"Gəncləşən muğam-2" layihəsi keçirildi

 

Tədbir "online" sistemində yayımlanan ilk layihə kimi yadda qalıb

 

"Gəncləşən muğam-2" adlı böyük konsert proqramı keçirilib. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə ikinci ildir keçirilən "Gəncləşən muğam-2" layihəsinin bədii rəhbəri xalq artisti Mənsum İbrahimov olub. Konsert sarayda "online" sistemdə yayımlanan ilk layihə kimi yadda qalıb. Konsertin 20 dəqiqəsi internet istifadəçiləri üçün Heydər Əliyev Sarayının "www.ha-saray.az" rəsmi internet saytında göstərilib. Qeyd edək ki, bu yeniliyi mütəmadi olaraq növbəti konsertlərdə həyata keçirmək nəzərdə tutulub. Konserti izləməyə muğam sahəsinin biliciləri, görkəmli ustadlar gəliblər. Xalq artistləri Əlibaba Məmmədov, Canəli Əkbərov, Arif Babayev digər sənət ustaları konserti böyük maraqla izləyiblər.

Açılışdan öncə Milli Konservatoriyanın nəzdində musiqi kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov qısa nitq söyləyib. O bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğama böyük dəstək verir: "Bir neçə muğam layihələri həyata keçirilib. O muğam layihələrindən biri bu gün Heydər Əliyev Sarayında baş tutan konsert proqramıdır".

Konsertdə məlum olub ki, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bu tədbirdə iştirak edə bilmir: "Çünki bu gün səhərə yaxın xalq artisti Aygün Bayramova, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədovla birgə Amerikadan gəliblər. İki sutka da Moskvada qalıblar, Bakıya gələ bilməyiblər".

Xalq artisti Mənsum İbrahimov da qonaqları salamlayıb, onlara iki saatlıq konsert proqramında xoş istirahətlər arzu edib: "Bu muğam layihəsi artıq keçən ildən həyata keçirilir. Məqsədimiz odur ki, yeni sənətə gələn istedadlı gənclər ilk addımlarını Sarayda atsın, xeyir-dualarını alsın. Necə ki, biz vaxtilə ustadlarımızdan dəstək almışıq, onlar da belə dəstək alsınlar." Konsert Elnur Zeynalovun ifasında "Mahur təsnifi" ilə başlayıb.

 Qeyd edək ki, konsertdə xanəndənin 26 tələbəsi 12 gənc ifaçı çıxış edib. Gənc muğam ustalarının ifasında "Qarabağ şikəstəsi", "Leyli Məcnun" operasından görüş səhnəsi, "Çahargah", "Segah" təsnifi, "Əzizim Şirvan gözəl", "Olmaz-olmaz", "Heyratı", "Şur", "Bayatı şiraz" muğam xalq mahnıları səslənib. Sonda Mənsum İbrahimov tələbələri ilə birlikdə çıxış edib.

 

 

Z.Rüstəm 

 

Ayna.- 2010.- 31 dekabr.- S.20.