Per
Stankina: "Ana Tereza mənə deyib ki, ətrafdakılara
kömək etmək insana məmnuniyyət verir"
Almaniya Federativ
Respublikasının səlahiyyətli və
fövqəladə səfiri ilə müsahibə
Cənab Stankina ilə
bizim görüşümüz "Ayna" və
"Zerkalo" qəzetlərinin Almaniya Federativ
Respublikasının səfirliyi ilə birgə layihəsi
çərçivəsində ənənəvi şəkil
alıb. Əfsuslar olsun ki, cari ilin yazında səfirin Azərbaycanda
iş müddəti başa çatacaq. Belə demək olar
ki, hazırkı görüşümüz bir növ Per
Stankinanın gördüyü layihələrin yekunlarına
həsr olundu.
- Ötən il Azərbaycandakı Almaniya Federativ
Respublikasının səfirliyi Almaniya Mədəniyyət
İli keçirdi. Onu necə qiymətləndirirsiniz?
- Mən ötən ili
yüksək qiymətləndirirəm və bunun da xeyli səbəbləri
var. Bilirsiniz ki, 2008-ci ildə Almaniyada Azərbaycan Mədəniyyət
İli keçirildi. Görülən işlər göstərdi
ki, Azərbaycan hökuməti də dövlətin xarici siyasətində
mədəniyyətin önəmli məsələ olduğu
fikrini təsdiqləyir. Başqa sözlə, xarici siyasətin
əsasını üç önəmli sütun - siyasət,
iqtisadiyyat və mədəniyyət təşkil edir.
Mənim fikrimcə, Azərbaycan
və Almaniya kimi ölkələrdə sadaladığım
ilk iki sütun - siyasət və iqtisadiyyat öz-özünə
dinamik inkişaf edir. Ona görə də
üçüncü sütuna - mədəniyyətə daha
çox diqqət ayırmaq lazımdır. Axı məhz bu
sahə sayəsində xalqlarımız bir-birlərini
yaxşı tanıyır, münasibətlər yaradırlar.
Sizin ölkənizdə
Almaniya Mədəniyyət İli haqqında danışarkən
ilk növbədə qeyd etmək lazımdır ki, biz onu Azərbaycan
hökumətinə təşəkkür əlaməti olaraq
keçirdik. Məsələ ondadır ki, Azərbaycan
hökuməti xaricdə ilk Mədəniyyət İlini
hansısa başqa ölkədə deyil, məhz Almaniyada
keçirmək haqqında qərar vermişdi.
Digər əhəmiyyətli
səbəblərdən biri də o idi ki, biz tədbirlərin
proqramını hazırlayanda gördük ki, o çox zəngin
və dinamikdir. Bunu dəqiqləşdirdikdən sonra
Almaniyanın Xarici İşlər Nazirliyi səfirliyimizə əvvəlcədən
planlaşdırılandan daha çox maliyyə vəsaiti
ayırdı. Bunun sayəsində mədəniyyət
proqramı geniş və əhatəli idi.
Nəticə
özünü çox gözlətmədi. Biz 2009-cu ilin
birinci və ikinci yarımilliyi üçün zəngin
proqram tərtib etdik. Bakıda elə bir diplomatik nümayəndəlik
yoxdur ki, Azərbaycanda belə geniş əhatəli mədəniyyət
proqramı reallaşdırsın. İl ərzində Azərbaycanın
təxminən 6-7 rayonunda 50-dən çox müxtəlif tədbir
keçirildi.
Mənim qənaətimcə,
bu bizim tərəfimizdən son ildə mədəniyyət
sahəsindəki görülən işlərin ən
yaxşı göstəricisidir.
Həmçinin qeyd etmək
lazımdır ki, Mədəniyyət İli Almaniyaya konkret təsir
etdi. Belə ki, Bundestaqın bəzi deputatları Bakıda bir
neçə böyük tədbirin
açılışında iştirak etdilər.
- Almaniya digər ölkələrdə də belə
mədəniyyət proqramları həyata keçirirmi?
- Hər il Almaniya ili və
ya həftəsi dünyanın təxminən 20 ölkəsində
keçirilir. Bizim parlamentin əksər deputatları Almaniya tərəfinin
hansısa ölkədə tədbir keçirdiyi barədə
məlumat alaraq məmnuniyyətlə orada iştirak edirlər.
Məsələn, Almaniya Federativ Respublikasının xarici
işlər üzrə müavini Bakıya səfərindən
öncə burada bizim vacib tədbirlərimizdən birinin
keçiriləcəyini öyrənəndə orada iştirak
etmək arzusunu dilə gətirdi. Azərbaycana gələndə
o həmin mərasimdə də iştirak etdi.
