Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"

 

Xanəndə səsi olmayana bu sənətdə yer görmür

 

Xalq artisti Arif Babayev yetirmələrini özü kimi yetişdirmək istəyir. Onlarca tələbəsi olan xanəndə istəyir ki, hər birinin öz dəst-xətti olsun. Bağ evində yay istirahətində olan xalq artisti vaxt ayırıb qəzetimizə fikirlərini bölüşdü:

- Müsahibələrinizin birində ürəyinizdə nisgilinizin olduğunu demisiniz. Nədir sizi narahat edən?

- Mənim Qarabağ adlı dərdim var. Neçə illərdir onsuz özümü yetim hiss edirəm. Ola bilər ki, bəzi insanlar torpaq dərdini dildə çəkirlər, mənim isə daxilimdə kök atıb. Mən evimi-eşiyimi muğamla tikmişdim. Lakin ermənilər onu bir günün içində viran qoydular. Bu ifadəni maddiyyata bağlamıram. Şəhərdə və Bakı kəndlərinin birində evim var. Mən Qarabağdakı ata yurdum üçün qəribsəmişəm. Səsimi oradan gətirmişdim, indi ora aparmaq istəyirəm.

- Son illər səsinizdə titrəmələr hiss edilir. Bunu yaşla da bağlamaq olar?

- Əslində dəvət aldığım tədbirlərin çoxuna getmirəm. Bəzi dövlət tədbirlərindən imtina edə bilmirəm. Əgər torpaq boyda nisgilim olmasaydı, səsim bəlkə yerində olardı. Axı neçə illərdir mən ata yurduma gedə bilmirəm. Maddiyyatla çox şeyi əldə etmək olur. İlhamlanmaq üçün sənə əziz olan varlığı görmək, duymaq lazımdır. Doğma yurd-yuvamdan çıxandan sonra mən bu duyğunu hiss edə bilmirəm. Düzdür, gənc yaşlarımdan Bakıya gəlib sənətlə peşəkar səviyyədə məşğul olmağa başlamışam. O vaxtlar ruhumu təzələmək üçün tez-tez Qarabağın bölgələrinə üz tuturdum. Orada keçirilən xanəndə məclisində iştirak edir, ifaçılarla deyişirdik. O mənzərələri indi yuxuda görürəm. Gerçək həyata qayıdanda isə onlar sovrulub gedir. Bəlkə , 72 yaşım olmasaydı, cavan olsaydım, bu qədər nisgil yaşamazdım.

- Sizcə, yaxşı sənətkar 72 yaşında da sərbəst oxuya bilər?

- Nadir hallarda belə məqamlara rast gəlmək mümkündür. Mənim səsim bəzən yaxşı olur, bəzən oxuya bilmirəm. Bəzən elə tədbirlər olub ki, imtina edə bilməmişəm fonoqram ilə oxumuşam. Əslində mən fonoqramın əleyhinəyəm. Amma səs problemim məni seçim məcburiyyətində qoyur. Səs insanın əlində deyil. Biz onu qorumağa çalışırıq. Necə olacağı isə özündən asılıdır.

- Muğamı sintez şəklinə gətirmək adı ilə yadlaşdıranların sayı durmadan artır. Amma sənətkarların fikrinə məhəl qoyan yoxdur.

- Mən onları muğam ifaçısı hesab etmirəm. Neft sudan asan şəkildə ayrıla bildiyi kimi, onlar da yaxşı oxuyanlardan asan şəkildə seçilirlər. Ola bilsin, həmin ifaçıların yetərincə reklamı, sponsoru var. Amma bu onların istedadlı olmalarına dəlalət eləmir. Son illərlə bu dövrü müqayisə edin. Vaxt vardı, muğam ifaçısının adı gələndə hamının üzündə hüzn ifadə yaranırdı, yaxud televizorların kanalı dəyişdirilirdi. İndi isə gənclərin əksəriyyəti muğamı maraqla dinləyir, hətta onların arasında bu sənəti öyrənmək həvəsi artıb.

- Bugünkü musiqiçilər, hətta gənc xanəndələr arasında bir-birinin ünvanına işlətdiyi ifadələr var ki, ictimaiyyət arasında bu normal qəbul edilmir.

