Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında

 

Dünya ali məktəblərinin 2004-cü ildən bəri internet reytinqi elan olunur. Əvvəlki illər əsasən ən yaxşı 5.000 universitet müəyyənləşdirildiyi halda, bu il ilk dəfə olaraq elektron məkanda araşdırılan 18.000 ali məktəbdən ən yaxşı 8.000 universitetin siyahısı elan olundu (universitetlərin qiymətləndirilməsi dörd nominasiya üzrə aparılmışdır). İlk dəfə olaraq bu siyahıya Azərbaycandan yalnız bir universitet - Xəzər Universiteti daxil edilmişdir. Xəzər Universiteti siyahıda 6.495-ci yerdə qərarlaşmışdır (httr://www/webometrics.info/tor8000.asr?offset=6450).

Maraqlıdır ki, qonşu Gürcüstandan bu siyahıya 3 universitet düşmüşdür. Onlardan ikisi Xəzər Universitetindən aşağıda, biri - Tbilisi Dövlət Universiteti isə yuxarıda yer almışdır. Bu reytinq tədqiqatını dünyanın ən məşhur mərkəzlərindən biri - İspaniyanın Dövlət Elmi-Tədqiqat Mərkəzi (Conseyo Surerior de Investigac Cientifacasiones) aparmışdır. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cayal tərəfindən yaradılmışdır.

Bu siyahı ilə yanaşı, bütün ölkələrin ölkədaxili universitetlərinin sıralama reytinqi elan olundu (www.4icu.org/az). Bu siyahıya da Xəzər Universiteti başçılıq edir. Azərbaycan üzrə siyahıda Qafqaz Universiteti 2-ci, Bakı Slavyan Universiteti 3-cü, Azərbaycan Dillər Universiteti 4-cü, Azərbaycan Diplomatiya Akademiyası 5-ci yerdədir.

 

 

İsmayıl

 

Ayna.-2010.-13 fevral.-S.2.