Azərbaycanla Rusiya birgə
tammetrajlı bədii
film çəkir
"Salnamə" kinostudiyası Rusiyanın "Weit Media" şirkəti ilə birgə tammetrajlı bədii film istehsalına başlayıb. Kinostudiyadan bildirilib ki, "Qırmızı bağ" adlı filmin hazırlıq prosesinə start verilib və natura seçimi aparılır. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operator Maksim Drozdov, quruluşçu rəssam Vladimir Trapeznikovdur.
Qeyd edək ki, iki hissəyə bölünən çəkiliş prosesi 2011-ci ilin yaz-payız aylarında Şəkidə aparılacaq. Filmin 2012-ci ildə hazır olması planlaşdırılır. Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Orta məktəb müəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin. Vəfa ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Onların qarşısına Orxan adlı kimsəsiz uşağın çıxması isə hadisələri kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir.
Ayna.- 2010.- 4
dekabr.- S.20.