Səbətdə gedən sovqatın dadı

 

yaxud Gəncə səbətinin keçmiş şöhrəti

 

Bolluq-bərəkət rəmzi, natürmortların yaraşığı... Deyəsən, "texnoloji mədəniyyət"in təsirinə davam gətirməyərək məişətdən çıxır. İndi onu yalnız bayram günlərində sovqat göndərənlər alır.

Gəncənin Bağmanlar küçəsində yaşayan səbəthörmə ustası Vilayət Qurbanov deyir ki, bu qədim şəhərdə səbət toxumanın yəqin min il yaşı var: "Böyük qardaşım deyir ki, Süleyman Peyğəmbər də səbət toxumaqla güzəran keçirib".

Gəncədə səbəthörmə keçmişdən bəri əsasən Bağmanlar məhəlləsində kök salıb. Bu qadın işi deyil, onunla yalnız kişilər məşğul olub. Bakının bəzi kəndlərində də səbəthörmə sənətkarlığı olub:

"Amma Gəncədən fərqli olaraq, orada səbətə yalnız bazarlığı daşıma, yaxud meyvə-tərəvəzi uzun müddət saxlama vasitəsi kimi baxıblar, məhz buna görə də həmin bölgədə alt hissəsi qabarıq, ovalşəkilli səbətlər geniş yayılıbmış. Biz tərəflərdə isə ənənəvi olaraq səbət həm də onu hörən sənətkarın qabiliyyətini göstərən incə əl işi nümunəsi sayılıb".

Vilayət Qurbanov ixtisasca mühəndisdir. Bir vaxtlar xalça-mahud kombinatında işləyib. Səbəthörmə işinə isə hələ məktəb yaşlarından başlayıb. Bu sənəti atasından öyrənib. Danışır ki, atası müəllim imiş. Dolanışıq çətin olduğundan dərsdən sonra evdə səbət toxuyar, səhər tezdən hazırladığı səbətləri bazarda səbətsatanlara verər, oradan məktəbə yollanarmış.

Bu sənətlə məşğul olanların sayı indi çox azdır. Usta təəssüflə bildirir ki, Gəncədə səbət toxuma işi yalnız bir neçə evdə qorunub saxlanıb:

"Bir 30 il əvvəl qarğı səbətlərə böyük ehtiyac vardı. O vaxtlar başqa şəhərlərə meyvə-tərəvəz səbətlərdə göndərilirdi. Üzüm qulpsuz səbətlərə qablanardı. Belə səbətləri arasına iri taxta lövhələr qoymaqla üst-üstə yığmaq mümkün idi", - deyə o, atasının da dostları ilə köməkləşib bu cür səbətlər toxuduğu günləri xatırlayır.

Gəncə səbətini mədəni irsimizə aid edən Vilayət usta səbəthörmənin unudulmaz peşə olduğunu deyir.Bu sənətin məhv olmaması üçün həvəsi olan gənclərə, bir də öz nəvəsinə aşılayır.

"Atam işdən gələnəcən yarımçıq qoyduğu səbətləri mən başa çatdırırdım. Onda mənim 12 yaşım vardı. Bu işi həm ona kömək etmək üçün, həm də özümün böyük həvəsim olduğu üçün edirdim", - deyə o, məhəllədəki bəzi ustalardan da baxıb öyrəndiyini bildirir.

Hər usta səbətləri fərqli fiqurda, özünəməxsus şəkildə toxuyarmış. Hər usta müvafiq ölçülü səbəttoxuma üzrə "ixtisaslaşıbmış". Vilayət usta isə ən müxtəlif ölçülərdə və formalarda səbət toxuya bilir:

"Bizim küçəmizdə İslam kişi, Məhəmmədəli, İsmayıl, Ələsgər dayı vardı. Mən uşaqlıqdan o ustaların yanında oturub, əllərinə baxırdım. Biri böyük səbət toxuyur, digəri oval toxuya bilirdi... İndi səbət toxuyanların çoxu ancaq bir formada iş çıxarırlar".