- Almaniya səfirliyinin gələcək planları
arasında Azərbaycanda mədəni tədbirlərin
keçirilməsi planlarının olduğuna şübhəmiz
yoxdur..
- Sözsüz. Düzdür,
bütün bunlan nəinki maliyyə vəsaiti, həm də
xeyli insan resursları da tələb edir. Çünki ötən
il ərzində bizim səfirliyin əməkdaşları
işlə çox yüklənmişdilər. Planlara gəldikdə
isə deyə bilərəm ki, ötən ilin
payızında Almaniyada parlament seçkiləri keçirildi
və bir ay ərzində yeni hökumət yaradıldı. Əfsuslar
olsun ki, hökumətin 2010-cu il üçün büdcəsi
hələ təsdiqlənməyib. Biz büdcənin cari ilin
mayında təsdiq ediləcəyini güman edirik. Hələlik
isə bizim yeni tədbirlər keçirmək
üçün maliyyə vəsaitimiz yoxdur. Baxmayaraq ki,
ideyalarımız çoxdur.
Hələ ötən
il biz builki tədbirləri planlaşdırmışdıq. Bizim
əsas məqsədli auditoriyamız - tələbələrdir.
Məlum olduğu kimi, ötən il Bakı Slavyan Universitetində
alman ədəbiyyatı üzrə silsilə mühazirələr
başlayıb. Bu il də 4-5 mühazirənin keçirilməsini
planlaşdırırıq. Hazırda biz layihənin maliyyələşdirilməsi
üzərində düşünürük.
- Tədbirin iştirakçılarından,
seyrçilərindən rəylər
alırsınızmı?
- Bəli, əlbəttə,
alırıq. Özü də çox gözəl rəylər
eşidirik. Mədəniyyət İlinin lap
başlanğıcında mən qərara aldım ki,
keçirilən tədbirlərin mövzusu sizin ölkəniz
üçün maraqlı, əhaliniz üçün
yaxın olmalıdır. Bunun ən yaxşı nümunəsi
Salman Qəmbərovun və Fəridə Məmmədovanın
romans gecəsində onların alman bəstəkarlarının
əsərlərini ifa etməsi oldu. Gecədə Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
da iştirak edirdi. Yeri gəlmişkən, o, tədbirin
keçirilməsi üçün filarmoniyanı bizim
ixtiyarımıza pulsuz olaraq verdi.
Biz həmçinin müxtəlif təhsil ocaqlarının tələbələri üçün tədbirlər keçirmişik. Almaniyadan rəssamları, incəsənət xadimlərini dəvət etmişik ki, sizin ölkənizdə öz işlərini sərgiləsinlər. Bədii nöqteyi-nəzərindən bizim ötən il keçirdiyimiz ən vacib sərgilərdən biri Günter Ukerin sərgisi oldu.
Almanlar təbiətən
tədqiqatçıdırlar. Bizim alimlərimiz əksər
ölkələrin mütəxəssisləri ilə əməkdaşlıq
edirlər.
200 il əvvəl
Drezdendəki Kral kitabxanasında təsadüfən orta əsrlərə
məxsus dastan tapılmışdı. Sonradan məlum
oldu ki, bu, türkdilli xalqların ilk "Dədə
Qorqud" dastanı imiş. Maraqlıdır ki, həmin
dövrdə sözügedən dastan unudulmuşdu. Almanlar
dastanı tapandan sonra onu bir neçə dilə tərcümə
etdilər və nəşr etməklə ona ikinci həyat
verdilər. Bilirsiniz, dastandakı hadisələr
hazırkı Azərbaycanın ərazisində baş verir.
Bu da orta əsr ədəbiyyatı ilə məşğul
olan Azərbaycan ədəbiyyatçıları arasında
marağa səbəb oldu. Bununla əlaqədar beş il ərzində
gerçəkləşdirilməsi nəzərdə tutulan
yeni layihəyə start verilib. Belə ki, beynəlxalq
simpoziumların təşkili planlaşdırılır ki, tədbirdə
iki orta əsr dastanının - "Dədə Qorqud" və
"Nibelunqlar haqqında nəğmə"nin müqayisəli
analizi aparılacaq. Sizin tərəfinizdən Bakı Slavyan
Universiteti, Almaniya tərəfdən isə Mayns Universiteti bu
layihədə iştirak edirlər. Yeri gəlmişkən, bu
şəhər Bakı ilə qardaş şəhərdir.
- Məlumdur ki, arxeologiya Sizin əsas hobbinizdir və
Siz çox uğurla onu öz işinizlə
uyğunlaşdırırsınız...
