Azərbaycanda Almaniya Mədəniyyət
İli
Dolğun məzmunu və çeşidliliyi ilə heyrətləndirdi
Ölkələr arasında
mədəni mübadilə beynəlxalq münasibətlərdə
prinsipial əhəmiyyət kəsb edir. Dövlətlərarası
münasibətlərin xüsusi vektoru - mədəni dialoq
ölkənin obrazının formalaşmasında və xalqlar
arasında münasibətlərin transformasiyasında müəyyənedici
amilə çevrilir. Məhz buna görə Azərbaycan
hökuməti 2008-ci ildə Almaniyada bizim ölkənin Mədəniyyət
İlinin keçirilməsi haqqında qərar vermişdi. 2009-cu
ildə isə bizdə Almaniya Mədəniyyət İli
çərçivəsində 50 cavab tədbiri
keçirildi.
Ölkələrimiz
arasında qarşılıqlı mədəni münasibətlər
çox uğurludur. Dövlətlərarası münasibətlərdə
mədəni mübadilənin rolunu qiymətləndirmək
çətindir. Bu mədəni sərmayə "gələcəyə
körpü"dən başqa bir şey deyildir. Mədəni
mübadilənin səmərəli nəticəsi çox
müddət öncədən ölkələr arasında
qarşılıqlı əlaqələrə optimal ab-hava və
zəmin yaradır. Vətəndaş üçün ölkənin
mədəni həyatının və incəsənətinin
parlaq təzahürləri nə qədər cəzbedici və
maraqlı görünəcəksə, bir o qədər də
həmin dövlət yaxşı qonşu və partnyor yerini
möhkəm tutmaq şansına malik olacaq.
Beləliklə, bu ötən
dekabrda Federativ Respublika səfirliyinin Azərbaycanda
keçirdiyi tədbirlər silsiləsi yekunlaşdı. İl
çərçivəsində ölkə sakinlərinə
alman mədəniyyəti və incəsənəti ilə
yaxından tanışlıq üçün əla imkan
yaradılmışdı.
Almaniya Mədəniyyəti
İlinin devizi "Almaniya ilə tanışlıq" idi. Buna
baxmayaraq, səfirlik bizim sakinləri tək Berlinlə deyil,
digər şəhərlərlə də tanış etməyi
qarşıya məqsəd qoymuşdu. Mədəniyyət
İlinin əsas mövzuları bunlar idi: Müasir arxitektura,
tətbiqi incəsənət, musiqi, alman dili və ədəbiyyatı,
kino və futbol.
Əlbəttə, bir məqalədə
il ərzində Azərbaycanın bir neçə şəhərində
keçirilən bütün hadisələri
işıqlandırmaq mümkün deyil. Sadəcə, bir daha
qeyd etmək olar ki, səfirlik tərəfindən keçirilən
bütün tədbirlər, mərasimlər məzmunu,
dolğunluğu və çeşidi ilə seçilirdi. Hiss
olunurdu ki, hazırlıq işi çox incəliklə
aparılıb.
SƏRGİLƏR
Azərbaycanda Almaniya Mədəniyyət
İli çərçivəsində alman heykəltəraşlarının,
rəssam və fotoqraflarının iştirak etdiyi 20 sərgi
təşkil edilib. Artıq yanvarın əvvəlindən bu
tədbirləri paytaxtın və ölkənin digər şəhərlərinin
sakinləri gördü.
Almaniya Mədəniyyət
İli Kapelhausda Harmut Müllerin "Azərbaycanın təbiəti"
fotosərgisinin açılışı ilə
başladı. Bundan başqa, Azərbaycan Turizm İnstitutunda
"Almaniya - səyahət ölkəsi" sərgisi
açıldı.
Bu tədbirin seyrçiləri
hər il bütün dünyadan turistləri cəlb edən
Almaniyanın mənzərəli məkanları ilə
tanış oldular. Qeyd etmək lazımdır ki, bu sərgi
paytaxtdan başqa, Göygöldə, Şəkidə və
Sumqayıtda da keçirildi.
Fevralın ən parlaq hadisəsi
Dövlət Rəssamlıq Akademiyasında alman rəssamı
Günter Ukerin "İztirab çəkən insan"
ekspozisiyası oldu. Günter Uker dünyada tanınmış
rəssamdır, o öz əsərlərini mismarla yaradır.
Rəssam öz əsərlərində insanın mənəvi
iztirab və əziyyətlərini verməyə
çalışır.
Azərbaycan ictimaiyyətini
"Oxuyan fiqurlar" sərgisi orijinallığı ilə
heyrətləndirdi.
"Küləyin
plastikası". Alman qrafika heykəltəraşı Bernard
Lemanın küləyin əsməsinə bənzər səs
çıxaran bədii texniki yaradıcılığına
bu ad verilib. Bu, rəssamın bütün əsərlərinin
ayrılmaz hissəsi olan metal simlərin sayəsində
baş verir.
