Zahid Oruc:"Orduda islahatları nəzərdə tutan sənəd hazırlanır"

 

Orduya nəzarətlə bağlı Qərb modelinin tam tətbiqi bu gün mümkünsüz sayılır

 

Silahlı Qüvvələrə demokratik nəzarət mexanizmlərinin tətbiq olunması ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Millət vəkili, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucun "Ayna"ya müsahibəsində orduya parlament nəzarətinin mümkünlüyünə toxunuldu.

- Silahlı Qüvvələrin NATO standartlarına keçidi çərçivəsində hesabatlılıq və şəffaflıq prinsiplərinin tətbiqi əsas hədəflərdən biridir. Bu yöndə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi hansı işləri görür?

- Azərbaycanın NATO ilə müxtəlif əməkdaşlıq sənədlərinin bir çoxu parlamentin fəaliyyətini özündə ehtiva edir. Ötən dövrdə Azərbaycan dövlət sirri haqqında qanunvericiliyi yenidən qəbul etdi, əməliyyat-axtarış tədbirləri haqqında qanunvericiliklə bağlı müəyyən məsələlərin həyata keçirilməsinə nail olduq, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti ilə bağlı qanunvericilik tamamilə yenidən işləndi, səfərbərlik hazırlığı ilə bağlı yeni qanunvericilik aktı, eyni zamanda nəqliyyat səfərbərliyi haqqında qanunvericilik aktı qəbul edildi. Bunlarla paralel şəkildə təhlükəsizlik haqqında qanunvericiliyin, daha sonra Milli Təhlükəsizlik Konsepsiyasının qəbulu həyata keçirildi. Hərbi qanunvericilik sistemində də dəyişikliklər aparıldı. Heç şübhəsiz ki, bütün bunlar hesabatlılığa, şəffaflığa təsir göstərəcək amillər idi.

Bu dönəmdə Azərbaycanın hərbi quruculuq işləri həyata keçirildiyindən ən qabaqcıl, inkişaf etmiş NATO ölkəsi qədər silahlı qüvvələrin cəmiyyət qarşısında hesabatlılığını parlament olaraq təmin edə bilməzdik. Bunun üçün baxışlar sistemi tam formalaşmalı idi. Müharibə aparan ölkənin ən adi məsələlərini belə bəzən məxfi qrif altında saxlamaq tendensiyaları üstünük təşkil edirdi. Paralel şəkildə keçmiş sovet hərb təcrübəsi də öz rolunu oynamaqda idi.

Ötən illərdə xeyli iş görülsə də, etiraf edilməlidir ki, bütün təlimatları, nizamnamə müddəalarını tamamilə yeniləşdirmək mümkün olmadı və təmsil olunduğum komitə həmişə vurğulayıb ki, bu yöndə görüləcək işlərin ümumi qiymətləndirilməsi lazımdır və böyük bir "yol xəritəsi"nə ehtiyac var. Bildiyim qədər orduda ümumi vəziyyətin dəyərləndirilməsi və bunun əsasında da keçiriləcək islahatları nəzərdə tutan sənəd hazırlanmaqdadır.

2007-ci ildə ona qədər dövlət büdcəsinin hesabat sənədlərinə daxil olunmayan müdafiə xərclərinin müddəaları haqqında məlumatlar artıq işıq üzü gördü və parlamentdə bununla bağlı fikirlər səsləndirilməyə başladı. Bununla yanaşı Müdafiə Nazirliyini və digər SQ sektorunu təmsil edən insanlar öz fəaliyyətlərini əks etdirən sənədləri parlamentə təqdim etməyə başladılar. Etiraf edək ki, bu kimi hadisələrin əksəriyyəti dövriyyəyə çıxarılmadı.

Hərbi quruculuğun taktiki və strateji planlarına təsir edəcək mühüm bir sənədin - Hərbi Doktrinanın qəbulu prosesində parlamentin rolunun qaldırılması hesabatlılıq və şəffaflıq məsələsinin bariz nümunəsi hesab edilə bilər.