- Bəli, bu belədir. Bildiyiniz kimi, biz ötən il böyük beynəlxalq arxeoloji konfrans keçirmişik. Hazırda alman arxeoloqları Azərbaycanda iki arxeoloji qazıntıda iştirak edirlər. Arxeologiya hər iki ölkəni maraqlandıran sahədir. İşlər hər iki ölkə tərəfindən maliyyələşdirilir və layihədə hər iki ölkənin alimləri iştirak edirlər. Yəni bu sahə böyük layihələrin birgə reallaşdırılmasını göstərən ən yaxşı nümunədir.
Yeri gəlmişkən,
biz arxeologiyada ən böyük tapıntılara həsr edilən
böyük arxeoloji sərgi təşkil etməyi
planlaşdırırıq. Bu sərginin keçirilməsi
ideyası mənim kabinetimdə, bu stolun arxasında
yaranıb. Alman Arxeoloji İnstitutu Almaniyadakı 40-dan
artıq muzeyə müraciət edib ki, eksponatların
fotolarını çəkmək üçün təqdim
etsinlər. Çox gözəl işlər alınıb.
Hazırda biz həmin işləri Bakıya gətirmək və
sərgisini düzənləmək üçün maliyyə
vəsaitləri axtarışı üzərində
düşünürük. Həmin fotolar o qədər
gözəldir ki, Arxeologiya İnstitutu belə sərgini nəinki
Azərbaycanda, həmçinin digər ölkələrdə
də keçirməyi planlaşdırır.
Alman alimləri və tədqiqatçıları
üçtərəfli Azərbaycan, Fransa və
Almaniyanın iştirak edəcəyi böyük layihənin
həyata keçirilməsi üçün də maliyyə
vəsaiti toplayıblar. Söhbət Naxçıvanda
Araz boyunca neolit dövrünə məxsus arxeoloji sahədən
gedir. Bir müddət öncə bizim alim Mil düzündə
arxeoloji qazıntılar zamanı artefakt aşkarlayıb ki,
biz güman edirdik ki, o bizim eramızdan əvvəl 5-ci minilliyə
aiddir. Lakin məlum oldu ki, o daha qədimdir və eramızdan əvvəl
6-cı minilliyə aiddir. Azərbaycanda belə artefaktın
tapılması böyük sensasiya idi. Çünki həmin
vaxta qədər ölkənizdə belə tapıntı
aşkarlanmamışdı.
Şəmkir
yaxınlığında həyata keçirilən başqa
üçtərəfli layihədə Gürcüstan, Azərbaycan
və Almaniya iştirak edir. Orada Əhəmənilər
dövrünə məxsus saray xarabalığı
tapılıb. O bizim eramızdan əvvəl 6-4-cü əsrlərə
aiddir. Və qədim Farsdan kənarda tapılan ən
böyük eksponatdır. Yəni mənim hobbim çox
yaxşı nəticə əldə etməyə imkan
yaradır.
Mən digər ölkələrin
səfirləri kimi, böyük siyasi və iqtisadi hadisələrin
gedişatına təsir edə bilmərəm. Mədəniyyət
sahəsi isə mənim sərhədsiz fəaliyyətim
üçün münasibdir. Ümid edirəm ki, mən
uğur qazana bilmişəm.
Gördüyünüz
kimi, bizim mədəniyyət proqramımız təkcə
konsertlərin keçirilməsi ilə məhdudlaşmır.
Onun daha dərin qatları var. Biz yeni əlaqələr
yaratmaq, yeni partnyorlar tapmaq istəyirik. Yuxarıda dediyim kimi,
xarici siyasətin üçüncü sütunu bizim
üçün iş görmək üçün vacib sahədir.
- Bu ilin yazında Azərbaycanda iş müddətiniz
başa çatır. Buradan hansı təəssüratlarla
ayrılırsınız?
- Sizin ölkənizdə
4 il yaşayandan sonra obyektiv nəticə çıxarmaq
çətindir. Arxada nə qədər vaxt qalıb. Dörd
il az zaman deyil. Bu müddətdə öncə təsəvvür
etdiyimdən daha real təəssürat yaranır. Almanlar və
azərbaycanlılar bir-biri ilə dostluq edən xalqdır və
təbiidir ki, münasibətlərimiz müsbət istiqamətə
yönəlik inkişaf edir.Bizim hansısa böyük əngəlləri
aşmağımıza lüzum yoxdur.
