Rəssamların heyranlıq ünvanı
Səməd Vurğun təsviri sənətdə
Bu günlərdə "Qız
Qalası" qalereyasında
"Səməd Vurğun
təsviri sənətdə"
adlı sərginin açılış mərasimi
və eyniadlı albomun təqdimatı idi. Sərgi milli şairimizin ev-muzeyinin yaradılmasının
35 illiyinə (1975) həsr
olunmuşdu. Eksponat bolluğundan ilk
təəssürat beləydi
ki, Səməd Vurğunun koloritli obrazlı təsviri sənət sahəsini təmsil edənlərin hər zaman diqqətini cəlb etmiş, sağlığında
və ölümündən
sonra - lap bizim günlərədək
ən çox müraciət edilən
sənət adamlarından
biri, bəlkə də birincisi olmuşdur.
Səttar Bəhlulzadə, Cəlal
Qaryağdı, Mikayıl Abdullayev, Maral Rəhmanzadə,
Nəcəfqulu İsmayılov, Tahir Salahov, Kamil Xanlarov, Elmira
Şahtaxtinskaya, Asəf Cəfərov, Nadir Əbdürrəhmanov,
Elcan Şamilov, Altay Hacıyev... Gənc
nəsli təmsil edən rəssamlar - Qafar Sarıvəlli, Etibar və Mətanət Aslanovlar, Arif Hüseynov, Afiq Məmmədov, Ədalət Elman və əcnəbi müəlliflər. Daha kimlər yoxdur bu isimlər arasında. Azərbaycanda əlinə fırça
və ya tişə alan hər sənətçinin
ruhunda bir Səməd Vurğun heyranlığı varmış.
Hər kəs bu böyük insanı öz görümündə canlandırmağa
çalışıb. Və
müvəffəq olublar.
Burada 50-dən çox
sənət örnəyi nümayiş etdirilirdi. Onların arasında təsviri və tətbiqi-dekorativ sənət
ustalarının yağlı
boya ilə işlənmiş rəsm,
qrafika əsərləri,
xalçalar üstünlük
təşkil edir. Muzeyin direktoru, şairin nəvəsi Aygün Vəkilovanın bildirdiyinə görə,
Səməd Vurğunun
gələn il keçiriləcək 105 illiyi
ərəfəsində muzeyin
fondlarında qorunan eksponatlar bərpa və konservasiya edilmiş və çərçivələnmişdir. Bütün ölkənin şəhər
və kəndlərinin
parklarını, binaların
qarşısını, mədəniyyət
ocaqlarının foyelərini
bəzəyən heykəllərinin,
büstlərinin geniş
spektri və onların hər birinin bədii məna dəyəri ayrı söhbətin mövzusudur.
Ev-muzeyində qorunub saxlanan bu
dəyərli əsərlərin bir qismi hələ
böyük şairin sağlığında
işlənərək ona bağışlanıb, vaxtilə
onun mənzilini bəzəyib. Onun vəfatından sonra yaradılanlar da az deyil. Və
bunlar zəngin bir sənət kolleksiyası təsiri bağışlayır.
Sənətşünas Ziyadxan
Əliyev bu sənət örnəklərini "yaddaqalan
obrazlar" adlandırır. O deyir ki, "bu lövhələrdə
şairin yarıməsrlik
ömrünün müxtəlif
anlarına "güzgü
tutan" rəssamlar onun təzadlı yaradıcı və insani yaşantılarına
düşündürücü bədii görkəm verə bilmişlər. Bu bədii məziyyətləri
Səməd Vurğunun
qrafik portretlərində
də görmək mümkündür".
Sənətşünas deyir ki,
Səməd Vurğunun obrazını yaşadan mozaik
əsər (T.Ağababayev), xatəmkarlıq nümunəsi
(V.Bestuyev və R.Məmmədov), muncuqla yaradılmış
portret (naməlum rəssam), xalça-portretlərində
(L.Kərimov, Ş.Əlipənahova) da şairə olan sevgi
və ehtiram duyulmaqdadır.
Şairin əsərlərinə
çəkilən illüstrasiyalarda da rəssamların onun
tükənməz ilhamından "boylanan" çox tutumlu
obrazlarına ifadəli bədii görüntü verə
bildikləri hiss olunur. Görkəmli
qrafika ustası A.Hüseynovun silsilə lövhələrini bu mənada şairin duyğulandırıcı misralarının
obrazlaşmış ifadəsi
hesab etmək olar.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev alboma ön sözündə
yazır:
"Xalq şairi Səməd Vurğunun ev-muzeyi belə əsərlərlə zəngindir. Bu poeziya ocağına gələnlər bu dəyərli sənət əsərlərinin bir qismi ilə tanış olmaq imkanı əldə etsələr də, gündən-günə çoxalmaqda olan və muzeyin saxlancında qorunan həmin əsərlərin əksəriyyətindən xəbərsizdirlər. Bu albom məhz bu baxımdan son dərəcə qiymətli nəşrdir. İnanıram ki, o həm də Azərbaycan təsviri sənətinin təbliğinə xidmət edəcək".
İ.Umudlu
Ayna.- 2010.- 18
dekabr.- S.19.