Səninlə və sənsiz
Keçən əsrin 60-cı illərinin
ortaları idi. Sovet cəmiyyəti
daxilində liberallaşma
prosesi gedirdi. Bunun nəticəsi idi ki, Vəli
Axundov, Şıx-Əli
Qurbanov kimi liberal-demokrat partiya rəhbərləri, Ziya Bünyadov, Rüstəm Əliyev kimi coşqun alimlər, Əkrəm Əylisli kimi ötkəm qələm sahibi vardı.
Həmin dövrdə, əlbəttə,
ən parlaq şəxsiyyətlərdən biri Şıx-Əli Qurbanov idi. Vəzifədən uzaqlaşdırılmış, bir müddətdən sonra isə yenidən irəli çəkilmiş, millətini
səmimiyyətlə sevən,
imkanlarından xalqın
marağı üçün
geniş istifadə edən partiya rəhbəri idi.
Şıx-Əli Qurbanovla mən cəmi iki dəfə
görüşmüşəm. "Molodyoj Azerbaydjana" qəzetində şöbə
müdiri vəzifəsində
çalışırdım. Qəzetin istiqamətinə
xas olmayan silsilə məqalələr
vermişdim: "Zəfəran",
Babam", "Sumax"
və s.
Dərc etdirdiyim materiallarla bağlı redaksiyaya çoxlu məktub və müsbət rəylər daxil olmuşdu. Buna baxmayaraq,
məni iclaslarda tənqid edirdilər ki, yazılarımda milli ənənələrə
yol açıram, yəni ki, daha
çox sovet ənənələrindən yazmaq
lazımdır. Tənqidə baxmayaraq, iclaslardan sonra qəzetin redaktoru Faiq Mustafayev (biz onunla sinif yoldaşı olmuşduq) məni öz yanına dəvət edərək,
deyərdi ki, söz-söhbətə fikir
verməyim, yazdığımı
- yazmaqda davam eləyim. Həmin günlərin birində mənə zəng vurub, təlaş içində dedi: - Bilmirəm nə üçünsə səni
Şıx-Əli Qurbanov
yoldaşın yanına
çağırırlar (o vaxt Şıx-Əli müəllim Mərkəzi
Komitənin ideologiya üzrə katibi idi).
Katibin kabinetinə daxil olanda, gördüm ki, nurlu və
işıqlı qonur
gözlər mənə
maraqla və hörmətlə baxır. Məqalələri oxumuşdu və onlara tərəfdar çıxdı. Vidalaşanda
dedi ki, hər birimiz vəzifəmizdən düzgün
istifadə etməklə
xalqımıza qulluq etmiş olarıq, onu inkişaf etdirərik. Söhbətimiz alındı.
İkinci dəfə Şıx-Əli
müəllimin yanına
çox maraqlı tapşırıqla dəvət
etmişdilər.
- Bu, yazı
məsələsi deyil,
- dedilər. - Bakıya
bir neçə tanınmış yazıçı
gəlir, onların ziyalılarla, tələbələrlə
görüşləri olacaq.
Qonaqlardan birini - Rəsul
Həmzətovu sənə
tapşıracağıq. Bilirsən də, onun meyli
nəyə çoxdur.
Belə et ki, nə şiş
yansın, nə kabab.
Yazıçıların səfərinin axırı
idi. Möhtəşəm görüşdə Şıx-Əli müəllim
də iştirak edirdi. Rəyasət Heyətində o, Rəsul Həmzətovla yanbayan əyləşmişdi.
Tənəffüsdə hörmətli
şair məndən xəlvəti olaraq öz kefini bir az
"qaldırmışdı". Bunu Şıx-Əli müəllim hiss etmişdi
və zalda narazı baxışları
ilə məni tapıb, elə bil, bir növ
məzəmmət elədi.
Lakin bir azdan Rəsul
Həmzətova söz
verildi və o, həmişəki kimi çox müdrik bir çıxış elədi və vətənimiz, xalqımız,
ədəbiyyatımız barədə
dərin mənalı
sözlər söylədi.
