"Bəstəkarlara
"mahnını bəyənmirəm" deyə bilmərəm"
İndiki mahnılar Aygün
Kazımovanın oxu tərzini dəyişib
Sonuncu plastik əməliyyatdan sonra kütlə qarşısına yay konserti proqramı ilə çıxan xalq artisti Aygün Kazımova yaxın aylar üçün bir sıra yaradıcı layihələr düşünür. Bunlardan biri növbəti dəfə "Best Model of Azerbaiyan" model yarışmasının rəhbər kürsüsündə oturmağı xəbəridir.
Aygün xanım bildirib ki, hazırda son danışıqlar gedir və onun adının rəhbər kürsüsünə təsdiqi tezliklə bəlli olacaq. Yaxın həftələrdə isə müğənni bir sıra yeni mahnılarını təqdim etməyə hazırlaşır. Lakin müğənninin son illər təqdim etdiyi mahnılar musiqiçilər tərəfindən tərəddüdlə qarşılanır. İddia edilir ki, xalq artistinin ifasında səslənən mahnılar bəsitdir və bu səbəbdən də uzun zaman yadda qalmır.
Halbuki sənətçi xanımın 80-ci illərdə təqdim etdiyi repertuar onun milli estrada sənətində ifaçı kimi adının təsdiqinə yol açmışdı. Lakin müşahidəçilərin fikrincə, müğənninin indiki proqramı onun musiqidəki imicini korlayıb, nüfuzunu aşağı salıb. Bütün bunlara Aygün xanım özü aydınlıq gətirdi:
- Səhnəyə ilk qədəmlərini atan ifaçı üçün repertuar, imic hər şeydən vacibdir. Lakin səhnədə yüksək stajı olan müğənni üçün eyni xətti tutması vacib hesab olunmur. Əvvəlki üslubumu qorumaq şərti ilə ifamı başqa istiqamətlərə də yönəldirəm. Eyni zamanda bəstəkarlar o vaxt mənə daha sanballı mahnılar təqdim edirdilər. Bu gün isə onlardan eşitdiyiniz mahnıları ala bilirəm. Məncə, repertuar seçərkən insanların zövqü vacib amillərdən biri kimi nəzərə alınmalıdır.
- Aygün Kazımova üçün tamaşaçı problemi yoxdur. Siz tamaşaçıya hansı mahnı payını təqdim etsəniz, onu da həzm edər...
- Sizinlə razıyam. İstiqaməti müəyyən edən müğənnidir. Gənc yaşlarımdan Cavanşir Quliyev, Eldar Mansurov, Vaqif Gərayzadə kimi bəstəkarlarla çalışmışam. Cavanşir müəllimin 88-ci ildə mənə təqdim etdiyi "Yarımın üzünə həsrətəm" (mahnını zümzümə edir - red.) mahnısı, loru dildə desəm, bomba kimi partladı. Orada mən ilk dəfə zəngulə boğazlarından istifadə etmişdim. Zaman keçdi, Vaqif müəllim mənə "Şəklimi çəkə-çəkə" mahnısını yazdı. Mahnılar arasında fərq çox böyükdür. Lakin publika hər ikisini eyni məhəbbətlə qəbul etdi. Əgər burada Cavanşir müəllim, Eldar müəllim, yaxud Vaqif Gərayzadə imzası varsa, o mahnıdan imtina edə, üzlərinə "mahnını bəyənmirəm" deyə bilmərəm. Nə bilim, mənə elə gəlir ki, müğənninin formalaşmasında bəstəkar əməyi daha vacibdir.
- Bəlkə ötən əsrin mahnılarını gözdən keçirəsiniz?
- Olar. İlk dəfə bu ideyanı konsertlərimdən birinin proqramına remiks variantında daxil etdim. Amma orada siz deyən mahnılar yox, son 4-5 ilin yaradıcılığı əks olunmuşdu. Texnika inkişaf etdikcə, tamaşaçıya hər məhsulu təqdim etmək olmur. Gəncləri də düşünmək lazımdır, yaşlı insanları da. Mən onların qəbul edə biləcəyi məhsulu hazırlamağa çalışıram. Qəbul edirlər.
