Fehruz Şəmiyev: "Maraqlı film, maraqlı yarışma ən vacib şərtdir"
Kinematoqrafiyamızın gələcəyinə nikbin baxış
"Sinema"
Gənc Kinematoqrafçılar
Mərkəzinin sədri
və "Start" Beynəlxalq
Tələbə filmləri
Festivalının direktoru
Fehruz Şəmiyev ixtisasca ssenaristdir. Gürcüstanda "İncəsənətin
marketinqi və prodüser" kurslarında
iştirak etmişdir.
Yəni bu sahəni bilir. Hazırda "Sinema" Gənc Kinematoqrafçılar
Mərkəzinin sədri
və "Start" Beynəlxalq
Tələbə Filmləri
Festivalının direktorudur.
Özünü daha çox prodüser kimi görür. Söhbətimizdə onların
gördükləri işlərlə
maraqlanırıq. Fehruz
Şəmiyev deyir:
- Mərkəzimiz
2004-cü ildə Mədəniyyət
və İncəsənət
Universitetini bitirmiş
kino ixtisaslı məzunlar tərəfindən
təsis olundu. İlk layihəmiz 2005-ci ildə Mədəniyyət və
Turizm Nazirliyinin təsis etdiyi
"Kino+" qəzetinin çapı
ilə başladı.
"MDB və Yaxın Şərq kinosu bu gün"
adlı layihə keçmiş sovet respublikasında kinonun vəziyyəti barəsində
araşdırma materiallarından
ibarət idi. Qeyd edim ki,
həmin dövrdə
bu sahədə bizim dildə heç bir məlumat yox idi. İran, Suriya, Əfqanistan, Türkiyə kino istehsalının bu günü haqqında da yetərincə geniş materiallar hazırladıq. Bunun ardınca Mərkəz Azərbaycanda kinonun dirçəlməsi, gənc
kinematoqrafçıların irəliyə addım atmaları üçün
vacib bir layihəni - Səməd Mərdanov adına "Tələbə filmləri
festivalı"nı gerçəkləşdirdi.
Sonradan bu festival beynəlxalq səviyyəyə
çıxdı və
hazırda "Start" Beynəlxalq
Tələbə Filmləri
festivalı adı ilə keçirilir. Bu il artıq 7-ci "Start"a hazırlaşırıq.
Qeyd edim ki, festivalın təşkilatçıları Mədəniyyət və
Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Sinema" mərkəzidir. 6 il ərzində festivalda 21 ölkənin tələbələri
iştirak edib. Bizim festivalda hətta Kann festivalında iştirak etmiş qısa filmlər də yarışıb. Maraqlı
film, maraqlı yarışma
ən vacib şərtdir. Münsiflər
heyəti hər dəfə xarici və yerli mütəxəssislərdən
ibarət olur.
- Bu gün çoxları
klipmeykerliyə can atır.
Bu həm qazanc yoludur, həm də kino çəkmək
üçün bir addımdır. Siz necə, heç klip çəkmək fikriniz olubmu, yoxsa birbaşa filmlərə başladınız?
- Bu gün artıq kliplər haqqında az danışılır. Səbəb - kinonun dəbə minməsidir. Yeni filmlərin sayı artır. Fikir versəniz, klipmeyker kimi tanınan insanlar artıq böyük filmlər çəkməyə başlayıblar. Ülviyyə Könül, Elxan Cəfərov və s. Gənc klipmeykerlərin varlığından isə çoxlarının xəbəri yoxdur. Artıq kino öz sözünü deməyə başlayıb. Bu səbəbdən də kimin imkanı varsa, kino ilə məşğul olmağa çalışır. Şəhərdə "sinema" sözünə indi daha çox rast gəlmək olar.
- Azərbaycan kinosunun əsas problemi, sizcə, nədədir?