Belə qeyri-adi heykəlin
ideyası müəllifdə 20 il əvvəl İntibah
dövrünün böyük alman rəssamı Albert
Dürerin sərgilərindən birində olarkən
yaranıb. Lemanın bu ekspozisiyasında 15 heykəl və 20-dən
artıq qrafik işlər var. Onun üç heykəli
qalereyadan kənarda açıq havada sərgiləndi.
"Burada təqdim edilən
heykəllər xüsusi olaraq küçədə sərgilənib.
Külək əsəndə metal simlər hərəkət
edərək səs salmağa başlayırlar", - deyə
heykəltəraş Bernard Leman aydınlıq gətirir.
Paytaxtda incəsənət
xadimlərinin sərgisi də oldu. Sərgi Berlin İncəsənət
Universitetinin prezidenti Martin Renert və Azərbaycan Dövlət
Rəssamlıq Akademiyası ilə birgə düzənlənmişdi.
Bakı Turizm
İnstitutunda "Almaniyanın romantik şəhərləri"
sərgisi keçirildi. Çoxsaylı fotolar sərginin
seyrçilərinə Almaniyanın görməli, gəzməli
yerləri haqqında bilgi verirdi. Bu ölkəyə getmək
istəyən azərbaycanlı turistlər onun haqqında daha
çox bilgiyə malik oldular. Bu sərgi Göygöldə və
Sumqayıtda da keçirildi.
Almaniya Mədəniyyət
İli çərçivəsində Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında "Almaniya - ölkə..."
müsabiqəsi keçirildi. Nəticə etibarı ilə
27 oktyabrda azərbaycanlı rəssamların əsərlərinin
təqdimatı baş tutdu. Qeyd etmək yerinə düşərdi
ki, ilk üç yeri tutanlara Berlinə getmək imkanı
yaradılıb.
Bir qayda olaraq yay fəsli
istirahət mövsümü hesab edilsə də, AFR səfirliyi
böyük mədəni layihələrin gerçəkləşdirilməsini
dayandırmadı. Beləliklə də, paytaxt sakinləri və
qonaqları Rəssamlıq Akademiyasında Mark Şmitsin
orijinal "Baku sraces N5" sərgisini izləyə bildilər.
ƏDƏBİYYAT və ALMAN DİLİ
Bu mövzu altında səfirlik
bir sıra tədbirlər düzənlədi. Onlardan ən
yaddaqalanı uşaqlar üçün "Salam, əziz
düşmən" kitab sərgisi oldu. Özü də bu sərgi
Bakı və Sumqayıtla yanaşı, Şəkidə və
Göygöldə də təşkil edildi. Bu sərgidə
müxtəlif ölkələrdə nəşr edilən və
dünyada tolerantlığı təbliğ edən kitablar sərgilənmişdi.
Almaniya səfirliyi tərəfindən
keçirilən vacib tədbirlərdən biri də "Lev
Nussimbaum, Əsəd bəy, Qurban Səid: "Əli və
Nino"nun müəllifi kimdir?" adı altında Mirzə
Fətəli Axundov adına Milli Kitabxanada keçirildi. Bu sərgidə
Qurban Səidin həyat və yaradıcılığını
əks etdirən 70-dən çox kitab və arxiv
materialları təqdim edildi. Kolleksiya Tom Rays tərəfindən
toplanmışdı.
Sərginin
açılışında Almaniya səfiri Per Stankino,
M.F.Axundov adına Milli Kitabxananın rəhbəri Kərim
Tahirov, Əsəd bəyin yaradıcılığını
tədqiq edən və Almaniyadan gələn Yasmin Beylinq
iştirak edirdi. Qeyd edək ki, Qurban Səid yeganə Azərbaycan
yazıçısıdır ki, alman dilində yazıb. O,
dünya və alman ədəbiyyatında xüsusi yer tutur.
"Didi International"
uşaq teatrının Kapelhausdakı
çıxışı tamaşaçıların
çox xoşuna gəldi. Teatr alman nağılı "Xəlifə
və hacıleyləy"in motivləri əsasında
tamaşa hazırlamışdı.
ARXİTEKTURA
Artıq 2008-ci ilin
sonunda Almaniya Mədəniyyət İlinə hazırlıq
çərçivəsində Kapelhausda "Bakıda alman
arxitektura irsi" fotosərgisi keçirildi. Sərginin
eksponatları Azərbaycan paytaxtında almanlar tərəfindən
inşa edilən binaların fotoları idi.
İki alman fotoqraf
Sebestyan Burger və Orian Kremer XIX əsrin sonu, XX əsrin əvvəlində
Bakıda alman memarlar tərəfindən tikilən evlərin
geniş fotoqrafikasını Kapelhausda təqdim etdilər.
