Diasporla iş üzrə komitə hesabat verib
Məlum olub ki, artıq dünyada Azərbaycanın
370 diaspor təşkilatı
var
Dünən Yeni Azərbaycan Partiyasının qərargahında
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib ("Turan"). O, 2010-cu ilin
yekunlarını uğurlu
adlandırıb.
"2010-cu ildə dünyanın
bir neçə ölkəsində, o cümlədən
Almaniya, İsveç,
Polşa, Ukrayna, Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və Gürcüstanda ümumilikdə
15 yeni diaspor təşkilatı təsis
edilib. Ümumiyyətlə,
dünyanın müxtəlif
ölkələrində 370-dən çox diaspor təşkilatı fəaliyyət
göstərir", - o qeyd
edib.
N.İbrahimov Moskvada milli-etnik zəmində baş verən son hadisələrin
Azərbaycanı narahat
etdiyini deyib.
"Hələ
azərbaycanlılarla bağlı
narahatedici ciddi hadisələr qeydə alınmayıb. Diasporla İş üzrə
Dövlət Komitəsinin
əməkdaşları artıq
Moskvaya ezam olunublar və Rusiyadakı diaspor təşkilatları ilə
işləyirlər", - deyə o vurğulayıb.
Komitə sədri
2011-ci ilin martında Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayının keçiriləcəyini
bildirib:
"Qurultayın
təşkili ilə bağlı Azərbaycan prezidenti sərəncam imzalayacaq".
O, Amerikada Azərbaycan
diasporunun işindən
razıdır. "Hazırda Amerikada yeni təşkilatlar yaranıb. Bu ölkədəki diaspor təşkilatları müsbət
töhfələr verir.
Amerikadakı diaspor təşkilatlarının
mərkəzi ofis məsələsi də yaxınlarda həllini tapacaq. Bu ofis Vaşinqtonda olacaq", - deyə qeyd edən N.İbrahimov başçılıq etdiyi
komitənin İranda yaşayan azərbaycanlılarla
bağlı hər hansı iş aparmadığını deyib.
"İrandan
kənarda yaşayan azərbaycanlı qardaşlarımız
bizim diaspor təşkilatlarında təmsil
olunur. Ancaq İran ərazisində yaşayan azərbaycanlılarla
bağlı hər hansı iş aparmırıq. İrandan da Azərbaycanda
baş verənlərə
münasibət bildirilməsini
yaxşı qarşılamırıq",
- deyə o vurğulayıb.
Komitə sədri diaspor təşkilatları arasında
gənclər təşkilatlarının,
xüsusilə Leyla Əliyeva və Taleh Heydərovun başçılıq etdiyi
gənclər təşkilatlarının
işini xüsusi vurğulayıb. "Rusiya-Azərbaycan
Gənclər Təşkilatı
və Avropa-Azərbaycan
Gənclər Təşkilatı
çox yüksək
səviyyədə tədbirlər
keçirir", - deyə
o bildirib.
N.İbrahimov Gürcüstanda 124 azərbaycanlı
məktəbinin 80-dən çoxunda
gürcü dili kursları açıldığını
bildirib. "Eyni zamanda, hər il Gürcüstandan
olan 20 azərbaycanlı
gəncin Şimali Kipr Yaxın Doğu Universitetində
bonus hesabına təhsil
alması barədə
bu universitetlə razılıq əldə edilib", - deyə qeyd edən Nazim İbrahimov xaricdəki bazar günü məktəblərindən
də danışıb.
İ.Telmanoğlu
Ayna.- 2010.- 18
dekabr.- S.16.