Axırda isə, üzünü Şıx-Əli
müəllimə tutub
dedi:
- Söylədiyim
sözlər şit tərif deyil, həqiqətdir.
Şairin çıxışı katibin
ürəyincə oldu. İclasdan sonra
məni Şıx-Əli
müəllimin yanına
çağırdılar. Katib mülayim tərzdə dedi ki, bir anlıq
səhvini sən Rəsul Həmzətovun ürək açan çıxışı ilə,
onun xalqımız haqqında dediyi xoş sözləri ilə yuyub apardın.
Şıx-Əli Qurbanovun adı çəkiləndə ən
əvvəl Novruz bayramı yada düşür. Əslində, bu onun fəaliyyətində bir ştrixdir. Gəlin düzün deyək
- Novruz bayramı ailə, qohum-qonşu səviyyəsində həmişə
qeyd olunub. Yaşlı nəslin yaxşı yadındadır:
bayramqabağı həyətlər
təmizlənər, qapı-pəncərələr
yuyular, divarlar ağardılar, evlərdə
bayram çörəyi
bişirlər, yumurta
rənglənərdi. Xonça tutular,
qohum-qonşu bir-birinin
evinə gedərək,
bayramlaşardı. Bunlar hamısı
var idi, ancaq rəsmiləşdirilmiş
səviyyədə ümumxalq
bayramı yox idi.
Şıx-Əli Qurbanovun böyüklüyü
ondadır ki, o, Azərbaycan xalqının
milli şüurunu oyadaraq meydana sözün geniş mənasında AZƏRBAYCANSEVƏRLİK
İDEYASI ilə çıxmışdı. Bu möhtəşəm işin
əvvəlini o, xalqı
özünə və
dünyaya tanıtmaqda,
onun mentalitetini formalaşdırmaqda görürdü.
Novruz bayramının da mənasını açıqlayıb,
onu məişət səviyyəsindən qaldırıb,
bütövlükdə xalqın
bayramı kimi, milli ənənə kimi rəsmiləşdirmişdi.
Şəxsən Şıx-Əli Qurbanovun
təşəbbüsü və dəstəyi ilə o dövrdə xaricdə daha çox olan alimlərdən biri - tanınmış şərqşünas
Rüstəm Əliyev
görkəmli azərbaycanlıların
axtarışını aparır,
onlarla əlaqələr
yaradırdı. Qəzetlərdə bu haqda geniş materiallar verilirdi.
Vətənimizdə çap
olunan rusdilli qəzetlərin xaricdə
daha çox oxunduğuna görə bu nəşrlərdə xalqımız haqqında dolğun və dərin materiallar verilməsini vacib sayaraq, ideologiya üzrə katibin təşəbbüsü ilə
rus dilində yazan bir qrup
istedadlı azərbaycanlı
jurnalistlər bu qəzetlərə işə
qəbul olunur, sonralar isə onların bir çoxu redaksiyalarda rəhbər vəzifələrə
irəli çəkilirdilər.
Bunlar Şıx-Əli
Qrubanovun ilk, ancaq perspektivli addımları idi...
Çox-çox təəssüf...
Şıx-Əli Qurbanovun "Sənsiz" pyesi Azərbaycan Dram Teatrında
onsuz oynanıldı. İlk tamaşa
1967-ci il iyunun 2-də oldu. Premyerada bəlkə də ilk dəfə idi ki, zal
o cür ağzınacan
dolmuşdu - adamlar hətta keçidlərdə
ayaqüstə dayanmışdılar.
Şıx-Əli müəllimin ruhu o zalda idi. Biz onsuz idik, o da bizsiz.
O gün, əminəm
ki, hər birimiz, premyerada olanlar da, olmayanlar
da, eyni hissləri keçirirdik.
Fazil MURADƏLİYEV
Ayna.- 2010.- 14
avqust.- S.19.