21 Fevral - Dünya Ana Dili Günü

 

İran türkləri bu günü məyusluq və hiddətlə qarşılayacaq

 

Fevralın 21-də Dünya Ana Dili Günüdür, 1992-ci ildən bəri hər il YUNESKO bu günü qeyd edir. Məqsəd dünyada "dillərin ölməsinin" qarşısını almaqdır. Araşdırmalara görə, dünyada 6 min dil var və hər il neçə-neçə dil sıradan çıxır. Bir çox mütəxəssislər bu baxımdan Güney Azərbaycan türklərinin ana dilinin də məhvolma təhlükəsi ilə üzləşdiyini deyirlər. Buna səbəb həmin dildə məktəbin olmaması, milli mədəniyyətin inkişafının qarşısının alınması, milli varlığın danılması göstərilir.

Xatırladaq ki, 1952-ci fevralın 2-də Banqladeş (bir müddət bura Şərqi Pakistan adlanıb) xalqı ana dili haqqı tələbi ilə bağlı etiraz aksiyası keçirdi. O zaman Pakistan təhlükəsizlik qüvvələri tərəfindən 3 aksiya iştirakçısı öldürüldü. Sonralar YUNESKO həmin günlə bağlı Beynəlxalq Ana Dili Gününün qeyd olunması barədə uyğun qərar qəbul etdi.

Artıq neçə ildir Güney Azərbaycan türkləri dünya ictimaiyyətinin və ölkə rəhbərliyinin diqqətini bu məsələyə cəlb etmək üçün çeşidli cəhdlərə baş vururlar. Ancaq onların bu haqlı tələbləri qarşılanmaqdansa, azərbaycanlılara polis dəyənəkləri, təzyiq və həbsxanalarla cavab verilir.

Güney Azərbaycanda olduğu kimi, xaricdəki azərbaycanlılar güneyli soydaşlarımızın təbii, haqlı və qanuni haqlarını müdafiə etmək məqsədilə tədbirlər gerçəkləşdirir. Bölünmüş vətənimizin bu tayında Ana Dili Gününə diqqət yetirilmədiyi halda, Güney Azərbaycanda bu gün unudulmur. Səbəbi isə aydındır. Çünki Güney Azərbaycandakı 30 milyondan çox bir toplumun ana dili məhv olmaq təhlükəsi ilə üz-üzədir. Mövzuya, daha doğrusu, ana dili gününə yenidən qayıtmağımıza əsas səbəb Güney Azərbaycanda bu günlə bağlı keçirilən tədbirləri də diqqətə çatdırmaqdır.

Şəhriyarın şeirinin bir beytində dilimiz belə dəyərləndirilib:

"...Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan, bu əsəl dil (bal kimi dil - S.S.), əsil olmaz...".

Beynəlxalq Ana Dili Günü ilə bağlı Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Marağa, Xoy, Həmədan, Meşkin, Əhər və b. yerlərdə "Ana dilində təhsil" tələbi ilə imzatoplama kampaniyası və başqa tədbirlər gözlənilir. "Təbrizsesi" saytının yaydığı məlumata görə, bir sıra şəhərlərin küçə divarlarında "Yaşasın Azərbaycan!", "Ana dilim - Türk dili!", "Türk dilində mədrəsə!", "İran türklər üçün zindandır!", "Ana dili!" və başqa bu məzmunda şüarlar yazılıb.

Yerli müşahidəçilərin dediyinə görə, Güney Azərbaycan türkləri Tehran hakimiyyətinin Azərbaycan türklərinə qarşı apardığı milli ayrı-seçkilik siyasətinə qarşı etirazlarını belə də bildirir.

Xaricdəki azərbaycanlılar dünyanın çeşidli ölkələrində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirərək, Güney Azərbaycan türklərinin milli haqlarını müdafiə edəcəklər.

 

 

S.Soltan 

 

Ayna.-2010.-20 fevral.-S.8.