- Bir sıra məlumatlara görə, hazırda Azərbaycan hökuməti ilə NATO arasında Milli Məclisin müdafiə və təhlükəsizlik sektorunda perspektiv fəaliyyət istiqamətlərinə dair müzakirələr gedir və danışıqlarda SQ-yə parlament nəzarətinin tətbiqinin orduda islahatlar prosesini irəli apara biləcək əsas amil olduğu qeyd edilir. Hazırda müzakirələr konkret olaraq ordunun parlament qarşısında hesabatlılığına dair Qərb modelinin tam və ya qismən şəkildə Azərbaycana tətbiqindən gedir. Bu tip xəbərlər nə dərəcədə doğrudur?

- Heç şübhəsiz, bu məlumatların müəyyən hissəsini təsdiq etmək mümkündür.Parlament orduya nəzarətin ən mühüm mexanizmidir. İlk növbədə ona görə ki, parlament üzvləri xalqın iradəsi əsasında formalaşır, bunun nəzəriyyəsi belədir. Digər tərəfdən bilavasitə müxtəlif mexanizmlər var. Parlamentin qurumu olan Hesablama Palatası müdafiə sektorunda həyata keçirilən və ildən-ilə büdcədə xüsusi çəkiyə malik olan vəsaitlərin təyinatı üzrə xərclənməsi, ümumiyyətlə, bu sahədə şəffaflığın həyata keçirilməsinə nəzarət etməlidir.

Bir mühüm məqamı qeyd etməliyəm: NATO ilə münasibətlər kontekstində götürdüyümüz öhdəliklərin müdafiə sektorunda bütün işlərin Qərb sistemində olduğu kimi qanunverici orqana tətbiqinə səbəb olacağı anlamına gəlməməlidir. Birincisi, müxtəlif ölkələrin fərqli idarəetmə sistemləri var, parlamentli ölkələrdə SQ-yə yanaşma tamamilə fərqlidir. Uzun müddətdir ki, müdafiə sektorundakı birinci şəxsin mülki şəxslə əvəz olunma məsələsi gündəmdə hallandırılır. Xüsusilə də IPAP sənədində bu müddəalar var idi. Azərbaycanın gerçək durumunda, Ermənistanın sürətlə hərbiləşməni davam etdirməsi fonunda və digər addımlar şəraitində NATO-nun qeyd edilən tələblərinin gerçəkləşməsi hansı təhlükəsizlik problemlərini ortaya çıxarardı? Bu məsələ çox önəm daşıyır.

O səbəbdən düşünürəm ki, nəzarətin həyata keçirilməsi qarşıdakı dönəmdə məlumatlılıq baxımından, parlamentin proseslərə təsir etməsi düşüncəsindən artacaqdır. Lakin bütövlükdə Qərb modelinin tam reallaşması indiki gerçəklikdə mümkünsüzdür. Amma zaman etibarilə biz buna getməliyik, alternativlər yoxdur. Bir tərəfdən ona görə ki, öncüllüyə iddia edən ölkənin keçməli olduğu yol bundan ibarətdir, nə qədər qapalılıq olsa, o qədər problemlər çıxacaq. O biri tərəfdən, Azərbaycan elə bir regionda yerləşir ki, NATO ilə əməkdaşlıq bir zərurətdir.

- Ümumilikdə, parlamentin ordu üzərində nəzarətinin Qərb modeli nə vəd edir?