- Sözsüz ki, problemlər var və onları aradan qaldırmaq üçün zaman lazımdır. Düşünürəm ki, yaxın illərdə Azərbaycan filmləri daha böyük festivallardan əlidolu qayıdacaq. Məncə, kinematoqrafiya sahəsində savadlı kadrlara ehtiyac var. Diqqət yetirsək, bu problemin necə böyüdüyünü görərik. Sovetlər Birliyi dağılıb və Moskvaya 20 ildir rejissorluq oxumağa heç kimi göndərmirik. Yalnız bu ildən Mədəniyyət və Turizm Nazirliyi bu yöndə işlərə başlayıb. Digər tərəfdən, ölkəmizdə peşəkar ssenaristlərin olmaması işləri mürəkkəbləşdirir. Deyirik ki, dünyaya öz mədəniyyətimizlə çıxmalıyıq. Deməli, birinci növbədə həmin mədəniyyəti yaxşı bilən ssenarist olmalıdır. Bu, İran kinosunda da, Türk kinosunda da belədir. Misalları ona görə onlardan gətirdim ki, mədəniyyət olaraq həm bizə yaxındılar, həm də 1990-dan 2005-ci ilə kimi İran kinosu dünyaya yaxşı mənada meydan oxuyub. 2003-cü ildən sonra Türkiyə kinematoqrafiyası Avropanı heyrətləndirməyə başlayıb. Hər iki ölkənin filmlərində milli adət-ənənəni və düşüncəni görmək mümkündür. Hazırda ölkəmizdə yüksək səviyyəli ssenarist, məncə, yoxdur. Bizim aparıcı mütəxəssislərimiz həmişə deyirlər ki, kinoteatrlara gedən yoxdur, kino zalları boşdur. Mənə elə gəlir ki, artıq tamaşaçı geniş ekranda kinoya baxmaq üçün darıxıb. Biz bunu konkret olaraq təsisçisi olduğumuz "Start" Film Festivalının açılış mərasimində hiss etdik. Təsəvvür edin ki, tamaşaçılar zaldan çıxmaq istəmirdilər. İnanıram ki, bizim kinoteatrlarımız təmir olunub istifadəyə veriləndən sonra tamaşaçılar yenidən sovet dönəmindəki kimi kinoteatrlara üz tutacaqlar.
- Bu yaxınlarda İranda keçirilən festivalda münsiflərin tərkibində idiniz. Oradakı işləriniz haqda danışa bilərsinizmi?
- "Start" Beynəlxalq Tələbə Filmləri Festivalının xarici əlaqələri istədiyimiz səviyyədədir. Bir neçə festivalla əməkdaşlıq edirik. Bu yaxınlarda İranda keçirilən "Rəhmət" Beynəlxalq Film festivalında münsiflər heyətinin üzvü kimi dəvət olundum. Bundan əvvəl ötən il Tehranda "100 saniyə" Beynəlxalq Film Festivalına qonaq qismində dəvət olunmuşdum. "Rəhmət" film festivalında münsiflər heyətinin üzvü kimi iştirak mənim üçün böyük uğur idi. Festivalın münsiflər heyətində İranın Derəxşəndə, Xosrov Məsumi kimi tanınmış rejissorları iştirak edirdi. Yüksək səviyyədə təşkil olunan festivalda çox maraqlı İran filmlərini izlədim. Orada böyük kino məktəbləri var. Kino fanatları isə gözlədiyimdən çox idi. Gənclərin hamısı qəpik-qəpik pul toplayıb film çəkirlər. Hansısa hadisə olan kimi, onun haqqında sənədli film çəkməyi düşünürlər. İnanıram ki, yaxın gələcəkdə bizdə də bu hal yaşanacaq. Qeyd edim ki, festivalın proqramına Azərbaycandan olan 4 film də düşmüşdü. "Koramal" filmi isə "ən yaxşı bədii film" mükafatına layiq görüldü. Bu festivalda mən maraqlı insanlarla tanış oldum. Müəyyən layihələr haqqında müzakirələr apardıq. Hətta konkret işlərin planlarını da hazırlaya bildik.
- Bildiyimə görə, "Bu meydan - bu ekran - 2010" kino müsabiqəsinin qalibi olmusunuz. Filmin istehsalı nə yerdədir?
- Doğrudur, "Gözlərimə gün düşür" 51 layihə arasından seçilən 3 qalibdən biridir. 2 avqust - Milli Kino Günündə qaliblərə diplomlar təqdim edildi. Filmin istehsalına gələndə, ssenari üzərində iş gedir. Mütəxəssislərlə görüşüb müzakirələr aparırıq. Çəkilişlərə oktyabrda başlayırıq. Filmin baş prodüseri olaraq onu söyləyə bilərəm ki, çalışırıq bu film əvvəlki filmlərdən fərqlənsin..
Sevinc İsmayıl
Ayna.- 2010.- 28 avqust.- S.19.