Modelyer dizayner
Gülnarə Xəlilova: "Dünyada
əl işinə çox böyük dəyər verirlər"
İlin işgüzar
xanımının sənət
uğurları
"İlin
işgüzar xanımı" yeni zirvələri fəth
edir. Bu il onun üçün böyük
işgüzarlıq ilidir. Bir neçə səfərləri
olub, müxtəlif mükafatlara layiq görülüb.
Modelyer dizayner Gülnarə Xəlilova öz sənət
çalışmalarındakı uğurlarını bizimlə
daha ətraflı bölüşür. Gülnarə Xəlilova
deyir:
- Bu il mənim
üçün yadda qalan hadisələr və uğurla
başladı. İki mükafata: "İlin işgüzar
xanımı" və mətbuatın 135 illiyi ilə
bağlı verilən "Mətbuatın dostu"
mükafatına layiq görüldüm. Konsertlərə gəlincə,
iki layihədə işlədim. Mart ayında əməkdar
artist Simarə İmanovanın Filarmoniyadakı konsertində
geyindiyi libasları mən hazırlamışdım. Və
may ayında Heydər Əliyev Sarayında əməkdar artist
Tünzalə Ağayevanın solo konserti təqdim olundu. Bu
konsertdə isə mən bütün musiqi heyətinin
libaslarının müəllifi idim. Bunlar mənim
uğurlarım idi və burada ilk dəfə olaraq sizə
danışıram.
Fevral ayında bir beynəlxalq
təşkilatdan, özəlliklə Rövşən
Muradovdan gözəl bir təklif aldım. Misirdə İskəndəriyyə
kitabxanasında Azərbaycan guşəsi
açılırdı və mənə bir milli libasın bu
guşədə yer almağını təklif etdilər. Və
mən çox böyük məmnuniyyətlə milli
libaslarımdan birini hədiyyə olaraq həmin kitabxanaya
göndərdim. Geyim orada çox gözəl
qarşılandı. Və cavab olaraq Qadınların Beynəlxalq
Sülh Hərəkatı Fondunun sədri Suzanna Mübarəkdən
təşəkkür məktubu aldım.
Aprel ayında 100 illik
yubileyi ərəfəsində Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında yenicə fəaliyyətə
başlayan Yaradıcılıq Studiyasının "Təbəssüm"
rəqs kollektivi Türkiyəyə yola düşdü. Bütün
dünyaya yayımlanan TRT-nin xətti ilə 32-ci dəfə
düzənlənən Beynəlxalq Çocuq Festivalında
bu dəfə bizi Musiqili Komediya Teatrının balaca artistləri
təmsil edirdilər. Dünyanın ən müxtəlif
ölkələrindən gələn çocuqlar bayram
günlərində Ankaraya uçdular, TRT rəhbərliyi,
Türkiyə Parlamentinin üzvləri, baş nazir Rəcəp
Tayyip Ərdoğan və hətta prezident Abdullah Güllə
görüşdülər. Rəqs qrupunun kiçik üzvü
Vaqif baş nazir Rəcəp Tayyip Ərdoğana, prezident
Abdullah Gülə mənim hədiyyə kimi hazır etdiyim
"İçərişəhər" kompoziyasını
təqdim etdi. Qeyd etmək istəyirəm ki, Vaqifin kostyumunu da
mən hazırlamışdım.
Bu ilin mart ayında
Çində Beauty Fashion World 2010 gözəllik müsabiqəsi
ənənəvi olaraq keçirildi. Və mənə
Dünya Gözəllik Konqresinin prezidenti və Azərbaycan
Moda Assosiasiyasının prezidenti Zamir Hüseynov Azərbaycanı
bu müsabiqədə təmsil edən İradə
Balaxanovanın libaslarını hazırlamağı təklif
etdilər. Məmnuniyyətlə bu təklifi qəbul etdim.
Sevindirici haldır ki, İradə mənim "Toxunma"
kolleksiyamdan olan paltarla "ən gözəl ziyafət
paltarı" nominasiyası üzrə
mükafatlandırıldı. Ümumiyyətlə, dünyada
əl işinə çox böyük dəyər verirlər.
Bu geyim münsiflərin diqqətini cəlb etmişdi.
- Səhv etmirəmsə, Ankaradan yenicə
qayıtmışsınız. Səfəriniz necə keçdi?
- Bəli, Ankarada Beynəlxalq
ənənəvi Moda Nümayişində və sərgisində
iştirak edirdim. Bu nümayiş Beynəlxalq Geyim Mədəniyyəti
Assosiasiyası, Türkiyənin Ankara Olqunlaşma, Türkiyə
Mədəniyyət və Turizm Nazirliyi, Koreyanın Ankara səfirliyi,
Türkiyə-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının təşkilatçılığı
ilə reallaşdı. İşlərim yenə də
çox böyük diqqət və marağa səbəb
oldu. Tədbirdə cənab Pak Türkiyə - Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının sədri, Li Sang -
Çin ənənəvi Geyim və Mədəniyyət
İnstitutunun direktoru, TBMM-in millət vəkili Şövket
Gürsoy və Koreyanın Türkiyə səfiri iştirak
edirdilər. Bu çərçivədə keçirilən
konfransda bir neçə ölkənin nümayəndələri,
həmçinin Azərbaycan nümayəndələri
çıxış etmə hüququnu qazandılar. İki
jurnal çap olundu və jurnallarda mənim
çıxışım və hazırladığım
libasların şəkilləri yer almışdı.
Sevinc İsmayıl
Ayna.- 2010.- 7
avqust.- S.19.