Teatrda bədii əsərlərin
sayı azalıb
Xalq artisti Yaşar Nuri problemdən söz açdı
Müasir Azərbaycan
teatrı çoxsaylı problemlərlə üzləşib.
Bina, aktyor və səhnə atributları sarıdan çətinlik
çəkən teatrlar səhnələşdirmək
üçün reallığa cavab verən əsər axtarışına
çıxıb. Maddi marağı təmin olunmayan
yaradıcı insanlar isə başqa sahədə özlərini
sınamağa üstünlük verirlər. Aktyorların əksəriyyəti
teatrda səhnələşdirmək üçün
bugünkü reallığa uyğun əsərlərin
yoxluğunu dövrün vacib problemi kimi önə çəkir.
Lakin həmkarlarından
fərqli olaraq xalq artisti Yaşar Nuri radio və
televiziyalardakı bədii əsərlərin say
azlığından şikayət etdi:
"Ötən illərdə
teatrdan çox kinoda müəyyən problemlər mövcud
idi ki, artıq bunların müəyyən qismi müsbət
həllini tapır. İndi radio və telekanallarda bədii əsərlərin
sayı azalıb. Sovet dövründə belə idi ki,
aktyorlar bu sahədə də çalışır, yazarlarla
bir araya gəlib meydana dəyərli məhsul çıxara
bilirdilər. Lakin bu gün yazarlara ödənilən qonorar
kifayət etmədiyindən onlar səhnə əsəri yazmaqdan
imtina ediblər. Hazırda teatrların problemləri daha
çox bu məsələ ilə bağlıdır".
Məlumatlara görə,
son zamanlar teatrlara gələn aktyorların səviyyəsi
arzuolunan səviyyədə deyil. Bu fikirlə razılaşan
Y.Nuri hesab edir ki, onların arasında yaxşıları da
var. Ancaq "30 ilin aktyorunun maddi vəziyyətinə baxanda
onların da həvəsi ölür". Həmsöhbətim
deyir:
"Bir var yolçuya
baxıb yolçuluğu öyrənəsən, bir də var
alimə baxıb alimlik etmək istəyəsən. Gərək
bu sahədə çalışanların maddi vəziyyəti
yaxşı olsun ki, gənclərdə də həvəs
yaransın".
"Teatr və teatr fəaliyyəti
haqqında" qanunun qəbulundan sonra bu sahədəki
problemlərin həll olunub-olunmayacağı məsələsinə
gəlincə, Yaşar Nuri qeyd etdi ki, öncə teatr sahəsində
yaranan münasibətləri tənzimləyən qanun qəbul
etməklə bir sıra problemləri yoluna qoymaq olar. Lakin
qanunu qəbul etməzdən öncə geniş ictimai
müzakirələr aparılmalıdır.
Aktyorun fikrincə, qanuna
elə maddələr salınmalıdır ki, sonradan heç
bir problem yaranmasın və qanunun işləkliyi təmin
edilsin. Qanunda gənc aktyorlara qayğı, onların sosial
müdafiəsini təmin edən müddəalar əksini
tapmalıdır:
"Hesab edirəm ki, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Gənclər və
İdman Nazirliyindən gəldiyindən gənclərin
problemini kifayət qədər bilir".
Teatrdakı böhranlı
günlərin uzun sürdüyünü iddia edən həmkarlarının
fikrini birmənalı qəbul etməyən aktyor
"böhran cəmiyyətin bütün sahələrini əhatə
edə bilər" dedi. İstənilən sahənin
inkişafı üçün əsas şərt
maddiyyatdır. Əgər aktyora yaxşı pul verilməsə,
ondan yalnız ilk aylarda yaxşı aktyor oyunu tələb etmək
olar: "Sonra o, həvəsdən düşüb yalnız səhnədə
oynamaq xatirinə qalacaq".
Xatun
Ayna.- 2010.- 21
avqust.- S.20.