"Bəxtəvərsən ki, dünya yaşadıqca dirisən"

 

Əliağa Vahid - 115

 

Unudulmaz şairimiz, əməkdar incəsənət xadimi Əliağa Vahidin doğumundan 115 il ötür. XX yüzilin qəzəl yazan şairləri içərisində Əliağa Vahidin adı birinci çəkilir. Təkcə qəzəl yazmayıb, lirik və satirik şeirlər müəllifi kimi də tanınmışdır.

...Əliağa Məmmədqulu oğlu İskəndərovliağa Vahid) Bakıda 18 fevral 1895-ci ildə dülgər ailəsində doğulmuşdur. Ailəsinin ağır vəziyyəti, məişət problemləri onun mükəmməl təhsil almasına imkan verməmişdir. Əliağa Vahid yalnız iki il mədrəsədə oxumuş, sonra bir müddət tütün fabrikində fəhlə işləyib ailəni dolandırmışdı. Savadlı olduğundan o zaman Bakıda nəşr olunan "Bəsirət", "İqbal", "Tərəqqi", "Babayi-Əmir" kimi qəzet və dərgiləri oxuyar, onların səhifələrində dərc olunan şeirlərə maraq göstərərdi. Bu şeirlərin təsiri ilə onda da yazmağa həvəs oyanmışdır.

Bir şair olaraq yalnız öz istedadının, həyat təcrübəsinin gücünə yetişmişdir. Onun yazdığı qəzəllərin dili sadə idi. Bu səbəbdən xalq arasında geniş yayılmışdı. Hiss edirdi ki, söylədiyi qəzəllərin bədii dəyəri var və nə fikirləşirsə, qəzəllərini toplamağa başlayır.

Tanrının böyük istedad bəxş etdiyi bu şair ülvi gözəllik, pak sevgi, müqəddəs hisslərdən mayalanan şeirləri, qəzəlləri ilə çoxsəsli Azərbaycan ədəbiyyatında özünə ayrıca yer tutmağı bacarır. Vahid özünə məxsus sadə, səmimi, səlis və "oxumaq da, yazmaq da asan olan" qəzəllər yarada bilmişdir. Onu öz müasirlərindən yaxşı mənada ayıran və xalqa bəyəndirən cəhət də elə bu idi. Şair qəzəllərində ənənəvi klassik qaydalara riayət etməklə bərabər, sadə, asan anlaşılan, asan yadda qalan xalq ifadə tərzinə yaxın bir üslubda yazırdı. İfadə tərzi adi danışıq dilimiz kimi canlı və təbiidir.

Ədəbiyyata 1914-cü ildən gəlib. Onun ilk qələm təcrübələri həmin illərdə "İqbal", "Zəhmət", "Bayraqi-ədalət", "Bəsirət", "Tuti", "Məzəli" kimi qəzet və dərgilərdə dərc edilmişdir.

"Tamahkarın aqibəti" adlı ilk satirik şeir toplusu 1916-cı ildə işıq üzü görür. Vahid böyük Sabirin təsiri ilə dini xurafata və ictimai haqsızlığa qarşı çıxırdı bu şeirlərində. Sosial nöqsanları, zülm və haqsızlığı ifşa edirdi. Məişət mövzularında bədahətən söylədiyi "meyxanaları" ilə də xüsusilə populyar idi.

20-ci illərdə genişlənməkdə olan mədəni inqilabın təsiri altında idi. Bu illərdə onun "Maarif və mədəniyyət", "Şərq qadını", "Yeni yol", "Molla Nəsrəddin" və s. kimi mətbu orqanlarda müxtəlif səpkidə xeyli şeirləri dərc olunmuşdur. "Kupletlər" (1924), "Mollaxana" (1938) kitabları çıxır. 1925-ci ildə Satir-Agit teatrında deyilmiş "Meyxanələr" kitabı çapdan çıxır. İkinci Dünya müharibəsi illərində yazdığı şeirləri "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında toplanmışdır. Bu şeirlərdə faşizmə nifrət aparıcı xətdir.

Vahid özlüyündə böyük Füzuli və Seyid Əzim Şirvani məktəbinin orijinal davamçısı kimi qəbul olunur. Eyni zamanda, klassik ədəbiyyatı, Şərq poeziyasını dərindən bildiyindən Füzulidən, Xaqanidən, Fələki Şirvanidən, Nəvaidən tərcümələr edirdi.

