Kanta Talukdar Stankina: "Bəli, biz bacararıq!"

 

Bu fikri özünə deviz seçən alman səfirinin xanımı ölkəmizdə böyük layihəyə imza atıb

 

Kanta Talukdar Stankina. Bu adın sahibəsini Sarayda, Şağanda, Şamaxıda sağlamlıq imkanları məhdud olan uşaqlar, böyüklər yaxşı tanıyırlar. Onu gördüyü işlərə görə çox sevirlər. Təsadüfi deyil ki, UNICEF-in Azərbaycandakı ofisi valideyn qayğısından məhrum olan uşaqlara göstərdiyi qayğıya görə ona beynəlxalq Təşəkkür Sertifikatı təqdim edib.

Xanım Stankina ilə Almaniya səfirliyinin iqamətgahında görüşdük. Saray qəsəbəsində 7 saylı əqli cəhətdən zəif uşaqlar üçün internat evindəki uşaqların şəkilləri ilə dolu albomla bizi gözləyirdi. Uşaqların əvvəl və sonrakı şəkillərini göstərərək onlarda gedən inkişafdan ürək dolusu danışırdı. Uşaqların çöhrəsinə gülüş gətirdiyindən məmnuniyyət duyduğu hiss edilirdi. Bu işlərlə kim qürurlanmazdı ki... Mobil telefonunun yaddaşında da uşaqlarla bağlı saysız-hesabsız şəkillər gördükdə biz də Azərbaycanda belə bir xeyirxah xanımın çalışdığından qürurlandıq... Almaniyanın Azərbaycandakı səfirinin həyat yoldaşı olan Kanta xanım "German Bazar Proyect" layihəsi çərçivəsində almandilli xanımlarla birgə sağlamlıq imkanları məhdud olanlara yardım edir.

- Diplomat və səfirlərin xanımlarının sosial işlərlə məşğul olması adət halını alıb. Deyəsən, Saraydakı əqli cəhətdən zəif uşaqların yaşadığı internat evini seçməyiniz Sizin bu sahəyə marağınızın təkcə səfir xanımı kimi səlahiyyətləri icra etməyinizlə əlaqəli deyil...

- Bu suala cavab verərkən ABŞ prezidenti Barak Obamanın çox sevdiyim bir ifadəsini dilə gətirmək istəyirəm. O deyir: "Bəli, biz bacararıq!". Mən bu fikri özümə şüar, deviz seçmişəm. Harada, nə vaxt olmağımdan asılı olmayaraq, "mümkün deyil", "çətindir", "bacarmaram" sözlərini özümdən uzaqlaşdırıram. Mən ilk dəfə həmin uşaqları acınacaqlı vəziyyətdə görəndə onların həyatını dəyişdirməyə qərar verdim.

Özümü diplomatik fəaliyyətlə bağlayaramsa, bu uşaqlara kim yardım edəcək, - deyə düşündüm. Eyni zamanda, anladım ki, onlara yardım etmək mümkündür. Dörd il ərzində uşaqların həyatında, səhhətində dəyişiklikləri müşahidə etdikcə başa düşürəm ki, seçimdə yanılmamışam.

- Saraydakı layihəniz haqqında geniş məlumat verərdiniz...

- Əvvəla deyim ki, mən Azərbaycandakı bir çox əlillər evlərində olmuşam. Saraya getdiyim zaman mərkəzin böyük, həm də baxımsız olduğu diqqətimi cəlb etdi. Uşaqlar hərəkətsiz şəkildə döşəmədə uzanmışdılar. Onların müvafiq avadanlıqları olmadığından yeriyə bilmirdilər. Eyni zamanda, onların tibbi yardıma da böyük ehtiyac duyduqları diqqətimdən yayınmadı. Mən düşündüm ki, effektli fəaliyyət üçün bir məkan seçməliyəm. Digər əlillər evlərinin də diqqətə, qayğıya ehtiyacı olsa da, seçimim bir olmalıydı. Uşaqlar üçün daha rahat və yaxşı şərait yaradılması ürəyimdən keçdi.

