Fəridə Hüseynova:

"Heç kim Aydan gəlib əvəzimizə...

ekoloji problemlərimizi həll etməyəcək"

 

Bəlli olduğu kimi, bu il dövlət başçısı tərəfindən "Ekologiya İli" elan edilib. İlin əvvəlində ekoloqlar buna çox sevinmişdilər. Elə əhali də. Bir çox problemlərin həllində böyük ümidlər vardı. Hər halda, bu il ekoloji problemlərin həllinə həmişəkindən daha çox vəsait ayrılmalı idi. Artıq dekabrdır və "Ekologiya İli" başa çatmaq üzrədir. Amma yəqin ki, mətbuatı, telekanalları izləyənlərin yaddaşında bu il daha çox ağacəkmə kimi qalacaq. Əkilən əksər ağacların boy atıb böyüyəcəyini gözləməyə isə çox ehtiyac yoxdur. Belə ki, onların əksərinin quruduğunu bəri başdan müşahidə etmək mümkündür...

Belə olan təqdirdə "Ekologiya İli"ndə hansı tədbirlər görülməliydi, hansı məsələlər həllini tapmalıydı - suallarına cavablar, yəqin ki, hamı üçün maraqlı olardı. Müsahibim Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova bu barədə fikirlərini "Ayna" ilə bölüşdü.

- Fikrimcə, ölkəmizdə və ya dünyada "Ekologiya İli" elan ediləndə bütün səylər bu sahədəki problemləri həll etməyə yönəlməlidir. "Ekologiya İli" elan edilməsi o deməkdir ki, ekoloji problemlərin həllinə yaşıl işıq yandırılır. Lakin deyəsən, ölkəmizdə bu məsələyə baxış fərqlidir. Çünki 2010-cu il "Ekologiya İli" elan edilsə də və bununla əlaqədar prezident ekoloji problemlərin həllinə vəsait ayırsa da, problemlər çözülmədi. Səbəb isə çox sadə və aydındır: Maliyyə Nazirliyi prezidentin ayırdığı vəsaitin "Ekologiya İli"ndə xərclənməsinə imkan vermədi. Sentyabrda Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki tədbirdə nazir bildirdi ki, ilin əvvəlindən bu günə qədər keçirilən ekoloji tədbir və aksiyalar daxili vəsait hesabına baş tutub...

Bilirsiniz, innən sonra Maliyyə Nazirliyi pulları ayırsa belə, onun səmərəli xərclənməsində problem yaşanacaq.Çox güman ki, Maliyyə Nazirliyi həmin vəsaiti xərclənməmiş vəsait kimi geri götürəcək. Deməli, prezidentin sərəncamı kağız üzərində qalmış olacaq...

- "Ekologiya İli"ndə hansı problemlərin həlli vacib sayılırdı?

- Mən bu qənaətdəyəm ki, bu il ekoloji problemlərin həllində irəliləyiş üçün bir fürsət idi. Yəqin ki, bir də 10 ildən sonra "Ekologiya İli" elan edilsin. Çox təəssüflənirəm ki, əlaqədar dövlət qurumları bu imkanı yaxşı dəyərləndirmədi. Ekologiya Nazirliyi onsuz da prioritetlərinə uyğun işlər görür. Amma Maliyyə Nazirliyi vəsaiti ayırsaydı, daha çox ekoloji problemin həllinə nail olmaq mümkün idi.

Dövlət səviyyəsində əhalinin ekoloji maarifləndirilməsinə ehtiyac böyükdür. Əhalinin ekoloji davranışını dəyişdirməklə bir çox ekoloji problemlərin ağırlığını yüngülləşdirmək mümkündür. İnsanlar ekoloji problemlərin həlli üçün təşkilatlara şikayət etmək əvəzinə hər bir şəxs bu məsələlərin çözülməsi üçün səy göstərməlidir. Bilməliyik ki, heç kim Aydan gəlib bizim əvəzimizə bizim problemlərimizi həll etməyəcək! Yəni heç kimin arxasınca zibil toplayan gəzə bilməz! Hamının pəncərəsinin qarşısında zibili oradan atmaması üçün qarovulçu qoymaq mümkün deyil! Bunun üçün insanlarda ekoloji təfəkkür olmalıdır. Təəssüf ki, bu istiqamətdə heç bir dövlət qurumu proqram həyata keçirmir. Nədənsə, düşünürlər ki, bu işlə QHT-lər məşğul olmalıdır. Bizim etirazımız yoxdur! Ekoloji təşkilatlar maarifləndirmə işini aparmağa hazırdır və əlimizdən gələn qədər də layihələr həyata keçiririk. Lakin bizim büdcəmiz o qədər kasıbdır ki, geniş miqyasda təbliğat və təşviqat işlərini aparmağa çatmır.

- Amma bəzi ekoloji problemlərin həlli əhalinin davranışını dəyişdirməklə bağlı deyil. Dövlətin müdaxiləsi lazımdır...