Şairin dostu, müəllim Mirzə Cavad Vahidlə bağlı xatirələrində yazırdı: "Bir gün Vahid mənə qəzəllərində niyə Füzulinin yolu ilə getdiyini dedi: "Bir gün Bakıda qış aylarının birində küçələrə vurulan afişalarda xəbər verilirdi ki, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası tamaşaya qoyulur. Mən də teatra getdim. Xatirimdədir, düz 4 saat səhnəyə zillədim gözümü. Tamaşa mənə çox dərin təsir bağışladı. "Leyli və Məcnun" tamaşasına baxmasaydım, onu dərindən dərk etməsəydim, məndə qəzəl yazmağa şövq oyanmazdı. Mən bu operanı görəndən sonra bir daha başa düşdüm ki, yolum böyük Füzulini dərk etmək yoludur".

Mirzə Cavad şairə aid xatirələrində yazır ki, Vahid Bakıda ədəbi məclislərin daimi iştirakçısı idi. Ona bu təxəllüsü Mirzə Ədbülxaliq Yusif vermişdir. Ədəbiyyatşünaslıqda belə bir fikir var ki, Vahidin orijinal ədəbi-bədii yaradıcılığı mövhumata, cəhalətə və geriliyə qarşı mübarizədə, ictimai şüurun inkişafında müəyyən rol oynamışdır. Ömrünün son günlərinə qədər dövri mətbuatda, daha çox "Kirpi" satirik jurnalında çap olunurdu.

Onun bu vaxta qədər çoxlu sayda şeir və qəzəl topluları nəşr edilmiş və hər dəfə qısa bir müddət ərzində satılıb qurtarmışdır. Vahid ədəbiyyat və şeir sarıdan məlumatlı adam kimi xatırlanır. Onun qəzəllərini oxuyan xanəndələrin yaxın dostu idi. Onlar da şairin xatirini istəyirmişlər. Təsadüfi deyildir ki, Vahidin bir sıra şeirlərinə mahnılar bəstələnmiş, bu gün də xanəndələr onun qəzəllərini sevə-sevə oxuyurlar. Tanınmış tarzən Vamiq Məmmədəliyev bunu belə izah edir ki, Əliağa Vahidin şeir dili çox musiqilidir.

Nikbin şair imiş. Elə şeirləri, qəzələri olmazdı ki, orada xalq ruhu, hissi, nəfəsi duyulmasın. Həssas qəlbli, incə ruhlu şairin şeirlərində hicran, vüsal, vəfa, etibar kimi dünyəvi motivlər qabarıqdır.

Bu məşhur qəzəlxanın yazdıqları Türkmənistan, Özbəkistan, Tacikistan və İranda da yayılmış və bu ölkələrdə xanəndələr tərəfindən oxunmuşdur.

Əsl ədəbiyyat, incəsənət adamı olan Vahidin həyatı xoş keçməyib. Arxiv materiallarından bəlli olur ki, ev şəraitinin darısqallığı yazıb-yaratmağa o qədər də imkan verməyib. Şair ərizələrində ona köməklik göstərməyi xahiş edir, darısqal, nəm, cəmi bir otaqlı evdən onu yaşamağa, yaratmağa, özünün və ailəsinin rahat olacağı bir evə köçürülməsini xahiş edir.

Vahid qəzəllərinin əksəriyətini bədahətən və ya söhbət əsnasında deyər, siqaret qutusunun üzərinə yazar və evdə kağıza köçürərmiş. Onun həyatından bəhs edən "Qəzəlxan" filmi çəkilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 17 iyun 1943-cü il tarixli fərmanı ilə Ə.Vahidə "Azərbaycan SSRməkdar İncəsənət Xadimi" fəxri adı verilmişdir. 1938-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.

1965-ci il oktyabr ayının 1-də həyata göz yuman şairin xatirəsi daim ehtiramla yad edilir. Vahidin ədəbi irsi bu gün Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qayğı ilə qorunur.

 

 

Zərifə Babayeva

 

Ayna.-2010.-13 fevral.-S.19.