Çünki uşaqlar hərəkətsiz şəkildə döşəmədə qalırdılar. Albomda onların bizim layihəmizdən əvvəlki və sonrakı vəziyyətlərini göstərən şəkillər var. İndi onlar gülümsəyir və aktivdirlər. Onlar üçün Almaniyadan xüsusi əşyalar və ləvazimatlar gətirdik, ingilis müəllim onlarla sənət terapiyası ilə məşğul oldu. Yataq xəstəsi olan, ümumiyyətlə, heç tərpənməyən uşaq indi bizə əli ilə salam və sağ ol edir. Müstəqil şəkildə xörək yeyə bilir. Onlarla məşğul olduqdan sonra uşaqlar rəqəmləri sayırlar, oxuyurlar. Onların xüsusi stol və stullarını Almaniyadan gətirmişik. Eyni zamanda, oyunlar və oyuncaqlar da mənim ölkəmdən gətirilib ki, onların öyrənmək qabiliyyətləri inkişaf etdirilsin. Uşaqlar məhz oynayaraq qavrayırlar.

Bu uşaqlar bu avadanlıq olmasa, döşəmədə hərəkətsiz qalırlar. Şəkillərdəki uşaqların simasından bu avadanlıqla yeriyəndə necə sevindiklərini görürsünüz. Əgər onlar bu avadanlıqların köməyi ilə yeriməyə cəhd etməsələr, hərəkət refleksləri öləcəkdir. İndi isə günbəgün inkişaf müşahidə edilir. Biz bilirik ki, bu gülüşü görmək üçün çalışmaq lazımdır. Bu məşğuliyyət uşaqlar üçün ağrılı olsa da, o məşq etməkdən usanmır. Uşaqlara xüsusi avadanlıq verəndə çox sevinirlər, kimi görsələr, "bunlar mənimdir" deməkdən zövq alırlar.

Bu iş dörd ildir davam edir. Dayələr sənət, rəqs və digər xüsusi terapiya üsul və metodlarından sonra uşaqların əhval-ruhiyyəsinin dəyişdiyini, onların daha şux və özlərini gümrah hiss etmələrini görürlər.

- Layihə çərçivəsində həmin uşaqların cəmiyyətə inteqresiyası üçün hansı tədbirlər həyata keçirirsiniz? Məsələn, onların əqli, fiziki inkişafına kömək edəcək məşğələlər aparılırmı?

- Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün fiziki və əqli məşğələlərin keçirilməsi çox zəruridir. Bu, əslində bütün uşaqlara aiddir. Amma sağlamlıq imkanları məhdud olan uşaqların buna daha çox ehtiyacı var. Uşaqlar passiv şəkildə bir yerdə qaldıqları zaman onların əzələ və əsəb sistemi süstləşir, bu da onların inkişafını ləngidir. Mənim əməkdaşlıq etdiyim UAFA təşkilatının terapiya sahəsində nailiyyətləri var. Eyni zamanda, Almaniyadan dəvət etdiyim terapist 6 ay müddətində uşaqlarla məşğul oldu. Döşəmədə sürünən uşaqların yeriməsinə isə Almaniyadan gətirdiyimiz avadanlıqlar sayəsində nail olundu. Bu məşğələlər onların inkişafı üçün çox vacibdir. Onlar qavrama, görmə qabiliyyətinə malikdirlər. Doğrudur, onlar sağlam insanlar kimi ani qavramırlar, amma idrak və təfəkkürlərini bu məşğələlər sayəsində inkişaf etdirirlər. Proqramlar da məhz bu istiqamətə yönəlib.

Mən iki alman mütəxəssisini buraya dəvət etdim ki, sistemli iş aparılsın. Onlar uşaqları qruplara bölərək onların qabiliyyətlərinə uyğun məşğələlər keçirlər. Sarayda əqli cəhətdən digərləri ilə müqayisədə daha irəlidə olan uşaqlar üçün ayrıca ləvazimatlar gətirmişik. Adət var ki, körpələrə yumşaq oyuncaqlar hədiyyə edilir. Amma Sarayda buna ehtiyac yoxdur.