"Biz sərginin təşkilində
bizə kömək edənlərə təşəkkür
edirik.
Bizim əsas məqsədimiz
alman layihələri əsasında inşa edilən evləri
nəinki çöldən, həm də içəridən
göstərmək idi. Axı indi həmin evlərdəki həyat
maraqlıdır. Həmçinin biz həmin binaların
onilliklər sonra hansı vəziyyədə olduğunu
göstərmək istəyirdik", - deyə Burger bildirib. Onun
sözlərinə görə, Kremerlə birgə burada
keçirdikləri 8 həftə ərzində binaların
şəkillərini çəkərkən alman arxitektura
irsinin nə qədər aktual olduğunun fərqinə
varıblar. Layihənin sonunda Bakıda alman memarlar tərəfindən
inşa edilən binaların ümumi planı
hazırlanıb.
Bəllidir ki, Bakıda
bir neçə alman memar fəaliyyət göstərib. Onlardan ən
tanınmışı N.A.Fon der None olub. O, 1889-cu ildən
1902-ci ilə qədər bir sıra məşhur binaların,
həmçinin Bakı dənizkənarı parkının
yaradılmasında rəhbər olub. Peter Drittenpreys məşhur
Bakı vağzalını yaradıb. Zamanında milyonçu
H.Z.Tağıyevin teatrı adlandırılan Musiqili Komediya
Teatrının gözəl binasını isə F.A.Lemkul
inşa edib. Ümumilikdə Bakıda alman memarlar tərəfindən
60 bina layihələndirilib. Gələn il alman memarların
Bakıda inşa etdiyi binalar haqqında kitabın nəşri
gözlənir.
Martda Mədəniyyət
İli çərçivəsində Arxitektura və
İnşaat Universitetində Ralf Hinterkoyserin "Berlinin
müasir tikililəri" foto sərgisi baş tutdu. Fotorəssam
deyir ki, onun foto işləri seyrçilərin diqqətini
yeniliyə, müasir tikililərə yönəldir. O iddia
edir ki, fotoları ilə ideal arxitektura və ideal bina
arasında körpü yaratmağa çalışır:
"Fotolarım mənim müasir arxitekturaya
baxışımı əks etdirir. Bu fotolarda mən həm
fotoqraf, həm də memar rolundayam".
Oktyabrda məşhur memar
Ayke Beker Bakıya gəldi. "Landmark" biznes mərkəzində
onun "Ən yaxşı dünya üçün
inşaat" sərgisi açıldı və eyni zamanda Rəssamlıq
Akademiyasının, Arxitektura və İnşaat Universitetinin
tələbələri üçün eyniadlı mühazirə
oxudu.
Arxitektura silsilə sərgilərinin
yekunu "Almaniyada müasir arxitektura" sərgisi ilə
başa çatdı.
SİMPOZİUMLAR
Paytaxtda məşhur arxeoloqlar,
memarlar, ədəbiyyat xadimləri üçün bir
sıra simpoziumlar təşkil edildi.
Beləliklə, apreldə
AMEA-da Almaniya Arxeologiya İnstitutunun dəstəyi ilə
"Azərbaycan - Şərqlə Qərbi birləşdirən
ölkə.
Bilik və texnologiyalar
mübadiləsi" adı altında beynəlxalq arxeoloji
konfrans keçirildi. Tədbirin açılışında
o zamankı xarici işlər nazirinin müavini Qernot Erler
iştirak etmişdi. Konfransda Azərbaycan və Almaniya
arxeoloqlarının son nailiyyətləri, dövlətlərarası
əməkdaşlıq planı müzakirə edildi.
Sentyabrın 25-dən
oktyabrın 10-dək geniş ictimaiyyətə hər iki
ölkə insanlarının çox sevdiyi idman növü -
futbol haqqında filmlər göstərildi. Bu festivalın
açılışı Hökumət Evində baş
tutdu. Tədbir Azərbaycan və Almaniya milli futbol
yığmalarının oyununa həsr edilmişdi.
Noyabrda Bakıda və
Sumqayıtda keçirilən uşaq filmləri festivalı
yeniyetmələrin diqqətindən kənar qalmadı.
Bundan başqa, Bakı Slavyan
Universitetində "Kitabi-Dədə Qorqud" və
"Nibelunqlar haqqında nəğmə" dastanlarına həsr
edilmiş beynəlxalq simpozium keçirildi. Bu tədbir
çərçivəsində "Nibelunqlar haqqında nəğmə"
dastanı əsasında hazırlanmış musiqili tamaşa
da nümayiş edildi.
MUSİQİ
Sözsüz ki, Almaniya Mədəniyyət
İlində musiqi özəl yer tuturdu və bununla
bağlı çoxsaylı musiqili tədbirlərə
şahid olduq.