- Doğrudur, bu kimi problemlərin sayı az deyil. Elə birincisi və aktualı - məmurların ağacları kəsdirməsidir. Şəhərin, bağların və parkların abadlaşdırılmasına cavabdeh olan Bakı şəhər İcra Hakimiyyətinə tabe olan Yaşıllaşdırma İdarəsi ağacları kəsməklə məşğuldur. Özü də yolların kənarındakı, parklar və bağlardakı ağaclar əhalinin gözü önündə kəsilir. Əslində Bakıda heç kimin, heç bir dövlət qurumunun buna ixtiyarı yoxdur. Ancaq abadlaşma adı altında ağaclar kəsilir. Kəsilən ağaclar elə oradaca oduncaq kimi doğranılır və satışa göndərilir. Yolun kənarındakı ağac belə abadlaşmaya maneçilik yarada bilməz. Məsələ ondadır ki, Ekologiya Nazirliyi meşələrin qorunmasına nəzarəti gücləndirdiyindən və Bakıya rayonlardan ağac gətirilməsinə ciddi nəzarət olunduğundan ümid qalıb şəhərdəki ağaclara. Şadlıq evləri və restoranlar kabab bişirmək üçün oduncaq alır.

- Sizcə, paytaxtda və digər iri şəhərlərimizdəki yaşıllıqların ərazisinə nəzarətin iki müxtəlif dövlət qurumu arasında bölünməsi nə qədər məqsədəuyğundur?

- Tamamilə yanlış yanaşmadır. Gülməlidir ki, Ekologiya Nazirliyi hansısa icra hakimiyyətinin ərazisinə düşən yaşıllıqların saxlanmasına, həmin ərazinin abadlaşdırılmasına cavabdeh deyil. Şəhərin bir hissəsi nazirliyin, digər hissəsi yaşıllaşdırma idarəsinin tabeliyindədir. Amma qəribədir ki, xarici reytinq agentlikləri Bakını çirkli şəhərlərin ilk beşliyinə daxil edəndə hamı ekologiya nazirliyini günahlandırmaq istəyir.

Fikrimcə, abadlıqla bağlı işlər də nazirliyin sərəncamında olmalıdır. Tikinti ətraf mühiti korlayarsa, yaşıllıqlara zərər verərsə, nazirlik layihənin dəyişdirilməsinə təsir göstərə bilər. İnkişaf etmiş Avropa ölkələrindən misal çəkmək istəmirəm. Keçmiş postsovet şəhərlərində Astana və Tbilisidə məhz belə edirlər. Çox kasıb ölkə olan Gürcüstanda ağacı kəsmək əvəzinə layihəni dəyişdirirlər. Özüm şahidi olmuşam ki, binanın divarını içəriyə doğru inşa edirlər ki, küncdəki ağacı kəsməsinlər. Orada da restoranlar, kafelər, mehmanxanalar var. Amma mən Tbilisidə binanın ortasında ağac görmüşəm. Kəsməmək üçün onu ortada saxlayıblar. Yaşıllıqlara qayğı ən yüksək səviyyədədir.

Azərbaycanda isə Yaşıllaşdırma İdarəsinin işçiləri ağacları budayanda dəhşətə gəlirəm. Axı ağac canlıdır, sadəcə onun dili yoxdur danışsın, ayağı yoxdur qaçsın. Ağacların budağı mişar əvəzinə balta ilə kəsilir. Beləliklə ağac daha çox yaralanır və sonra qurumağa başlayır. Yalnız qurumuş budaqlar kəsilməlidir, sağlam, yarpaq, gül olan budaqlar kəsilməməlidir! Budama zamanı Botanika bağının nümayəndələri, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər işə cəlb olunmalıdır. Ekologiya Nazirliyi meşələrin inkişaf departamentində yaşıllışdırma üzrə mütəxəssislər, Yaşıllışdırma İdarəsində tərəvəzçilik üzrə mütəxəssislər toplanıb.Tərəvəz, taxılçılıq üzrə mütəxəssislər çoxillik bitkilər üzrə mütəxəssislərdən fərqlidirlər. Birincilərin işi hər il bitkiləri kökündən çıxarıb yenisini əkməkdir. Çoxillik bitkilərin əhəmiyyətini anlamır, qulluq etməyi də bacarmırlar. Halbuki zeytun kimi çoxillik ağaclar qulluq tələb edir. Yunanıstanda 4 min yaşı olan zeytun ağacları hələ də bar verir. Bizdə isə 50-60 yaşı olan zeytun ağaclarını qoparıb yenilərini əkirlər. Sözsüz ki, bu, iqtisadi cəhətdən əlverişli deyil. Çünki təzə şitillərə ilk beş il daha çox qulluq etmək lazımdır.

- Şəhərin prospektlərində, yollarda yeni ağaclar əkilir, ağacəkmə kampaniyaları həyata keçirilir. Amma bir müddətdən sonra həmin şitillərin quruduğunu müşahidə edirəm. Bu ağaclara hansı qurum qulluq etməlidir?

