Cavanşir Quliyev:"Fəxri ad konkret sənət əsərinə görə verilsin"

 

Fəxri adların verilməsi hansısa məntiqə əsaslanırmı?

 

Qış tətilində vətənə üz tutan əməkdar incəsənət xadimi Cavanşir Quliyev səfər tarixinin əsas günlərini doğulduğu Şəki rayonunda keçirib. Azərbaycanda baş verən hadisələri fəaliyyəti ilə bağlı uzaq Kipr adasından izləyən bəstəkar orada Yaxın Şərq Universitetinin səhnə sənətləri fakültəsində dərs deyir. Bəstəkar Bakıda olarkən qəzetimizə müsahibə verib:

- Sizin üçün bu gün ən aktual mövzu nədir? Azərbaycanda baş verən son hadisələrdən nəyi xatırlayırsınız?

- Hər bir azərbaycanlı kimi, mənim üçün də ən vacib olan Qarabağ problemi var. Hələ Bakıya gəlməzdən əvvəl bu mövzunun mətbuatda çox hallandırıldığını izləyirdim. Hətta məsələnin guya çözüldüyü barədə bəzi materiallar da yazılırdı. Bu xəbəri böyük səbirsizliklə gözləməyə başladım... Amma zərrə qədər inkişaf görə bilmədim.

- Bəs mədəniyyət aləmindəki yeniliklərdən xəbəriniz varmı? Bunlardan nəyi təqdirəlayiq hesab edirsiniz?

- Əslində bu sahədə yenilikləri izləmək üçün məxsusi Bakıya səfər etməyə ehtiyac yoxdur. İnternet adlı çox gözəl yardımçım var. Deyərdim ki, konsertlərin sayının çoxalması, onların tərkibinin zənginləşməsi, Azərbaycanda, nəhayət, bəstəkarların əsərlərinin notlarının nəşrinin başlanması müsbət hadisədir. Lakin Azərbaycanda əyləncəli musiqinin keyfiyyət göstəriciləri haqqında "uğurlu" sözünü işlədə bilmərəm. Bu sahədə çalışanların üzsüzlüyü, bir-birinin ardınca çoxalması parlaq nəzərə çarpır. Eyni zamanda, bununla paralel olaraq məşhur ifaçıların repertuarındakı bəsitləşmə də diqqətdən yayınmır. Bir sözlə, deyərdim ki, bu sferada mədəniyyətsizləşmə, sənətdən daha çox "razborka"ları mən mənfi hadisə kimi qiymətləndirirəm.

- Onda belə çıxır ki, Azərbaycana səfərlərinizdə müsbət enerji ilə yüklənmirsiniz. Yəni yaradıcılıq üçün bura sizə stimul vermir?

- Bəli, belə deyərdim...

- Son illər Azərbaycanda silsilə mədəniyyət tədbirləri keçirilir, festivallar təşkil edilir. Bunların sorağını Kiprdə eşidə bilirsiniz?

- Yuxarıda qeyd etdiyim kimi, informasiyanı yalnız yerli portallardan ala bilirəm.

- Mahnı yaradıcılığı ilə bağlı yenə pessimist düşünürsünüz?

- Düşünüyüdüm fikirlər mənə müsbət təsir bağışlamır. Mənə elə gəlir ki, yaxşı musiqinin təbliğatında teleradio böyük önəm daşımalıdır. Lakin mən böyük problemi məhz burada görürəm. Efirdə səslənən musiqilərin böyük hissəsi keyfiyyətsizdir, bayağıdır, bəsitdir. Mahnıların böyük bir hissəsinin sözləri musiqi ilə uyuşmur, eyni zamanda, aranjiman işində də uyğunsuzluqlar açıq şəkildə hiss olunur.

- Sizin çalışdığınız universitetdə Azərbaycandan tələbələr oxuyurmu?

- Təxminən 15-20 sayda yerli tələbəmiz orada təhsil alır. Onlar beynəlxalq əlaqələr, turizm, menecment, tibb və s. sahələrdə təhsil alırlar. Lakin mənim çalışdığım fakültədə azərbaycanlı tələbə yoxdur. Çünki aktyorluq peşəsi türk dilinin mükəmməl olmasını tələb edir.

- Qayıdaq yenə mədəniyyətimizə. Son illər Azərbaycanda fəxri ad alanların sayı durmadan artır. Bir ara söz gəzdi ki, fəxri adlar yığışdırılacaq. Bu təkliflə çıxış edənlər də oldu. Bu fikrə siz də qoşulursunuz?

- Sənətkarlar hər zaman mükafat almağı seviblər. Əslində burada pis bir şey yoxdur. Amma mükafat ədalətsiz veriləndə adam ondan imtina etmək istəyir. Son 10-15 ildə bizdə paylanan mükafatların, fəxri adların böyük bir hissəsini layiq olmayan adamlar təşkil edir. Bu səbəbdən cəmiyyət tərəfindən bu mükafatlar adlar artıq ciddi qəbul edilmir. Gülüş satira hədəfinə çevrilir. Yəqin bu səbəbdəndir ki, fəxri adların dayandırılması tez-tez gündəmə gəlir.

- Ümumiyyətlə, fəxri ad sənətçidə hansı keyfiyyətləri dəyişir? Çünki bəzi sənətçilər fəxri ad alsalar belə, yerlərində sayırlar.

- Məncə, fəxri ad sənətkara onun yaratdığı konkret sənət əsərinə görə verilməlidir. "Uzun illərin fəaliyyətinə", yaxud da "musiqi sənətində xidmətlərinə" görə verilməməlidir. Bu konkretlikdən uzaq ifadələrlə, hətta yoldan keçənə belə hər hansı bir fəxri adı yapışdırmaq olar, heç kəs də etiraz edə bilməz. Mənim düşüncəmə görə, fəxri adlar haqqında qanun qəbul edilməlidir və orada hər şey (kimə, nə vaxt, nəyə görə, hansı şərtlərlə və s.) konkret yazılmalıdır ki, fəxri adların verilməsi hansısa məntiqə əsaslanmalıdır.

- Həmişə deyirsiniz ki, Kiprdəki eviniz sizin qayğısız yaradıcılıqla məşğul olmanız üçün əlverişlidir. Hansı yenilikləri bizimlə bölüşərsiniz?

- Yaradıcılıq öz axarı ilə davam edir. Yanvar ayında İstanbul Universitetinin böyük salonunda həmyerlimiz Ramiz Məlik-Aslanovun rəhbərliyi ilə universitetin simfonik orkestri mənim bir müddət öncə bitirdiyim "Oğuznamə" baletinin 1-ci süitasını səsləndirib. Konsertdən sonra əsərin video və audio yazısını çoxaldıb yaymaq qərarına gəldim. Əsərin notları isə İstanbul Universitetinin böyük kitabxanasına qəbul edildi. Hazırda "Tufan" adlanan ikinci baletin üzərində çalışıram, artıq birinci hissəni bitirmək üzrəyəm. Bundan başqa, bir sıra mahnılar, teatr kino musiqisini yazıram. "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Buta" filminin musiqisini yazmaq mənə təklif edilib. Bu günlərdə onunla məşğulam.

 

 

Z.Rəhimqızı 

 

Ayna.-2010.-20 fevral.-S.20.