İctimai teleradio 5
yaşını qeyd edir
İsmayıl Ömərov bu
yayım modelini "xalq üçün yayım" kimi izah edir
İctimai televiziyanın
efirə çıxmasından
5 il keçir
və dünən bu yubiley münasibətilə
Filarmoniyada bayram toplantısı təşkil
olunmuşdu. Yubiley günü isə
- 29 avqustdur. Beş
il əvvəl avadanlıqsız, texnikasız,
hətta ünvansız
bir vəziyyətdə
İTV-nin fəaliyyətinə
start verilib, bu gün isə onun demək olar hər şeyi
var - ayrıca binası, yaxşı sayıla biləcək texniki imkanları, öz yaradıcılıq
üslubu və cəmiyyət hadisələrinə
özünəxas baxışı,
toplumda yüksək reytinqi. Bir sözlə,
bu ötən beş ildə
İctimai Televiziya və Radio Yayımları
Şirkəti çox
şeyə nail olub və teleməkanda özünə məxsus yer tutmağı, sabit auditoriya qazanmağı bacarmışdır.
Bu gün toplum arasında İTV barədə
ümumi fikir belədir ki, vətəndaş bu TV-yə ailəvi surətdə oturub baxa bilir və
xoşagəlməz görüntülərlə
üzləşəcəyindən ehtiyat etmir. Onun efirində
ədəbsiz söhbətlərə, davranışlara, ucuz
şou-biznes qalmaqallarına rastlanmır. Onu
"milli TV" sayanlar da var - çünki burada xalq sənətinə,
xalq musiqisinə, aşıq yaradıcılığına hər
zaman yer verilir, dəyərli ziyalıları onun açıq
efirindən bu və digər ictimai və siyasi məsələlər
barədə fikir söyləyən görürük.
Əgər xatırlayırıqsa, İctimai
Televiziya ideyası o günlər ən çox müzakirə olunan mövzulardan idi. Bizdə ictimai yayım modelinə örnək
yox idi və hər şeyi sıfırdan başlamaq lazım
gəlirdi. Bu yeni tip elektron media institutundan həm beynəlxalq
qurumlardan, həm də daxildən umacaqlar çox idi.
İTV Azərbaycan toplumunda çeşidli, çoxqütblü
düşüncə və
ideyaları bir prizmadan keçirərək
ortaq məxrəcə
gətirə biləcək
bir teleradio mərkəzi kimi düşünülmüşdü. Milli həmrəyliyin,
vətəndaş cəmiyyətinin formalaşmasında
neytral və demokratik institut kimi çıxış etməli
idi. Və çətin məsələ
sayılırdı. Bu, təkcə Avropa
Şurası qarşısında
götürdüyümüz öhdəliklərdən biri
deyil, həm də toplumdan gələn bir sosial sifariş idi.
İTV baş
redaktoru İsmayıl
Ömərov hesab edir ki, qurumun
fəaliyyətinin ilk bir
ili ərzindəcə
onlar özlərinə
auditoiya təmin etməyi, media mühitində
uğur qazanmağı
bacarmışlar. Bu müddəti
bir media orqanının oturuşması üçün
"kosmik sürət" sayır. Və
etiraf edir ki, dövlət başçısının dəstəyi
olmasaydı, bütün bunlar mümkün olmazdı.
İTV-dən əldə etdiyimiz bilgilərə görə, maddi-texniki bazanı möhkəmləndirmək
planı yerinə yetirilib. İndi bütün studiyalar rəqəmsal
avadanlıqla təchiz edilib. İTRYŞ
bu gün üç səyyar televiziya stansiyası, ölkələrarası
canlı telekörpülər üçün nəzərdə
tutulan mobil peyk ötürücüsü, üç
müasir digital Betacam - DVW 970 kameraları, M 2000 P
videomaqnitofonları, ölkədə ən böyük
telepavilyonu və studiyası olan modern bir telekanaldır.