- Təbii ki, şəhərin yaşıllıqlarının saxlanılmasına cavabdeh olan Yaşıllaşdırma İdarəsi. Bu idarənin ağacəkmə siyasəti bərbaddır. Maraqlıdır ki, Bakının iqlim və torpaq şəraitinə uyğun olmayan ağaclar əkilir. Bitkilər saralıb-solanda yenilərini əkirlər. Yaxşı qulluq edilsəydi də xaricdən gətirilən əksər kolların yetişdirilməsi mümkünsüzdür. Çünki Sovet dövründə şəhərin iqliminə uyğun və iqtisadi cəhətdən səmərəli hesab edilən bitkilər əkilirdi. İndi yeni "kəşflər" etməyə çalışmaq yersizdir. 50-60 il yaşayan bitki, ağac qurumursa, deməli iqlim şəraitinə uyğundur. Dövlət vəsaitlərini belə səmərəsiz xərcləmək bədxərclikdir. Firkimcə, quruyan ağacların müqabilində şirkətlər və ya hansısa qurumlar cərimə ödəsəydi, məsuliyyətə cəlb olunsaydı, bütün bunların şahidi olmazdıq.

Ümumiyyətlə, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi ətraf mühitimizi, havamızı zəhərləyir. Bir tərəfdən yeni əkilən ağaclar böyümək əvəzinə quruyur, digər tərəfdən şəhərdəki yeni tikintilər, köhnə binaların fasadlarının təmiri havanı çirkləndirir. Mən yeniliyin, inkişafın əleyhinə deyiləm. Amma istəyirəm ki, bu şəhərdə yaşayanlar təmiz hava ilə nəfəs alsın. Məsələn, Elmlər Akademiyasının Kimya İnstitutunun ağ daşdan olan binasının fasadını təmizlədilər. Bundan sonra nə üçünsə qərara aldılar ki, binanı yenidən, ikinci dəfə ağ daşla üzləsinlər. Bu bədxərclik nəyə lazımdır?! Həmin binada çalışanların sağlamlığının zərər görməsi ayrı söhbətin mövzusudur.Şəhərdəki əksər binalarda bu işi icra edirlər.

Məmurlar şəhərdə aparılan abadlıq işlərindən ürək dolusu danışırlar. Amma şəhərin müxtəlif yerlərində aparılan çoxsaylı tikintilərin tozunu bizlər uduruq. Tikinti şirkətlərinə material aparan maşınlar palçıq yaradır. Bilirsiniz, bizdə adi süpürgəçi işini düzgün icra etmir. Baxın, hazırda Elmlər Akademiyasının bağında əyləşmişik və süpürgəçi sellofon torbaları deyil, xəzəli süpürür. Əslində xəzəli zibil yeşiyinə atmaq əvəzinə ağacların dibinə, otun üzərinə tökürlər ki, onları don vurmasın. Ağacların, otların kökü mühafizə olunsun. Ağaclara palto geyindirməyəcəyik ki. Bunun əvəzində dibini isti saxlamaq üçün xəzəli onun dibinə atırlar.

- Deməli, Bakının yaxşı, savadlı ekoloqlara çox ciddi ehtiyacı var...

- Tamamilə doğrudur. Ekoloji cəhətdən savadlı insanların idarəetmədə olması düzgün olardı. Parklar, bağlar bir quruma tabe olmalıdır ki, koordinasiya təmin olunsun. Məsələn, Elmlər Akademiyasının qarşısındakı bağda zeytun ağaclarını, oleandr kollarını kəsdilər. Halbuki bu bitkilər zərərvericilərə qarşı mübarizədə əla köməkçidilər və açıq məkanın havasını səfalı edir. Təəssüflər olsun ki, bəzi insanlar parklardakı oleandr kolunun güllərini qoparıb evə aparırdılar. Oleandr açıq məkanlarda havanı təmizləmək gücünə malikdir. Amma onun güllərini qoparanda şirəsi əllərə düşür ki, bu da zəhərlidir. Kiçik mənzillərdə onun çiçəkləri insanda baş ağrısı yaradır. Yəni açıq məkanda bu bitki çox fərqli təsirə malikdir.

Zeytunları isə ona görə kəsdilər ki, insanlar onun meyvəsini qoparıb turşuya qoyurdular. Axı 1-2 kilo meyvəni qoparmaqla nə olacaq ki? Bu faktlar əsas gətirilərək bağ və parklardakı oleandr kollarını və zeytun ağaclarını kökündən qopardılar. Razıyam ki, əhalinin davranışı yaxşı deyildi. Ancaq onları maarifləndirmək əvəzinə ağaclara hücum çəkdilər.

Bağlarda və parklardakı gülləri qoparmaq olmaz, onlar havanı təmizləyirlər. Bunu təbliğ və təşviq etmək lazımdır!

 

AYNURƏ

Ayna.- 2010.- 4 dekabr.- S.19.