh şiddətli hərarətin
təsirindən sayıqlamaqda
davam edirdi. Azca ayılan kimi uşaqlarını çağırıb
üzlərinə güldü.
Bu zaman gözlərinin
dolduğunu gizlətmək
üçün üzünü
divara çevirdi.
Beş-altı gün ağır xəstə yatdı. Nəhayət, ürəyi davam gətirmədi və altı xırda uşağını gözü
yaşlı qoyub bizi həmişəlik tərk etdi".
Şeir-sənətdə böyük Sabirin, Səhhətin, Hadinin xeyirxah məsləhətçisi olan
saf qəlbli Nasehdən bizə şeirləri ilə bərabər, Respublika Əlyazmalar İnstitutunda
saxlanan bircə fotoşəkli qalmışdır.
...Nasehin son oğul
yadigarı Cümşüd
Əfəndizadə 1993-cü ildə işıqlı dünyamızı tərk
etdi. Əlli ildən çox
Bakı Dövlət Universitetində çalışan
Cümşüd müəllimlə
görüşüb söhbət
etmək bizə qismət oldu. Atası Naseh haqqında məlumatları da bizə rəhmətlik Cümşüd müəllim
danışmışdı.
Şəmistan NƏZİRLİ
Ayna.-2010.-24 aprel.-S.18.