Şəhriyar Məmmədyarov: "Səhvim onda oldu ki, arxayınlaşdım..."

 

Ölkəmizin ən güclü şahmatçısı başa çatmaqda olan 2010-cu ili özü üçün uğurlu sayır

 

Beynəlxalq qrossmeysterimiz Şəhriyar Məmmədyarovu Azərbaycanda yaxşı tanıyırlar. Elə təkcə Azərbaycanda deyil, bu zəka sahibinin adı dünya şahmat aləminə də tanışdır.

Beynəlxalq arenada ilk böyük uğuruna 1998-ci ildə Gənclərin Şahmat Olimpiadasının gümüş medalını qazanmaqla imza atan Şəhriyar daha sonra müxtəlif illərdə rəsmi yarışlarda müvəffəqiyyət qazanıb: Yeniyetmələrin Şahmat Olimpiadasının qalibi (İspaniya, 1999) və gümüş mükafatçısı (Ukrayna, 2000); gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı (Yunanıstan, 2001), 18 yaşadək gənclər arasında dünya birinciliyinin gümüş mükafatçısı (Yunanıstan, 2002), 18 və 20 yaşlı gənclər arasında Avropa çempionatının qızıl (İspaniya, 2002) və bürünc (Bakı, 2002) mükafatçısı; gənclər (Yunanıstan, 2003) və 20 yaşınadək gənclər arasında dünya birinciliyinin (Naxçıvan, 2003; Türkiyə, 2005) qalibi. Şəhriyar 20 yaşınadək şahmatçılar arasında iki dəfə dünya çempionu olan dünyada yeganə şahmatçıdır. Yeri gəlmişkən, Məmmədyarovlar Azərbaycanda üç beynəlxalq qrossmeyster yetişdirmiş yeganə ailədir.

Şəhriyar nüfuzlu peşəkar turnirlərdə də öz sözünü deməyi bacarıb. İndi sorağı bir qayda olaraq usta şahmatçılar arasında keçirilən nüfuzlu turnirlərdən gələn beynəlxalq qrossmeysterimiz FİDE reytinq cədvəlində 2763 balla dünyada 7-cidir. İlin son günlərinə təsadüf edən söhbətimizdə Şəhriyar "Ayna"ya şahmat və özü barədə danışdı.

- Başa çatmaqda olan ili həm özün, həm də ümumilikdə Azərbaycan üçün necə dəyərləndirərdin?

- Bu ili özüm üçün çox uğurlu sayıram. Bütün ilboyu FİDE reytinqində ilk 10-da yer almışam. İlin əvvəlində Bursada keçirilən komandalar arasında dünya çempionatında öz lövhəmdə birinci yeri tutdum və qızıl medal qazandım. Komanda isə 4-cü yerə çıxdı. Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kubokunun həm rapid, həm də blitz üzrə yarışlarının qalibi oldum, Həştərxanda keçirilən FİDE Qran-prisinin son mərhələsində 2-ci, Korsikada (İtaliya) keçirilən rapid ve blitz turnirinin qalibi oldum. İlin axırında dünyanin ən güclü superturnirlərindən olan "Tal Memorial"ın qalibi olmuşam. Ən sevindirici uğurum isə budur ki, mən 2011-ci ilin may ayında Kazanda keçiriləcək dünya şahmat tacı uğrunda namizədlərin turnirində oynamaq huququ qazanmışam. Başa çatan il Azərbaycan üçün də çox uğurlu sayılmalıdır. Yeniyetmə şahmatçıların komandalar arasında həm Avropa, həm də dünya çempionatlarında çoxlu medallar qazanmış və hər ikisində komanda hesabında 1-ci yeri tutublar. Azərbaycanda şahmat hal-hazırda ən yaxşı vaxtlarını yaşayır.

- Tanınmış şahmatçı kimi keçmişə nəzər salanda, yetişməyində hansı əsas müsbət amilləri və səhvləri qeyd edə bilərsən?

- Vaxtiykən çox çalışmışam və şahmata olan böyük sevgim usta şahmatçı kimi yetişməyimə təsir göstərib.

Səhvim o olub ki, hansısa müəyyən səviyyəyə çatdıqdan sonra arxayınlaşdım. Lazımi qədər məşq etmədim və xeyli geri düşdüm, sonra isə özümdə güc tapıb yenidən qalxmağa başladım.

- Fiziki-psixoloji cəhətcə yarışlara özünü necə hazırlayırsan?

- Yarışlardan qabaq əsasən fiziki və şahmat hazırlığıyla məşğul oluram. Görüşəcəyim rəqiblərə qarşı xüsusi hazırlaşmalı oluram. Sonra hansı debüt repertuarından istifadə olunacağını müəyyənləşdirirəm və s.

- Bəs gərgin oyundan, yaxud yarışdan sonra yorğunluğunu necə çıxarırsan?

- Turnir vaxtı oyunlardan sonra əsasən hovuzda üzməklə, yarışlardan sonra isə aktiv idmanla məşğul olmaqla yorğunluğumu çıxarmağa çalışıram. Futbol oynayıram, boilinqə həvəsim var, bir at sürmək s.

- Oyunlarını kiminlə analiz edirsən?

- Bildirmək istəyirəm ki, hazırda mənim bir neçə nəfərdən ibarət komandam var. Yüksək səviyyədə oyunlara hazırlaşmaq və hazırlıq məqsədilə analizləri komandamın üzvləri ilə aparırıq.