- Qərb modeli ilk növbədə ordunun daha güclü şəkildə formalaşması, xüsusilə də mülki və hərbi vəzifələrin sərhədlərinin müəyyənləşdirilməsi, kadrların rotasiyasında şəffaflıq, büdcə planlaşdırılmasında şəffaflığın təmini, parlamentin bu proseslərdə mühüm rol oynaması, insan amilinin aradan götürülməsi, bu sektorda daha geniş islahatların həyata keçirilməsini və s. özündə ehtiva edir. Ən mühüm məsələ müdafiə sektorunda çevik idarəetmənin reallaşdırılmasıdır. Digər məsələ bu sferada çalışanların sosial şəraitinin yaxşılaşdırılması, peşəkarlıq əsasında formalaşdırılmanın təmin olunmasıdır. Bu, çox mühüm bir məsələdir.

Düşünürəm ki, dediyimiz addımlar atılmasa, Qərb modeli tam tətbiq olunmasa, onda bir sıra hallarda biz böyük maliyyə məsrəflərinin real hərbi gücə çevrildiyini görməyəcəyik. Bunu da səmimi etiraf etmək lazımdır.

- NATO ölkələrində təhlükəsizlik sektoruna parlament tərəfindən demokratik nəzarətin təminində bir sıra üsul və ya vasitələr işlədilir. Xüsusilə müdafiə və təhlükəsizlik sektorunda alğı-satqı məsələlərinə dair parlamentin nəzarət hüquqları diqqəti cəlb edir. Azərbaycan parlamentinin bu yöndə hüquqları varmı?

- Bu istiqamətdə Azərbaycan Konstitusiyası bizə hər hansı imkanı vermir. Açıq desək, parlamentin tender əməliyyatlarına müdaxilə etmək və ya onu hər hansı formada nəzarətdə saxlamaq imkanları qanunvericilik baxımından xeyli məhduddur, bu istiqamətdə hüquqi müddəalar, demək olar, yoxdur. O səbəbdən həmin sektor yalnız Ali Baş Komandan və hüquq-mühafizə orqanları qarşısında məsuliyyət daşıyır.

İndiki gerçəklikdə də biz hansısa alğı-satqılarla əlaqəli, xüsusilə də əsgərlərin qida təminatı və onun qeyri-milli xarakter daşıması, bəzən xərclərin şişirdilməsi və s. problemlərlə əlaqəli çoxlu məktublar, müraciətlər almaqdayıq. Parlament üzvü olaraq bizim buna müdaxiləmiz onu hüquq-mühafizə orqanlarına göndərməkdən ibarət olur. Nəyə görə? Çünki Azərbaycanın qanunverici orqanının bir sıra ölkələrin parlamentlərindən fərqli olaraq deputat-istintaq komissiyası kimi səlahiyyətləri əldə etmək imkanı yoxdur. Yeri gəlmişkən, ayrı-ayrı Avropa ölkələrində belə bir hüquq var, hətta deputatların az qala məhkəmənin səlahiyyətinə bənzər səlahiyyəti də mövcuddur.

Azərbaycan parlamentinin Konstitusiya və qəbul olunmuş qanunlarla əldə etdiyi hüquq qeyd edilən məsələləri tam gerçəkləşdirməyə imkan vermir.

- Təklifiniz varmı? Gələcəkdə səlahiyyət artımı olmalıdırmı?

- Şübhəsiz. Ən mühüm məsələ ondan ibarətdir ki, bu sektorda həddən ziyadə geniş hərbi resursların alınması, mübadiləsi, saxlanması, müddəti, istifadəsi və s. kimi məsələlər reallaşmış olur. Bu halda tam şəffaflığın təmini mühüm bir məsələdir. Vaxtilə Azərbaycanın aldığı təyyarələrlə bağlı bizim mediada özünə yer alan müxtəlif informasiyalar - bunlar dezinformasiyalar da, düşmən hərbi təxribatının bir hissəsi də ola bilərdi - diqqət çəkirdi. Mümkün olmazdımı ki, bu təyyarələrlə bağlı şəffaf məlumatlar informasiya saytlarında yerləşdirilsin, ən azı parlamentin qapalı iclasında bizə təqdim olunsun, Təhlükəsizlik və Müdafiə Komitəsinə verilsin...

