"Şou-biznes Lenini
arzusuna çatdırıb"
Fərhad Xəlilov: "O arzu
edirdi ki, incəsənət kütlə
üçün olmalıdır
..."
"Bu gün rəssamlığa
maraq güclənib. Çünki Azərbaycan xalqı sənətə meyilli xalqdır. Məndən
soruşurlar ki, "Sizin əsərlərinizi
bizim tamaşaçılar
qavrayacaqmı?". Cavab verirəm ki, "Bəziləri qavrayacaq, çünki təbiətən
qavrayırlar. Onlar da tək-tük adamlardır.
O birilərinə nə
isə deməyə nə mənim, nə sizin ixtiyarınız
çatır. Çünki sənəti bilmir, amma bilməlidir, tanımalıdır. Heç olmazsa,
100 dəfə görməlidir
ki, gözü bir az açılsın".
Bu iş hər birimizin öhdəsinə
düşür. Dövlətdən tutmuş hər bir vətəndaşa kimi bununla məşğul
olmaq lazımdır".
Bunu Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov söylədi.
Onun fikrincə, rəssamlara qanun çərçivəsində
müəyyən imkanlar
yaradılmalıdır. İttifaq
sədri hesab edir ki, vergi
siyasəti müəyyənləşdirilən
zaman sərginin təşkili üçün
müxtəlif cür
imtiyazlar olmalıdır:
"Bir neçə il öncə Macarıstanda bir sərgimiz açıldı,
rəssamın əsərlərinin
yük departamentindən
keçməsi üçün
Azərbaycan Rəssamlar
İttifaqı 2000 dollar xərclədi. Demirəm ki,
hamıya imtiyaz lazımdır. Elə sahələr
var ki, onlar
üçün bu şəraiti yaratmaq lazımdır. Milli Məclis "Mədəniyyət
haqqında" qanunu qəbul edəndə rəssam üçün
müəyyən imkanlar
yaradılmalıdır".
Qeyd edək ki, Azərbaycanda
sırf mədəniyyət
telekanalının açılması
ilə bağlı sənət adamları müxtəlif təkliflərlə
çıxış edirlər.
Belə təkliflərdən birini
də Fərhad Xəlilov verib. O deyir ki, təkliflər edilsə də, nəticəsi yoxdur.
F.Xəlilovun dediyinə
görə, Rusiyanın
ən yaxşı kanalı mədəniyyət
kanalıdır: "İstərdik
ki, bizim də belə bir kanal olsun.
Kanalın yaranması üçün
bəzi obyektiv məsələlər var,
mən tam əminəm
ki, bizim buna imkanımız var".
Gənc rəssamların fəaliyyət
planından söz salan F.Xəlilov istedadların sayının
qənaətbəxş dərəcədə
olduğunu etiraf etdi. "Ancaq elə
istedadlar var ki, onlar çox
zərifdir, belə istedadları qorumaq lazımdır", - deyə
bildirdi.
"Biz dünya mədəniyyətinə
qovuşmaq istəyirik,
ancaq bunun çətinliyini bilmirik. O barədə
ki, sən gərək öz rəssamlığını sübut
edəsən, bunu sübut edənə kimi sənə kömək lazımdır.
Sən öz sənətini sübut edənə kimi yaşamaq üçün ayrı sənətdən qazanırsan.
Müxtəlif yerlərdə - kafedə,
dükanda işləyirlər.
Bəziləri isə dövlətdən
yardım alır.
Bizdə
də belə olmalıdır. Keçmiş sistem zamanı bu yardımı lazım olan da alırdı, olmayan da. Elə adamlar yardım alırdılar ki, bəlkə heç bu sənətlə məşğul olmamalıdırlar.
Mən bu mənada həmişə sərt olmuşam. Ancaq zəmanə dəyişdi,
zamanın çətinlikləri
əmələ gəldi
və mən insan kimi yumşaldım.
Bu yardımı ancaq tək-tük adamlar ala bilər. Əgər sən bu sənəti
sevirsənsə, bunsuz
yaşaya bilmirsənsə,
bir yol tapacaqsan.
İndi rəssamlar var ki, müəllimlik edir, binaların, ofislərin bərpası,
dizayn ilə məşğul olur və pul qazanırlar.
Hesab edirəm ki, get-gedə rəssamların imkanları çoxalacaq.
Bakıda nə qədər
bina tikilib, əgər hər evdə yaşayacaq insan bir əsər
alsa, görün nə qədər əsər satılacaq".
"Sənətdə
müəlliminiz kim olub?" sualını cavablandıran
rəssam "sənət
müəllimim təbiət
olub. Van Qoqu
isə ən böyük rəssam hesab edirəm. Azərbaycanda da çox böyük rəssamlar
var. Amma rəssamlıqda
yarışı heç
cür anlaya bilmirəm. Məni düşündürən budur:
çəkə bilmədiklərimi
çəkim. Fikrim var
ki, Abşeronun bəzi yerlərini yaradım. Abşeronun ekologiyası, ondakı
dünya çox dəyişir. Abşeronu yaddaşlara
həkk etməyi bir fakt kimi
yaradıcılığıma daxil edəcəyəm.
Abşeronun estetikası, mədəniyyəti,
tarixi qalmalıdır.
Portret janrını isə gəncliyimdə işləmişəm.
İndi portret işləmirəm.
Sərgimdə yalnız xanımımın
portretini qoymuşdum.
Mən təbiətlə işləyirəm.
Bu gün portret işləyən rəssam
o qədər də tanımıram" dedi.
Şou-biznesin rəssamlığa
nə dərəcə
yol açdığına
gəlincə, ittifaq sədri deyir ki, şou-biznes kiməsə lazım ola bilər,
ancaq ona lazım deyil. Onun fikrincə, sovetlərin dövründə
də şou-biznes var idi:
"Amma elə fikirləşməyin ki, şou-biznes ancaq musiqidədir. Bu gün
şou-biznes artıq rəssamlığa da yol tapır. Şou-biznes anlayışı yüngül
yolla insanlara xoş gəlmək, onları cəlb etməkdir. Bu, kütləvi mədəniyyət
və mədəniyyətə
cəlb etməkdir.
Kütləvi mədəniyyət
hər zaman olub, ancaq indi
daha güclənib. Bu, bütün dünyada
böyük problemdir.
Mən bir şeyi deyə bilərəm ki, şou-biznes Lenini arzusuna çatdırıb.
O hər zaman arzu edirdi ki,
incəsənət kütlə
üçün olmalıdır.
Amma sənətdə kütləvilik
çox qorxuludur".
Xatun
Ayna.- 2010.- 7 avqust.- S.19.