Bundan başqa, İTV ölkəmizdən Avropa Yayım Birliyinə üzv qəbul edilən ilk və yeganə telekanaldır. Məhz bu üzvlüyün sayəsində ölkəmiz üçüncü dəfədir ki, qoca qitənin nüfuzlu "Avrovizion" mahnı yarışmasında təmsil olunur və yüksək yerlər tutur.
İTV barəsində belə bir mülahizə də var: "məzmunca milli, formaca çağdaş". Baş redaktor İsmayıl Ömərov ən böyük uğurları qismində üç istiqaməti - İTV-nin əsl ziyalı tribunasına çevrildiyini, söz sənətinin yenidən urvata mindirildiyini, milli mədəniyyətə yeni nəfəs verildiyini ayrıca qeyd edir. "Carçı", "Yekun", "Yeni gün", "Gerçəyin özü", "Ozan", "Salam, əsgər!", "Bir mahnının tarixçəsi", "Çarpaz baxış", "Açıq dərs", "Sözün sehri", "Ortaq məxrəc", "Yeni dalğa", "Körpü", "Muğam albomu" kimi verilişlərin adını çəkir. Qeyd edir ki, "Qərib axşamlar" proqramına dünyadakı bütün azərbaycanlılar baxır.
Yaradıcı kollektivə münasibətə gəldikdə, baş redaktorun fikrincə, teleradionun hər bir əməkdaşı öncə vətənsevər olmalıdır, deyir ki, burada çalışanların hər biri jurnalistikaya sədaqət andı içmişdir. İsmayıl Ömərov ictimai yayım modelini "xalq üçün yayım" kimi izah edir.
Baş redaktor öz fəaliyyətlərinin başqa bir parametrinə toxunur. Bu gün ölkədə İTV qədər beynəlxalq əlaqələrə malik ikinci bir telekanal yoxdur. Macarıstanın "Duna" televiziyası ilə birbaşa əməkdaşlığa başlamaqla, Avropa teleməkanına ilk pəncərə buradan açılıb. TRT ilə ortaq TRT-AVAZ-dakı "Yeni gün" proqramı, "Türkiyənin səsi" radiosu ilə İctimai Radionun birgə həyata keçirdiyi "Qorqud Ata" verilişinin əhəmiyyətini isə qeyd etməyə ehtiyac yoxdur. Bu iki veriliş bütün Türk Dünyasında populyar olub. Gerçəkdən, bu iki veriliş Turan elləri arasında mənəvi körpüdür və indiki narahat çağımızda xüsusilə böyük önəm daşımaqdadır. Bunu təqdir etməyimiz lazım gəlir.
Başqa bir detal: əməkdaşlar normal sayıla bilən maaş alır. Bəlli olur ki, İTV-də məzuniyyətə çıxmaq, sanatoriyada müalicəyə getmək, ailəliklə istirahət mərkəzində dincəlmək, toyda-yasda yardım almaq, idmanla məşğul olmaq "məcburidir". Onların bütün bu işlərlə məşğul olan Həmkarlar Təşkilatı var. İşçilərin sosial haqları qorunur, təmin edilir - buna inanın. Onların Qubada "Ekran" istirahət mərkəzi var, şirkətin balansında olan bu mərkəzdə əməkdaşlar həm təklikdə, həm də ailəliklə dincələ bilirlər. Burada qalmaq və səhər yeməyi həmkarlar təşkilatının hesabınadır. Şirkət əməkdaşlarının öz futbol və voleybol komandaları var. Onların futbolçuları builki "Media kuboku" mini-futbol turnirinin qalibi olmuşlar.
Təbii ki, İTV-nin milli, demokratik və müstəqil bir media qurumu olduğunu söyləmək kimlərəsə mübahisəli görünə bilər, onun yayımları kimlərisə qane edə, kimlərisə qane etməyə bilər, lakin belə bir gerçəkliklə razılaşmaq lazım gəlir ki, bu gün azərbaycanlıların böyük kütləsi tərəfindən İTV yayımları normal qarşılanır, insanlar oturub ona baxırlar və əsəbiləşmirlər.
Ayna.- 2010.- 28 avqust.- S.19.