Rəşid Behbudovun

doğum günüfleşmob

 

Tədbirdə hər kəs iştirak edə bilər

 

SSRİ xalq artisti Rəşid Behbudovun doğum günü qeyri-adi şəkildə qeyd olunacaq. Belə ki, xalq artistinin 95 illik yubileyi ilə əlaqədar Bakıda fleşmob təşkil olunacaq. "FLASNMOB Azerbaiyan [OFFICIAL]"dan qəzetimizə verilən məlumata görə, tədbir dekabrın 14-də olacaq.

Fleşmobda Rəşid Behbudovun sənətini sevən hər kəs iştirak edə bilər. Həmin gün paytaxtın mərkəzi məkanlarından birində eyni anda 10-larla gənc Rəşid Behbudovun ən yaddaqalan mahnılarını ifa edəcək. Tədbirdə iştirak üçün "FLASNMOB Azerbaiyan [OFFICIAL]"a müraciət etmək kifayətdir. Qeyd edək ki, bundan əvvəl Bakıda pop kralı Maykl Ceksona həsr olunan bir neçə fleşmob reallaşıb.

Məlumat üçün bildirək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Onu bütün SSRİ məkanında dünyada tanıdan 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rol - Əsgər bəy rolunu ifa etməsi olub. Bütün sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov Azərbaycan xalq mahnılarının bəstəkarların vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb.

Sənətçi 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

Z.Rüstəm

Ayna.- 2010.- 11 dekabr.- S.20.