Rasim Balayev: "Nəsimi qədər dərimin soyulmasına dözə bilmərəm"

 

Aktyor "mən həyatda adi bir insanam" deyir

 

Xalq artisti Rasim Balayev xasiyyətinin kino aləminə vizit kartı olan "Nəsimi"yə çox oxşar olduğunu deyir. Belə ki, o da Nəsimi kimi prinsipialdır. Amma müsahibim etiraf edir ki, Nəsimi kimi dərisinin soyulmasına qədər dözə bilməz. "Mən həyatda adi bir insanam, Nəsimi isə adi deyil. O olmaq istədiyimiz, amma ola bilmədiyimiz qəhrəmandır. Ona görə bizi müqayisə etmək düzgün deyil. Onu da deyim ki, Nəsimi digər rolları oynayanda müəyyən tərbiyəvi xüsusiyyətləri özümçün götürmüşəm. Hər roldan isə öyrənməyə çalışıram", - deyə R.Balayev bildirdi.

Bəlli olduğu kimi, kino işçiləri milli kinomuzun inkişafdan qalmasından çox danışırlar. Bir fakt da məlumdur ki, son zamanlar Azərbaycanı festivallarda yalnız sənədli filmlər təmsil edir. Bəzən elə təsəvvür yaranır ki, Azərbaycanda ümumiyyətlə bədii film çəkilmir. Çəkilənlərin keyfiyyəti festival səviyyəsində olmur.

R.Balayevin qənaətincə, bədii filmin festivalda nümayiş olunması dünya bazarında alınması üçün onun çəkilişi, texniki parametrləri dünya standartlarına uyğun olmalıdır. Müsahibimin sözlərinə görə, sənədli filmin istehsalı daha ucuz başa gəldiyindən gənclər bu sahəyə maraq göstərirlər. Sevindirici haldır ki, bəziləri bu sahədə nailiyyət əldə edir. Fəqət aktyor əminliklə vurğulayır ki, ucuz ətin şorbası olmur:

"Məsələ ondadır ki, başqa ölkələr bahalı filmlər gətirirlər. Bacarıqlı rejissorlarımız var. Amma onlar ya klip çəkir, ya da telekanallarda işləyirlər. Bundan sonra onları kinoya cəlb etmək mümkün deyil. Bir klipi 10 minə çəkirlər. Amma bədii film üzərində bir il işləsə , həmin pulu əldə edə bilməyəcək".

R.Balayevin dediklərindən öyrəndik ki, Gədəbəydə "Qala" filminin çəkilişində olanda bu sahədə maliyyə çatışmazlığını daha çox hiss edə bilib:

"Təsəvvür edin ki, filmi çəkən qrupun işçilərinə gündəlik 3 manat yemək pulu verirdilər. Bu adamlar hər gün pomidor-çörək yeyirdilər. 140-150 manat maaş alırdılar, o pulu da ailələrinə göndərirdilər. Bizdə filmi tutaq ki, 300 minə, Rusiyada 1,5 milyona çəkirlər. Axı 300 minlə 1,5 milyon arasında fərq çoxdur. Bu gün mən baş rola görə 2-3 min alıramsa, Rusiyada 60-70 min manat alırlar. Kinodan əldə edilən vəsait olduqca cüzidir. Təhsil almamış şeir yazmaq, şəkil çəkmək olur. Amma fitri istedadla kino çəkmək olmur axı".

"Babək olmaq çətindir, yoxsa Hüseyn Cavid?" sualını cavablandıran hər iki obrazın qəhrəmanı deyir ki, hərəsinin öz çətinlikləri var. Çünki onlar ayrı-ayrı adamlardır. Onun sözlərinə görə, Babək aktyor oyunu baxımından çox çətindir. İstidə qılınc oynatmaq, at sürmək, kütləvi səhnələrin qurulması əziyyətli işdir. Həm Babək daha imkanlıdır. Cavid isə hər şeyi içində çəkən insandır:

"Baş verənləri içində çəkmək çox çətindir. Xarakterinə görə Hüseyn Cavid fərqli obrazdır. Əsəbini içində çəksə , həmişə sakit danışmağı bacarır".

 

 

Xatun 

 

Ayna.- 2010.- 21 avqust.- S.20.