Çünki onların inkişafında heç bir rola malik deyil. Mən inkişaf etdirici oyuncaqların bağışlanmasının tərəfdarıyam. Təsadüfi deyil ki, Saraydakı uşaqlar üçün hansı oyuncaqların yararlı olmasını biz mütəxəssislə məsləhətləşirik. Yalnız bundan sonra Almaniyadan oyuncaq və ləvazimatları sifariş edərək gətiririk. Yeri gəlmişkən, alman futbol azarkeşləri də uşaqlara oyuncaqlar hədiyyə ediblər. Ona görə də Saraydakı hər bir qrup əqli və fiziki imkanlarına uyğun olaraq oyuncaq və ləvazimatlarla təmin ediliblər.

- Sizin təklif və tətbiq etdiyiniz metodlardan sonra müsbətə doğru nə kimi dəyişikliklər müşahidə edilir? Bu təcrübənin digər bu tip uşaq evlərinə yayılması haqqında düşünürsünüzmü?

- Əslində mən Sarayın mərkəz rolu oynamasını istəyirəm. Digər uşaq və ya əlillər evlərinin kadrları oranın proqramları, sistemi, metodu ilə tanış olub bu təcrübəni Azərbaycana yaya bilərlər. Ancaq bu işlər mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Biz müntəzəm olaraq Bakıda təlimlər təşkil edirik. Bizim köməyimiz kiçik bir töhfədir. Bu sistem qurulmalı və bütöv olmalıdır. Düşünürəm ki, uşaqlara tibbi yardım sistemli təşkil olunmalıdır. Mən də başa düşürəm ki, Azərbaycan gənc ölkədir və ümidvaram ki, bu məsələlər həllini tapacaq. Saray ilə biz cəmiyyətə öz töhfəmizi verməyə çalışırıq. Alman milləti dəstək göstərməyə hazırdır, ən əsası bunu etməyi sevir. İstənilən məqamda yardım əllərini uzadırlar.

- Şəkillərdən belə başa düşdüm ki, lazım gəldikdə tibbi yardım da göstərilir. Bu maliyyə tutumlu işin öhdəsindən necə gəlirsiniz?

- Oradakı uşaqların bəzilərinin heç olmasa bir valideyni var, bəziləri isə yetimdirlər. Təəssüf ki, dövlətin tibbi yardımı istənilən səviyyədə deyil. Mən də onların tibbi müayinəyə ehtiyacı olduğunu müşahidə etdim. Alman həkimi uşaqlardan birini müayinə edərkən baldır hissəsində xərçəng xəstəliyi aşkarladı. Demə, 3 ildir ki, bu proses gedir və tibbi müdaxilə olmazsa, tezliklə onun ayağı kəsiləcəkdir. Müalicə isə bahalıdır. Hər ay üçün təqribən 700-1000 avro həcmində lazımdır. Saraydakı evin buna maddi imkanı yoxdur. Amma məsələ ondadır ki, bizim kifayət qədər vəsaitimiz yoxdur.

Amma göz görə-görə də uşağın ayağının nə vaxt kəsiləcəyini gözləyə bilməzdim. Bu layihədəki qadınlarla birlikdə düşündük. Hindistanda yaşayan qardaşıma zəng etdim. Öyrəndim ki, həmin dərmanlar orada daha ucuzdur. Beləliklə, 6 ay dərmanlar Londona, oradan tanışım vasitəsilə Bakıya gətirildi. Nəticə ürəyimcədir. Uşaq artıq yeriyir və biz xərçəngə qalib gəldik.

Bir uşaq terapiya zamanı həmişə "Ana, məni evə apar" deyə yazırdı. Bu bizim diqqətimizi cəlb etdi və araşdıranda məlum oldu ki, uşağın valideynləri ayrılıblar və əslində onun idrakı və təfəkkürü inkişaf edib. Sadəcə, onun sidik sistemində problemlər olduğundan sidiyini saxlaya bilmir. Buna görə də psixoloji zərbələr alırdı. Həkimlərin dediklərindən öyrəndim ki, indiki halda Azərbaycanda bu uşağın problemini aradan qaldırmaq üçün 4 əməliyyat keçirilməlidir. Lakin dünya praktikasında müasir avadanlıqların köməyi ilə bu problemi bir əməliyyatla da aradan qaldırmaq olar. Bu zaman Almaniya səfirliyinin dəstəyindən istifadə etdik və cənab səfir həmin avadanlığı Bakıdakı Pediatriya İnstitutuna hədiyyə etdi və uşağın problemi aradan qaldırıldı.