Vilayət usta gün ərzində təkbaşına 1 və ya 2 iri ölçülü səbət toxumaq mümkün olduğunu deyir. Ancaq səbətin nəcib, eyni zamanda, möhkəm toxunması vacib sayılır. Gəncə səbəti uzunömürlü sənətkarlıq nümunəsidir.

İndiki camaatın bu sənət nümunələrinə meyilli olmamasının bir səbəbini də bazarda keyfiyyətsiz "türk səbətləri"nin çoxluq təşkil etməsində görür. Toy və nişan günlərində kosmetik vasitələrin yığılması üçün satılan "türk səbətləri"nin görünüşü cəlbedici olsa da, onların keyfiyyətini çox aşağı sayır: "Quruduqdan sonra çubuqları kövrəkləşir və ovxalanıb tökülür. Ağırlığa isə, ümumiyyətlə, davamı yoxdur".

Və bunun təqsirini kapitalizmdə görür: "Kapitalizm istəyir ki, tez qırılsın, bir də alınsın. İstehsal çox olsun. Məsələn, keçmişdə elektrik lampası 10 il yanırdı. İndi bu gün taxırsan, sabah xarab olur. Corablar da onun kimi".

Usta artıq yaşının 60-ı haqladığını və sağlığının ona hər gün bu sənətlə məşğul olmaq imkanı vermədiyini, amma buna baxmayaraq, sənətini yaşatmağa çalışdığını deyir.

Bu sənətin özünəməxsus incəlikləri varmış. Elə usta var 10 ildir səbət toxuyur, amma bir çox xırdalıqları hələ də bilmir: "Yoğun qarğıdan və ya nazik qarğıdan necə səbət toxumalı olduğunu bilmək lazımdır. Nazik qarğı ilə toxunan səbətin çubuqlarını seyrək taxdıqda, həmin səbət boş alınır. Yararsız olur".

Vilayət Qurbanov hörgü zamanı istifadə etdiyi qarğıların özəlliyindən danışdı:

"Qarğı yeganə möhkəm, dayanıqlı materialdır ki, ona qurd düşmür. Əlli il yaşı olan evin üstündəki qarğıları söküb təzədən səbət toxumaq olar. Su, gün dəyməsə qarğı quru yerdə 100 ildən çox qala bilir. Nəmli şəraitdə isə xarab olar. Elə adam var deyir ki, evimdəki səbəti o vaxt sənin atandan almışam".

Usta deyir ki, qarğı gərək təzə ola. Müxtəlif növ qarğıların bitdiyi yerlərin adını çəkir. "Kür qırağının qarğısı yoğun olur.

Onlar daha çox iri səbət üçün uyğundur. Amma Goranboyun Qədirli kəndində bitən qarğı növü səbət üçün çox əlverişlidir. Dəmyə qarğıdır, möhkəm, nazik, həm də elastikdir" deyən usta o zamanlar yoğun qarğıların daha çox evlərin dam örtüyünə və dəyələrin kənarlarına hörüldüyünü də xatırladır.

Dəmyə qarğı əvvəllər asan tapılarmış, hətta qarğı satanlar onların küçəsinə gələr və "malı" səbət toxuyanların hər birinin qapısına çox ucuz qiymətə təslim edərmişlər. İndi isə yol kənarlarında bir bağlamasını 5 manata satırlar. 50 ədəd qarğıdan ibarət olan bu bağlamadan isə cəmi 15-20 ədəd səbət toxumaq mümkündür.