AFR səfirliyi caz musiqisini
sevənlərə xüsusi sürpriz
hazırlamışdı - Bakıda alman caz festivalı
keçirildi. Səfir cənab Per Stankino müsahibələrinin
birində qeyd etmişdir ki, Bakı çoxdan bəridir
keçmiş postsovet məkanında qeyri-rəsmi olaraq
cazın paytaxtı titulunu alıb. Ona görə də
paytaxtımızda caz festivalının keçirilməsi qərara
alınıb. Özü də festival çərçivəsində
təkcə Almaniyadan aparıcı caz ifaçıları gəlməyib.
Həmçinin musiqinin bu istiqamətinə həsr edilmiş
seminarlar, sərgilər düzənləndi.
Festival çərçivəsində
Bakı Caz Mərkəzində alman caz ifaçıları
Mixail Şifelin, Karsten Daerin və başqalarının
konserti keçirildi. Musiqiçi Martin Murtfeldin
ifaçılığı Bakı və Sumqayıt sakinlərini
ovsunladı.
İlin parlaq hadisəsi
"Berlin voices" (Berlinin səsi) caz ansamblının
konserti oldu. Ansamblın Bakı debütü 2005-ci ilə təsadüf
edib. Qastrolları isə 2009-cu ildə rayonları
bürüdü. Ansambl Sumqayıtda və Şəkidə də
konsert verib.
Cazın ilk ritmləri səsləndikdə
salonu dolduran tamaşaçılar gənc
ifaçıları dəstəkləmək
üçün alqışladılar. Dörd müğənni
fortepiano, bas-gitara və zərb alətlərinin müşayiətində
pop stilində oxuyur və müasir caz improvizələri
edirdilər. Təbii ki, bu da həmin an melomanları
ovsunladı. İnstrumentalistlərin virtuoz
çalğısı, vokalistlərin parlaq solosu alman musiqiçilərin
yüksək peşəkarlığından xəbər
verirdi.
Proqramda müasir müəlliflərin
əsərləri a-kapella formasında da ifa olundu. Konsert
bitdikdə "Bravo" nidaları
tamaşaçıların yüksək qiymətinə dəlalət
edirdi.
Ötən ilin martında
Kapelhausda skripkaçı Qets Bernaunun konsertini ayrıca qeyd
etmək gərəkdir. Pianoda onu həmyerlimiz Səyalı
Dadaş müşayiət etdi. Musiqiçilər konsert
proqramı ilə Göygöldə və Şəkidə
çıxış etdilər.
Aprelin 24-də Q.Qarayev
adına Dövlət Filarmoniyasında müğənni Fəridə
Məmmədovanın və tanınmış caz
pianoçusu Salman Qəmbərovun "Lieder Leaders" ilə
birgə çıxışı Mədəniyyət İli
çərçivəsində ən yaddaqalan hadisələrdən
oldu. Konsertdə alman klassik bəstəkarlarının caz
üslubunda işlənmiş əsərləri səsləndi.
Bizim Mədəniyyət və Turizm Nazirliyi ilə birgə
gerçəkləşdirilən layihə dinləyicilərin
rəğbətini qazandı.
2009-cu ilin oktyabrında
Bakı və Sumqayıtda gənc Cənubi Almaniya caz
orkestrinin konserti baş tutdu.
Digər tədbirlərə
gəldikdə, Kapelhausda Berlin divarlarının
dağıdılmasına həsr olunan fotosərgini qeyd etmək
olar ki, tədbir bu tarixi hadisənin 20 illiyinə həsr
edilmişdi. Keçmiş diplomat, vaxtilə ADR və AFR səfirliklərində
çalışmış Helmut Frik Diplomatik Akademiyada və
Kapelhausda bu mövzuda mühazirə oxudu. Hadisə və
proseslərin bilavasitə iştirakçısı, "İki Almaniya"nın birləşdirilməsinin
şahidi olan Frikin mühazirələri çox maraqlı
idi.
Bir məqalədə 2009-cu
il ərzində keçirilən bütün mədəni
hadisələri işıqlandırmaq mümkün deyil. Amma
ümid edirik ki, Almaniya səfirliyinin mədəniyyət
mübadiləsi sahəsindəki işinin genişliyini,
keçirdiyi tədbirlərin zənginliyi və
palitrasını çatdıra bildik. Biz də öz növbəmizdə
Almaniya səfirliyinə bizim ictimaiyyətimizə Azərbaycandan
kənara çıxmadan bu ölkənin zəngin mədəniyyəti
ilə tanış olmağa imkan yaratdığına görə
təşəkkür edirik. Ümid edirik ki, gələcəkdə
də AFR səfirliyi bizləri mədəniyyət
sferasında bu kimi işləri ilə sevindirəcək.
Ayna.-2010.-20 fevral.-S.16.