Novruz dəyərləri sınaq qarşısında

 

Bayramın orijinallığını qoruya biləcəyikmi?

 

Novruz yaxınlaşır. Niyə Novruzu xatırladım? - bunun bir qayğıdan doğan səbəbi var. Bildiyimiz kimi, tarixən ölkəmiz kimi, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz də varolma mücadiləsi verib. Sonra Sərbəstlik. Özünə Qayıdış. İndi isə Qloballaşma... Yenə də milli-mənəvi dəyərləri qorumaq bir zərurət, bir ümdə məsələ kimi bu xalqın qarşısında dayanıb.

Çağdaş gəncliyin bir qismi ekranlarda seyr etdiyi dəyərsizlikləri "Qərb dəyərləri" kimi dərk edərək milli dəyərləri geriqalmışlıq sayır. Milli dəyərlərə xor baxanların çoxunun gerçək Qərb dəyərləri, onun bəşəri mahiyyəti barədə ağıllı-başlı təsəvvürü belə yoxdur. Və yeni bir təhdid. Bu qloballaşan dünyanın çağırışları qarşısında sınaq imtahanına hazırlaşan dəyərlərimizdən biri də Novruzdur. Yeni il, yeni arzular bayramı... Bizim minillərdən üzü bəri gələn bayram. Novruz imtahandan bu dəfə necə çıxacaq?

Novruzun mənşəyi barədə fərqli mülahizələr var. Bir sıra Şərq xalqları onu özünə doğma bilir. İslamın Novruz bayramına öz baxışları mövcuddur.

Əslində isə xalqın bayramla əlaqədar keçirdiyi mərasimlərin heç bir dinlə bağlılığı yoxdur və bu sübut edilib. Orta əsr müəllifləri Şərq ölkələrində İslam yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Tarixi qaynaqlarda Novruz bayrami barədə XI yüzil ərəb tarixçisi Əbu Reyhan əl-Biruni qeydlər aparmış və bu bayramla bağlı xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. O çağın məşhur tarixçisi Nizamül-mülk də öz "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilmişdir.

Mərhum folklorşünas alim, professor Əzizə Cəfərzadənin belə bir mülahizəsi ilə razılaşmamaq olmur ki, Novruz bayramı türklər, ərəblər, farslar, hindilər və digər Yaxın Şərq və Orta Asiya bölgəsi xalqlarının müştərək bayramıdır. Professor qeyd edir ki, eramızdan 487 il əvvəl bu adları çəkilən etnosların mühitində heç bir tarixi hadisə və hansısa tarixi və ya dini şəxsiyyətin mövlud günü ilə bağlı olmayan yeni bir təqvim yaradıblar. "Bu gün bizim milli təqvimə görə heç kəsin anadan olduğu, dünyadan köçdüyü gün deyil. Allahın hökmü ilə qışın getdiyi, baharın gəldiyi, gecə ilə gündüzün bərabərləşdiyi günü seçib bizim alimlərimiz. Onlar bu günü seçəndə təsadüfən düşüb çərşənbə gününə. Ona görə də çərşənbə günü də bir növ müqəddəs hesab olunur və fikirləşiblər ki, insan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə gətiriblər ilin əvvəlinə. Çərşənbələr Novruzdan, günün bərabərləşməsindən əvvəl olur", - deyə professorun Novruzla bağlı elmi məqaləsində qeyd edilib. Novruz bu xalqlar, bu xalqların təmsil olunduğu ölkələrdə və bizim Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Novruzun dövlət səviyyəsində bayram edilməsində mərhum prezident Heydər Əliyevin rolu olmuşdur. Özü şəxsən Novruz şənliklərində iştirak etməklə bayramın daha da rövnəqlə qeyd olunmasına sanki bir təkan verdi. Prezident İlham Əliyev də ailəsi ilə bərabər Novruz şənliklərində iştirak etməklə bu ənənəni qoruyub saxlayır.

Novruz bayramının diqqət mərkəzində olması üçün bu il Azərbaycan Respublikası Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu jurnalistlər üçün müsabiqə elan edib. Bu məqalə də həmin müsabiqəyə təqdim etmək üçündür.

Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur. Bu ilk çərşənbə buzların əriyib çaylara tökülməsindən, torpağın su içməsindən xəbər verir. İkinci gələn od çərşənbəsidir. Bu günlər günəş torpağı qızdırmağa başlayır. Qədimlərdə od çərşənbəsində tonqallar qalayarmışlar. İndi isə az qala hər çərşənbədə od qalanır və süfrəyə hər ailə üzvünün adına bir şam yandırırlar. Üçüncüsünə yel cərşənbəsi deyilir. Azərbaycanın bəzi bölgələrində bu çərşənbə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan budaqları yellədir.Ən nəhayət, torpaq çərşənbəsidir. Yəni torpağı ana təbiət su ilə suvardı, günəşsə isitdi, yel təzə cücərtiləri tərpətdi və indi də növbə torpağındır - artıq əkinə başlamaq olar. Novruzun fəlsəfəsi budur.

Novruzda səməni göyərdilir. Göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Bayram qabağı adətən evdə təmizlik, həyətdə abadlıq işləri aparılır. Bayram üçün qoğal, paxlava, şəkərbura, şəkərçörəyi və digər şirniyyatlar hazırlanır. Yumurtalar rəngbərəng boyadılır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirin tamlı xörəklər olmalıdır. Habelə adətə görə, süfrəyə "s" hərfi ilə başlayan 7 növ nemət qoyulur.

Novruzun maraqlı adətləri sırasına papaq atmaq, qulaq falına çıxmaq, yumurta döyüşdürmək və s. oyunlar da daxildir. Novruzun personajları isə Kosa və Keçəldir. Bu son zamanlar bayram şənliklərində Bahar qızı və Dədə Qorqud personajı da bayram şənliklərində görünməyə başlayıb. Nəsə bu "yenilik" Qar qızı və Şaxta babanı xatırladır. Onlar isə Miladi yeni ilin personajları. Biz isə bu bayramı Miladdan çox-çox əvvəldən qeyd etməkdəyik. Bəlkə bu lazım deyil? Hər adətin dəyəri onun orijinallığındadır. Ona toxunmayaq və bu orijinallığı - bizə məxsusluğu qoruyaq. Unutmaq lazım deyil ki, hər millətin varlığı, qədimiliyi onun milli adət-ənənələri, mif və əsatirləri ilə bağlıdır.

 

 

İdrak Abbasov 

 

Ayna.-2010.-20 fevral.-S.6.