- Müasir mahnılar
oxuma maneranız da dəyişib...
- Əlbəttə. Retro mahnıların
əvəzi yoxdur. Lakin musiqidəki
inkişaf müğənnilərin
imkanlarını bu gün daha çox
aça bilir. İndiki səs imkanlarımla yüksək notlarda çox asanlıqla oxuya bilirəm.
- Bu imkanları Hollivud
səhnəsində təqdim
etməyə yubanmırsınız
ki? Çünki vaxtilə yaydığınız
məlum informasiyadan sonra bütün televiziya və mətbuat səhifələri
Aygün Kazımovanın
dünya arenasında qazanacağı uğurları
proqnozlaşdırırdı. Lakin hər şey bir anda dayandı.
Yurmala uğursuzluğunun psixoloji
gərginliyini hələ
də yaşamırsınız
ki?
- Əlbəttə ki, yox. "World music Awards"la
bağlı ciddi addımlar atılıb.
Müsabiqənin şərtlərinə görə, İctimai Televiziya təşkilat komitəsindən yayım
hüququ almalıdır.
Bu, nəhayət, baş tutdu. Bu, "Evrovision"dan min dəfə möhtəşəm
bir layihədir. Yurmalaya gəlincə, ondan sonra daha böyük
müsabiqələrdə iştirak
etmişəm. "Asiyanın səsi",
"Türkvision" laureatı
olmuşam.
- Amma onlar sizi dünya səhnəsində tanıda
bilmədi...
- Çünki
sovet dövründə
keçirilən müsabiqələr
son illər əvvəlki
nüfuzunu saxlaya, qoruya bilmir. Ona görə də meydana bir-birindən fərqli yarışmalar çıxır. İndi onlar
üçün çalışmaq
lazımdır.
- "Aygün Kazımova məktəbi"
olacaqmı?
- Bunu əlimdə bayraq tutaraq məktəb yarada bilmərəm. Zamanı gələndə məktəb
özü-özünə yetişəcək.
- Şübhəsiz
ki, özünüzü
dəst-xətti olan müğənnilərdən hesab
edirsiniz. Sizcə,
bu, məktəbin yaranmasına bir işarə deyil?
- Mənə
elə gəlir ki, o prosesə doğru hələ yol gedirəm.
- Aygün Kazımovanın hər hansı gəncin səhnəyə yararlı
olub-olmadığını müəyyən etmək
üçün sözü
keçərlidir?
- Elə
bir zəmanədə
yaşayırıq ki,
fikirlər bəzən
təhrif olunur, bəzən adama elə cavab verirlər ki, dəymişi dura-dura kalı tökülür.
Mənə elə gəlir
ki, bunu deməyə ehtiyac yoxdur. Zaman onları öz
ələyindən keçirir.
Ola bilər ki,
pilləkəndə bir
neçə addım
ata bilər, amma sonadək gedə biləcəyi zamanın işidir. Məktəb
yaratmaq isə hələ tezdir. Özümü gənc
hiss etdiyim üçün
buna tələsmirəm.
70 yaşını keçən Alla Puqaçova son 8 ildə yetirmələrini təqdim
etməyə başlayıb.
Onunla müqayisədə mən
hələ çox gəncəm. Hələ ki
böyük layihələr
təqdim etmək istəyirəm. Xatırlayırsınızsa,
mənim "Best Model of Azerbaiyan"a ilk rəhbərliyim
uzun zaman yaxşı mənada müzakirəyə çevrildi.
İnsanlar bu layihənin
möhtəşəmliyindən danışdılar. İndi də
bu işi öhdəmə götürmək
istəyirəm. Amma
birincidən fərqli
bir təqdimatı insanların yaddaşına
köçürmək şərti
ilə...
Ayna.- 2010.- 28 avqust.-
S.21.