Şamaxıdakı əlillər evinə də tibbi yardım göstərmişik. 10 ildir onlar tibbi yardımlar almırdılar. Sakinlər əsasən diş və göz ağrılarından şikayətlənirdilər.

Mən ora gedəndə iki ayağı kəsilmiş bir şəxsin mənə təşəkkür etmək üçün 4-cü mərtəbədən aşağı enməyə cəhdi məni çox təsirləndirdi. Onun uzun illərdən bəri davam edən diş ağrılarının aradan qaldırılmasına yardım etdiyimə görə mənə təşəkkür etdi.

- Mətbəx layihəsi haqqında danışardınız...

- Mətbəx elə dizayn edilib ki, burada uşaqlar xörəklərin, salatların hazırlanmasında iştirak edirlər. Uşaqlar tərəvəzdən, meyvədən salat hazırlamağı sevirlər. Nisbətən sağlam uşaqlar yataq xəstəsi olanlar üçün düzəltdikləri salatdan aparırlar. Mətbəx elə qurulub ki, onlar mətbəxdə rahatlıqla hərəkət edə bilirlər. Təbii ki, nəzarətçilər bütün prosesə ciddi nəzarət edirlər. Yeri gəlmişkən, Almaniya səfirliyi internat evi üçün paltaryuyan maşınlar alıb ki, bununla da paltarları həm də dizenfeksiya etmək olur ki, uşaqlar arasında infeksiya yayılmasın.

- Uşaqlarla çalışan müəllimlərin təkmilləşməsinə, beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərməsinə kömək edəcək tədbirlər həyata keçirilib?

- Proqramın digər qayəsi kadrların təkmilləşməsinə, yeni metod və üsulların mənimsənilməsinə yönəlib. Sosial işçilər əvvəllər belə təlimlərdə iştirak etmədiyindən tam məlumatsız idilər. Təlimlərdən sonra uşaqların inkişafındakı dəyişikliklərlə fəxr edirlər. Çox zaman bəzi insanlar dayə və kadrları günahlandırır. Onları nöqsanlarına görə qınayırlar. Amma düşünməliyik ki, çətin və məsuliyyətli işi maariflənmədən, aşağı məvaciblə necə etmək olar? Onları qınaq obyekti etmək lazım deyil. Dayələr gərgin iş rejimində 24 saat çalışırlar. Ana olan qadınlar bilirlər ki, bütün günü körpənin qayğısına qalmaq çətindir, insanı yorur. Onlara qarşı yüksək tələbkarlıq düzgün deyildir. Onlar ən ağır işləri üzərlərinə götürüblər.

- Almaniya səfirliyi Azərbaycanda bir çox layihələrə imza atıb. Amma bu, xeyriyyə xarakterli layihə çox fərqli və böyük önəm daşıyır. Əqli və fiziki cəhətdən qüsurlu uşaqlara bu diqqətinizlə cəmiyyətə, insanlara mesajınız nədir?

- Bilirsiniz, mən söyləyəcəklərimi cəmiyyətə mesaj və ya siqnal adlandırmazdım. Sadəcə, demək istəyirəm ki, insan nəyisə çox istədikdə onu bacarar. İnsanlar başa düşməlidirlər ki, bu, təmənnasız olmalıdır. Bəzən insanlar nə isə vermək lazım olduğunu unudurlar. Bu dünyaya çılpaq gəlib, çılpaq da gedirik. Çox insanlar həyatlarında bərbəzəkli geyimə, zinət əşyalarına, bahalı maşına, dəbdəbəli evlərə həris olurlar. Bu dəbdəbə içərisində yaşayanlar, həyatlarını xoş keçirənlər ehtiyacı olanlara kömək etmək barədə də düşünsələr, yaxşı olardı. Onu da deyim ki, əlil uşaqlar arasında bu xüsusiyyət formalaşıb. Vəziyyəti nisbətən yaxşı olan uşaqlar digərlərinə kömək etməyə çalışır. Yəni biz bu layihə vasitəsilə onların əqli cəhətdən inkişafına kömək etməklə yanaşı, insanlara yardım etmək, kömək əli uzatmaq kimi mənəvi hisslər aşılayırıq.

 

 

A.Əhmədova,

 

L.Bayramova 

 

Ayna.-2010.-20 fevral.-S.10.