Alman xalqı öyrənməyə
həvəslidir və dünyada baş verənlərlə
maraqlanır. Azərbaycanın Almaniyada keçirdiyi Mədəniyyət
İli alman ictimaiyyəti tərəfdən şövqlə
qarşılandı. Bizim tədbirlərimiz sizin ictimaiyyətdə
elə böyük maraq oyatmadı. Çünki hələ
belə tədbirlərlə xüsusilə maraqlanmırsınız.
Mənim
yaddaşımda Azərbaycanla bağlı xeyli hadisə
qalacaq. Ola bilər
ki, onlar həmişə sevindirici olmasın. Lakin ilk növbədə
sizin ölkənizin xoşqəlbliyini, qonaqpərvərliyini,
gözəl landşaftını, təbiətini yadda
saxlayacam. Həmçinin alimlər, ziyalılarla
görüşləri xatırlayacam. Bunlar mənim xatirimdə
həmişə qalacaq və gələcək həyatımda
da köməyim olacaq.
- Məlumdur ki, AFR səfirliyi mədəni tədbirlərdən
başqa təhsil və digər sosial layihələri də həyata
keçirir. İşinizin o tərəfi barədə də
danışa bilərsiniz?
- Sosial layihələrə gəldikdə
deyə bilərəm ki, son vaxtlar bu sahədə biz
xüsusilə uğurlu işlərə imza
atmışıq. Bu uğurun 95-98 faizi də yeganə insan -
mənim həyat yoldaşım sayəsində əldə
edilib. Məsələ ondadır ki, o fəal insandır.
İxtisasca iqtisadçı olsa da, o özünü sosial
layihələrin reallaşdırılmasında tapıb. Onun əməyi
sayəsində Bakıda hər il Milad yarmarkası təşkil
edilir. Bu yarmarka sayəsində əldə edilən vəsait
Sarayda yerləşən uşaq evinə xərclənir. Mənim
həyat yoldaşım səfir xanımı olsa da, gəlib məndən
hansısa layihələri maliyyələşdirməyi
xahiş etmir.
Yəni səfirlik maliyyə
məsələsində ona yardım etməyib.
Sözsüz ki, hər bir
alman səfirliyi sosial layihələrin
reallaşdırılması üçün büdcəyə
malikdir. Bu vəsaiti biz uşaq evlərinə və internatlara
xərcləyirik. Məsələn, Saraydakı uşaq evi
üçün paltaryuyan maşın almışıq.
Göründüyü kimi, bu layihələri böyük
hesab etmək olmaz. Bir il öncə başqa sağlamlıq
imkanları məhdud olan uşaq evinin iki otağını
restavrasiya etdik və ora iki tikiş maşını aldıq.
Bu gün də həmin internatın sakinləri həm özlərinə
nə isə tikə, həm də kiçik sifarişlər
götürə bilərlər.
Həyat yoldaşım
Saraydakı uşaq evi üçün xəmir hazırlamaq
üçün maşın da alıb. Bu gün internatda tərbiyə
alanlar özlərinə çörək bişirirlər. Əsas
odur ki, internatdakılar nə isə yaratmaqla həyatda məna
tapıblar.
Mənim həyat
yoldaşım mənşəcə Kəlküttədəndir.
Orada o Ana Tereza ilə yaxın işləyib. Mən də
onunla şəxsən tanış idim. Və mən
xatırlayıram, o mənə deyirdi ki, insanlara kömək
etmək insana məmnuniyyət verir. Bununla yanaşı, Ana
Tereza tez-tez təkrarlayırdı ki, insanlara kömək etmək
üçün pul tapmaq problem deyil. Bu gün mən onun
sözlərində haqlı olduğuna bir daha əmin oluram. Və
bunu mənim həyat yoldaşım xeyriyyə fəaliyyətinə
başlamaqla sübut etdi. O öz işinə xeyli sponsor cəlb
edə bildi.
- Və sonda. Ötən görüşümüzdə
özünüzə başqa şeylərlə
yanaşı, nəvə arzulamışdınız...
- Bəli (gülümsəyir),
mənim arzum çin oldu. Bizim çox gözəl balaca
qız nəvəmiz dünyaya gəlib. O artıq 13
aylıqdır. O bizə sevinc verir. Artıq iki dəfə Azərbaycanda
olub.
Adətə sadiq qalaraq,
müsahibəmizin sonunda özümə arzu edə bilərəm
ki, qoy Azərbaycanla əlaqələrimiz kəsilməsin,
yaradılmış əlaqələr, münasibətlər
uzun müddət qalsın. Sizin qəzetin oxucularına isə
ilk növbədə sağlamlıq arzulayıram, qoy
Qarabağ problemi tezliklə həll olunsun.
A. Əhmədova,
L.Bayramova
Ayna.-2010.-20 fevral.-S.15.