"Dünyaya
sübut edəcəyəm
ki, Azərbaycanda ədəbiyyat var"
Elxan Xanəlizadənin
yeni kitabı 5 dilə tərcümə edilir
Yanvar ayında "Əli və Nino" kitab mağazasında təqdimatı keçirilən "Yol" romanı hazırda beş əcnəbi dilə tərcümə edilir. Yazıçı Elxan Xanəlizadə bu barədə məlumatı özü verib.
Azərbaycanda ilk dəfə kitabla birgə onun audio versiyasını təqdim edən müəllif bildirib ki, 2010-cu il ərzində "Yol" romanı türk, rus, ingilis, fransız və ispan dillərinə tərcümə ediləcək:
"Bir yazıçı olaraq xoşbəxtəm ki, romanım vətənimdə nəşr olunduqdan dərhal sonra qısa vaxt ərzində beş əcnəbi dilə tərcümə ediləcək! Bütün dünyada ən çox istifadə olunan dillərdə kitabımın çap olunacağını bilmək yazıçı kimi məni daha da ruhlandırır. Ona görə də boş dayanmıram. Yaz aylarında nəşr olunacaq "Esseler toplusu"nun üzərində işləyirəm. Dünyaya sübut edəcəyəm ki, Azərbaycanda ədəbiyyat var!"
Elxan Xanəlizadə internetdə ən çox (40 mindən artıq) oxunan yazıçı olmağına münasibət də bildirib:
"Bu məni ayrıca sevindirir. Kim deyirsə ki, Azərbaycanda kitab oxumurlar, deməli, günah onun özündədir. Elə yazmalısan ki, oxucu sənin pafossuz yazdığını oxuduqca hiss etsin. Şəxsən mən süni cümlələrlə, dilimizə yad ifadələrlə yazılan bir səhifəni də oxumuram. Bu, vaxt itkisindən başqa heç nə deyil".
Zəminə
Ayna.-2010.-13 fevral.-S.19.