Növrəslilər Azərbaycanın səsini ucaltmağa iddialıdır

 

Onlar "Eurovision" finalına hazırlaşırlar

 

"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün finala vəsiqə qazanan müğənni Nurlan Növrəsli bu müsabiqədə iştirak qərarı barədə danışıb. Bildirib ki, bu fikir ailəsindən, qardaşlarından işlədiyi komandasından gəldi:

- Mənə "Nurlan, sən bizi "Eurovision"da təmsil etməlisən!" dedilər. Bu dəstəkdən, onların mənə inamlarından böyük ilham aldım, özümə inamım daha da artdı. Seçim turlarına ciddi hazırlıq, daimi məşqlər, tamaşaçıların mənə olan dəstəyi dəyərli münsiflər heyətinin verdikləri yüksək bal nəticəsini göstərdi.

- Milli seçimdə iştirak edən ifaçılar arasında tanınan simalardan biri sənsən. Narahat deyilsən ki, seçimlərdə uğur qazana bilməzsən bu hal pərəstişkarlarını sayca azaldar?

- Qətiyyən narahat deyiləm. Sənətdə olduğum illər ərzində bir neçə dəfə beynəlxalq müsabiqələrdə iştirak etmiş, vətənimə qalibiyyətlə qayıtmışam. 2006-cı ildə Qazaxıstanda "Cahan Dala" IX Beynəlxalq mahnı musiqi müsabiqəsində I yerə, 2009-cu ildə Novorossiyskdə gənc ifaçıların XIII Beynəlxalq "Morskoy uzel" müsabiqə-festivalında II yerə layiq görülməyim bunun bariz örnəyidir. Qarşıya qoyduğum məqsədə hər zaman çatıram. Uğur, qələbə üçün çox çalışırıq. Mənim böyük komandam var - başda ailəm, qardaşlarım Şahin, Tərlan, Arslan olmaqla, köməkçim Elsəvər, prodüserim Zema, dostlarım, yaxınlarım hazırlıq prosesində köməklərini əsirgəmirlər.

- Niyə tamaşaçılar münsiflər "Eurovosiion-2011" yarışmasında Azərbaycanı təmsil etmək üçün Nurlan Növrəslini seçməlidir? Digər namizədlərdən hansı üstünlüklərin var?

- Çünki biz dörd qardaşıq... Bu suala təfərrüatı ilə fevral ayında milli seçim turlarının final mərhələsində cavab tapacaqsınız.

- Səhnədə ifa zamanı rəqs etmirsən. Azərbaycan təmsilçisi seçilsən, bu stereotipi "Eurovision" səhnəsində qıracaqsan, yoxsa orada da səhnə imicini saxlamağa üstünlük verəcəksən?

- Hər şey mahnıdan asılıdır, mahnı tələb etsə, əlbəttə, rəqs olacaq.

- Bilgimiz var ki, müsabiqədə Növrəslilər ailəsi olaraq təmsil olunmaq istəyindəsiniz. Bu necə olacaq? Dörd qardaşın hamısı səhnəyə çıxmaq istəyir?

- Doğrudur, biz Növrəsliləri xaricdə kifayət qədər tanıyırlar. Bu illər ərzində biz qardaşlar 6-7 Avropa şəhərində solo konsertlərlə çıxış etmişik. Şahin Növrəsli - mənim böyük qardaşım xaricdə kifayət qədər tanınan musiqiçi, caz pianoçusudur. Tərlan Növrəsli - fəlsəfə doktorudur, Türkiyədə təhsil alıb, şairlik istedadı var. Bu il "Sərab" adlı kitabı da işıq üzü gördü. Hətta Tərlan ilk "Türkstar" müsabiqəsinin finalçısı olub. Onu da qeyd edim ki, Tərlan mənim müsabiqədə bir çox çıxış nömrələrimin ssenari müəllifidir. Arslan Növrəsli Bakı Musiqi Akademiyasının magistratura pilləsində təhsil alır hazırda tar sinfi üzrə müəllim kimi fəaliyyət göstərir. Müsabiqəni izlədiyim bir neçə il ərzində səhnədə dörd qardaşın çıxışı olmayıb. Hər dördümüzün hələ uşaqlıqdan xəmiri musiqi ilə yoğrulub, valideynlərimizin musiqiyə bağlılıqları var. Atam Növrəs müəllim gözəl tar ifa edir, anam Nailə xanımın isə çox gözəl səsi var. Yəqin elə biz qardaşlara da bu istedad onlardan keçib. Əsas amil isə, əlbəttə, bizim qarabağlı, şuşalı olmağımızdır. Çünki bu müqəddəs torpaq artıq öz suyu ilə insana istedad bəxş edir, buna görə Azərbaycanıma, Qarabağıma, Şuşama hər zaman minnətdaram. Biz - dörd qardaş var gücümüzü toplayıb, Azərbaycanımızın, Qarabağımızın, Şuşamızın səsini ucaldacağıq!

- Final hazırlıqlarına başlamısanmı?

- Başlamışıq. Şahin Növrəsli final mərhələsinə artıq mahnı da yazır. Komanda tərəfindən ssenari hazırlanır, rəqs dərslərində iştirak edirəm. Nəticəni final mərhələsində izləyə biləcəksiniz.

 

Şəms 

Ayna.- 2010.- 18 dekabr.- S.21.