Gəncə Dövlət Dram Teatrı repertuarını təzələyir

 

Yeni tamaşalar oynanılacaq

 

Tezliklə Gəncə Dövlət Dram Teatrının repertuarında bir sıra yeni tamaşalar əksini tapacaq. Teatrın direktoru Əli Qasımovun məlumatına görə, tamaşalar aktual mövzulardan bəhs edəcək. Onun sözlərinə görə, yaradıcı kollektiv Oqtay Altunbəyin "Şeyx Nizami" əsəri üzərində işləyir. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif Şərifovdur. Əsərdə Nizami Gəncəvi ilə yanaşı, bir sıra tarixi şəxsiyyətlərdən bəhs olunur. Tamaşada bütün yaradıcı kollektiv iştirak edəcək.

Teatr direktoru bildirdi ki, bundan başqa, Mir Cəlal Paşayevin hekayələri əsasında "Ərik ağacı" tamaşası üzərində məşqlərə başlayıblar. Dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Bakı şəhərindən dəvət olunmuş Loğman Kərimovdur. Teatr kollektivi tamaşaçılarını fransız yazıçısı Jül Vernin "Knok və ya təbabətin təntənəsi", eləcə də, Çin yazarı Syao Yuyun "Tufan" əsərinin səhnə həlli ilə də sevindirməyi planlaşdırır.

 Öyrəndik ki, teatr kollektivi fevralın ortalarında respublikada keçiriləcək teatr festivalına və bölgələrə qastrol səfərlərinə də hazırlaşır. Sonda Əli Qasımov bunları bildirdi:

"Gəncə Dövlət Dram Teatrında fəaliyyətimizi asanlaşdıracaq bəzi yeniliklər var. Teatra Azərbaycanda teatrın inkişaf etdirilməsi üçün 2009-2019-cu illər Dövlət Proqramına əsasən 2 avtomobil verilib. Bu isə qastrol səfərlərinə çıxmamıza kömək edəcək. Teatrın istilik sisteminin yaxşılaşdırılması üçün isə Mədəniyyət və Turizm Nazirliyindən 7500 manat vəsait ayrılıb".

 

 

Xatun

 

Ayna.-2010.-13 fevral.-S.20.