Toxuduğu hər səbətə gözünün nurunu, əlinin zəhmətini və qəlbinin istisini qoyan Vilayət usta hətta əvvəllər ikigözlü səbət də toxuduğundan söz açır:

"Bunları həm bazarlıq etmək, həm də meyvə-tərəvəzlərin bir-birinə qarışmaması üçün hörürdüm. Bu içi dolu zənbilləri uzun müddət mətbəxdə sərin yerdə saxlamaq mümkün idi. Qarğı səbət ərzağı təmiz saxlayır, arakəsmələri olduğu üçün içindəkilər havalı qalır. Əzilmir, sıxılmır, altlıq hissəsi ikiqat toxunduğundan, yerə düşdükdə içərisindəkilərə heç nə olmur. Hətta şüşə olsa belə. Amma karton yeşiklər etibarsızdır".

Toxuduğu səbətlərin ən böyüyü 60-70, ən balacası isə 1 kiloluq olub. Bundan da kiçik səbətlərin hörülməsini ona daha çox uşaq bağçalarından sifariş verirlər. Orada balaca qızlara bu səbətlərlə rəqs etmək öyrədirlər.

Ənənəvi olaraq, iri səbətlər - məşhur "Gəncə bazarlığı" üçündür. Vilayət usta bu bazarlığın şöhrətindən danışdı: "Gəncə səbəti" Gəncənin yerli məhsullarından olan bazarlığın "pasportudur". Səbətsiz bazarlıq heç bir şeydir. Bunun dəyərini bilən mötəbərlər elə indi də özlərinə gətirilən sovqatın həqiqətən Gəncə bazarlığı olduğuna əmin olmaq üçün onu məhz qarğı səbətdə istəyirlər".

İndi şəhərimizdə "qanuni" bazarlıq edənlərin sayının "99 faiz azaldığını" deyən zəhmətkeş sənətkar qalan 1 faizin belə bazarlıqları Novruz bayramı və Yeni ildə paytaxta sovqat göndərdiyini bildirdi. Onun da alveri bu səbətlərin içini dolduran alverçilərdən asılıdır:

"Mənim satdığım səbətlərin qiyməti onların ölçüsü, qalın və incəliyinə görə 3 manatla 15 manat arasında dəyişir. Bakıya bazarlıq qablaşdıran alverçilər məndən yoğun qarğıdan toxunan, qiyməti 5 manata olan səbəti alır. Yaxşısını təklif edirəm, deyirəm - Bakıya gedir, gəl daha zərifini, gözəlini verim. Deyirlər - lazım deyil, bizə beləsi sərf edir. Əvvəllər hərənin başı öz alverinə qarışırdı. İndi isə bazarda alverçilərin qazancı bir-birindən asılıdır", - deyə o indi bahaçılıq olduğuna görə səbət toxumağın ona o qədər də gəlir gətirmədiyini dedi.

"30 il əvvəl hər gün 100 səbət satırdım. Buradan 14 respublikaya sovqat gedirdi. Əsgər gedən oğullara bağlamaları məhz səbətdə göndərərdilər. Üstünə ağ parça tikib, üzərinə çatacağı ünvanı yazardılar".

Bir neçə sərgidə iştirak edən Vilayət Qurbanov oradan gülərüzlə qayıdıb. Gəncə camaatının bazarlıq mədəniyyətini əks etdirən nümunələr sərgidə 1-ci yer tutub. Evində şahmatşəkilli, ovalvari, bəzəkli, qulpsuz və formalarda səbətlər var. Bu səbətləri Almaniyaya sərgi-festivala aparacaq.

Daha bu formalı səbətləri toxuya bilmədiyindən usta onları satmayıb. Öz əl işlərinin xalqın şad günündə işlənməsinə görə sevinir. Deyir ki, bayramlarda, nübarlıqlarda, qurbanlıqlarda nişanlı qızlara Gəncə səbətində aparılan naz-nemətlərin dadı başqa olur. "Mən millətin üzünü güldürmək, sevincinə şərik olmağı xoşlayıram. Təki xalqın bütün pulu ancaq xeyir işə xərclənsin".

 

Aytən Ələkbərova 

Ayna.- 2010.- 4 dekabr.- S.16.