Bir detalı qeyd etmək istəyirəm: bəzən biz qədərindən artıq məxfilik rejimi tətbiq edirik, halbuki bu, hər hansı təhlükəsizlik xarakteri daşımaya da bilər. Ən müxtəlif daxili yazışmaları, sənədləşdirmələri bu şəkildə qapatmaq və onu cəmiyyətdən təcrid etmək bir tərəfdən demokratik idarəetmə prinsipləri ilə ziddiyyət təşkil edir. O biri tərəfdən bu qədər məxfiliyə heç ehtiyac yoxdur, bu iş xeyli məsrəf tələb edir. Düşünürəm ki, gələcəkdə bu sferada şəffaflıq və hesabatlılıq naminə daha geniş hüquqi imkanlar əldə olunacaq.

- Araşdırmalar göstərir ki, müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan parlamentarlarının bilik və təcrübələrinin artırılması üçün bir sıra beynəlxalq mexanizmlərdən istifadəsinə və bu gün tətbiq edilən üsulların təkmilləşdirilməsinə ehtiyac var. Bu barədə siz nə düşünürsünüz? IPAP proqramında bununla bağlı tövsiyələr varmı?

- Etiraf etmək lazımdır ki, biz parlament fəaliyyətindən danışarkən bir çox yanlış yanaşmalardan istifadə edirik. Avropa ölkələrinin özündə parlament fəaliyyətinin reallaşdırılması üçün xüsusi metodiki kurslar, göstərişlər, seçilmiş sahələrlə əlaqəli geniş təlimat bazaları mövcuddur. ABŞ-da federal konqresin üzvləri ilk parlament fəaliyyətinə başlayarkən müəyyən bir dövr ərzində öyrənirlər, təcrübə keçirlər. Bizdə isə bir çoxlarında belə yanaşma var ki, o, parlament mandatını qazanıbsa, artıq universal biliklərə malikdir, ən mükəmməl informasiya daşıyıcısıdır, bütün sferalarla bağlı peşəkardır. Cəmiyyət də bu cür tələblərlə çıxış edir. Halbuki bu düzgün meyar deyil.

Təhlükəsizlik sferası mütəmadi yeniləşir, ən mükəmməl texnologiyalar yaranır, təhlükəsizlik sistemləri, doktrinaları, tezislər, prinsiplər, geosiyasətin xarakteri dəyişir. Buna hazır olmaq üçün təcrübə mübadilələrinə, bilik və bacarıqların öyrənilməsinə, beynəlxalq təşkilatlarla geniş əməkdaşlığa ehtiyac var. IPAP proqramında bununla bağlı ümumi müddəalar var. Bu çərçivədə və digər sənədlər daxilində 2000-ci ildən bu yana bəlkə də 100-ə qədər ən müxtəlif xarakterli tədbirlərə qatılmışıq və burada Qərbin hərb quruculuq təcrübəsi, cəmiyyət qarşısında hesabatlılıq, orduda ombudsman təsisatı və s. kimi ən müxtəlif informasiyalar, məsələlər meydana çıxarılıb. Bütün bu məlumat bazası sonradan tərəfimizdən Azərbaycan ictimaiyyətinə təqdim olunur, bu xüsusda Azərbaycanın NATO ilə əlaqələrinin əhəmiyyətini qeyd edirik.

- Sizcə, Qərb təcrübəsindən çıxış edərək parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsi daxilində bölgü aparılması zəruridirmi?

- Təsnifat üzrə diferensasiya arzuolunandır. Sahə üzrə bölünmə idarəetmənin ən mühüm tələbidir və bu mənada parlamentin ümumi fəaliyyətində sektorlara bölünmə işə faydalı təsir göstərərdi.

 

 

Cəsur Sümərinli 

 

Ayna.-2010.-20 fevral.-S.17.