- Şahmatda ilk addımlarını atarkən yarışlara səni atan hazırlaşdırırdı. Bəs indi komanda üzvlərin kimlərdir?

- Namizədlər turnirində çıxış etdiyim üçün komandamın üzvlərinin kimlər olduğu hələlik sirr kimi saxlanılır.

- Azərbaycan yığmasının kapitanı Zurab Azmayparaşvilinin komandadan gedişinə münasibətin necədir?

- Azərbaycan yığmasının Avropa çempionu olmasında Zurabın komandaya çox böyük dəstəyi oldu, onunla şəxsi münasibətim çox gözəldir. Əfsuslar olsun ki, axırıncı Olimpiada zamanı, eyni zamanda, FİDE prezidentinin seçkiləri ilə bağlı işi çox olduğundan komandaya lazımi diqqət yetirə bilmədi və bundan sonra özü istefa verdi.

- Şahmat elitasından kiminlə daha yaxınsan, deyək ki, dostluq edirsən? İndiki dünya çempionu Vişvanatan Anandla aran necədir?

- Elitadan olan bütün şahmatçılarla aram yaxşıdır. Dost sözünə bir qədər ciddi yanaşdığım üçün onlardan heç birini özümə dost saymıram və turnirlər zamanı isə onlara əksinə, professionalcasına rəqib gözü ilə baxıram.

- Tanınmış şahmatçılardan kiminlə oynamaq asandır, kim sənin üçün arzuolunmaz rəqibdir?

- Elitadan heç kim rahat rəqib sayıla bilməz. Hər bir oyunda istənilən nəticə gözlənilə bilər.

- İddiaçıların turniri haqqında düşünürsən? Şanslarını necə dəyərləndirirsən?

- Çox lazımlı vacib turnirdir. 2011-ci ilin may ayında Rusiyanın Kazan şəhərində keçiriləcək. Bu yarışda öz şansımı yüksək dəyərləndirirəm.

- Deyəsən, ilk dəfədir iddiaçıların yarışında iştirak edirsən, düzdür?

- Bəli, iddiaçıların turnirində ilk iştirakım olacaq. Ona görə rəqiblərimə nisbətən tam oyun oynamaqda təcrübəm olmadığı üçün belə turnirdə ilk dəfə oynamaq çətin olacaq.

- Yarışın əvvəlcə Bakıda keçirilməsi nəzərdə tutulmuşdu. Amma sonradan FİDE-nin qərarı ilə turnirin məkanı Tatarıstan paytaxtına dəyişdirildi. Bu dəyişmənin sənin üçün fərqi varmı?

- Əlbəttə, Bakıda oynamaq mənə daha rahat olardı, lakin belə bir yarışda mənim namizədliyimin irəli sürülməsini özüm üçün uğur sayırım. Buna görə Azərbaycan Şahmat Federasiyasına öz minnətdarlığımı bildirirəm.

- Yarışlarla əlaqədar uzun müddət xarici ölkələrdə olursan. Azərbaycan üçün darıxırsanmı, yoxsa artıq buna adət etmisən?

- Əlbəttə, əvvəllər xaricə gedəndə çox darıxırdım Azərbaycan üçün. Lakin professionallaşdıqca başa düşürsən ki, belə fikirlər yarışlarda uğurlu çıxış etməyə mane ola bilər. Odur ki, belə fikirləri özümdən uzaqlaşdırmağa çalışıram.

- Mütəmadi olaraq ölkə xaricində keçirilən turnirlərə gedirsən. Yəqin ki, bunun üçün maliyyə dəstəyi çox vacibdir.

- Əlbəttə, vacibdir. Fürsətdən istifadə edib, mənə göstərilən dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına Dia-Holdinq şirkətinə minnətdarlığımı bildirmək istəyirəm. Onların köməyi olmadan iddiaçıların turnirinə ciddi hazırlaşmaq mümkün olmazdı.

- Bacıların Zeynəb Türkan da respublikanın tanınmış şahmatçılarıdır. Onlara əvvəlkitək kömək edirsənmi?

- Xeyr, onlara əvvəlki kimi kömək etmək imkanım yoxdur. Özümə daha çox vaxt sərf edir öz hazırlığımla məşğul oluram.

- Şəhriyarovlar ailsi ilə bağlı maraqlı faktlar çoxdur. Onlardan biri budur ki, siz Azərbycanda üç qrossmeyster olan yeganə ailəsiz.

- Bəli, bu, ailəmizlə bağlı maraqlı faktlardan biridir. Özümlə bağlı daha bir maraqlı faktı açıqlamaq istəyirəm: mən Azərbaycan şahmat tarixində ən yüksək reytinqi olan şahmatçıyam - 2763. 2011-ci il yanvar ayının 1-nə çıxacaq dünya reytinq siyahısında bu rekordu təzələyəcəyəm. Mənim yeni reytinqim 2772 olacaq. Azərbaycanda belə yüksək reytinq heç vaxt, heç kimdə olmayıb.

- Şahmatda yeni addamlarını atanlara nə məsləhət görərdin?

- Məsləhət görərdim ki, şahmatı sevsinlər və məqsədyönlü şəkildə məşğul olsunlar.

 

 

İlham Kərimoğlu 

 

Ayna.- 2010.- 31 dekabr.- S.22.