- qədər qalmaqaldan uzaq olsam da, belə sözləri eşidəndə danışmaq istəyirəm. Hətta belə insanların yerinə mən utanıram. "Biri-birilərini "bozbaş" adlandırırlar. O, nemət adıdır, qidadır. Belə ifadə işlədən insanları tənbeh etmək lazımdır. Amma bu cür danışanların sayı o qədər artıb ki, onlarla bacarmaq mümkün olmur. Birinə deyirsən, o birisi eşitmək istəmir. Hərdən deyirlər, özbaşınalığın qarşısını almaq üçün şura, bilim, qurum yaradılsın. Əgər insan sözə tabe olmursa, qurum hansı ölçüləri götürə bilər?

- Bu gün gənclər arasında istedadlı xanəndələr az deyil. Amma bəziləri özündən yaman razı görünür.

- Heç kim quru səsinə güvənməsin - birdən getdi gəlmədi. Onda neyləyəcək. Belələrini mən tez-tez görürəm. Hərdən dərs dediyim məktəblərin dəhlizində özünü dahi sənətkar kimi aparan tələbələr görürəm. Çəkirəm kənara başa salıram. Məni görəndə özünü yığışdırır, amma gözdən itən kimi bildiyini edir. Elə olub ki, 8 ay səsim işləməyib. Bu, Tanrının əlində olan bir nemətdir.Qalmışam çarəsiz. İnsan ona bəxş edilənin qədrini sağlığında bilməlidir...

- Arif müəllim, musiqiçilərin həyatı ictimaiyyətin diqqətində olduğundan, sizinlə bu barədə danışmaq istəyirəm. Yəqin, sizin həyatınızda maraqlı hadisələr az olmayıb?

- deyim? Olub. Biz sənətçilər müxtəlif cür insanlarla qarşılaşırıq. Bunların hər biri həyatımızda izlər qoyur. Demirəm ki, ailəmi dəhşətə gətirə biləcək hadisəyə əl atmışam, yox. Amma mənim özümə görə, maraqlı günlərim olub.

- Yəni

- Ailəmi, xüsusən həyat yoldaşımı incitməməyə çalışmışam. Biz musiqiçilərin ətrafı həmişə müxtəlif insanlarla əhatəli olur. Həyat yoldaşım Gültəkin xanım bəzi şeylərə gözünü yuman, ailəsini tutan qadın olub. Bilirsiniz ki, bəzi ailələrin, həm sənətçilərin çoxunun ailəsi xəyanətdən dağılır. Qadın gərək, bir tərəfdən güzəştə getməyi bacarsın. Əsl kişi isə birinci ailəsini qorumalıdır. Mən bunu həmişə bacarmışam xanımım da mənim qədrimi bilir.

- Baba kimi nəvələrinizə qarşı necəsiniz? Səhnə, pedoqoji fəailiyyət ailənizə kifayət qədər vaxt ayırmağa imkan verirmi?

- Əgər mən yaxşı baba olmasaydım, onsuz da qrafikim mənə nəvələrimlə məşğul olmağa az hallarda vaxt ayırardı. 6 nəvəm var. Onların nazını çəkməyə hər zaman hazıram. Onlardan biri adımı daşıyır. İnanın, evə gələndə, əsasən bağ evində olanda, sakit oturmağa imkan vermirlər. Əyləşən kimi biri qucağımda oturur, biri boynuma çıxır. Biri hoppanıb, özünə yer axtarır. Hərdən fiziki gücüm onların hamısı ilə eyni vaxta məşğul olmağa imkan verməsə , nəvələrimdən keçə bilmirəm.

- Çoxsaylı tələbə yetişdirmisiniz. Amma ailənizdə davamçınızın olduğunu görə bilmirik.

- Əslində, oğlum Yaşarın səsi var idi. Mutasiya dövründən sonra səsinin bir hissəsini itirdi. Bəlkə onunla xüsusi məşğuliyyətim olsaydı, belə olmazdı. Amma qismət. Mən onun musiqi sənətinə gəlməsinə imkan vermədim, bu yoldan çəkindirdim. Çünki başqalarına irad bildirdiyim halda, oğlumun məni bir o qədər qane etməyən səs imkanına göz yuma bilməzdim. Ona dedim ki, özünə başqa sənət seçsin.

- Bəs nəvələriniz haqda necə düşünürsünüz?

- Kiçik nəvəmin ağlamağından hiss edirdim ki, onun yaxşı səsi olacaq. Amma hələ uşaqdır. Bir az böyüsün. Mən onda sənətə həvəs görə bilməsəm, qolundan tutub, səhnəyə çıxarmaram. Onları sərbəst böyütməyə çalışırıq..

 

 

Z.Rüstəm 

 

Ayna.- 2010.- 14 avqust.- S.19.