Diktatorun qəzəbindən qorxmamaq...

 

Vurğun belə Vurğun idi

 

Səməd Vurğunun bir xasiyyəti vardı: namuslu qadına qul kimi itaət edərdi, uşaq kimi qulluğunda durardı. "Aygün"ü oxuyarkən Səməd Vurğunun istedadı qarşısında bir daha baş əyirəm. Bu əsər qadını müqəddəsləşdirir, ailədə yolunu azanlara bələdçilik edir - bu sözləri bir vaxt Mirvarid Dilbazi yazmışdı. Bu, gerçəkdən belə olmuşdur.

...Haqqında söhbət açmaq istədiyim Pərixanım (ad dəyişdirilib - müəllif) isə məşhur bir inqilabçının nəvəsi idi. Elə bir inqilabçının ki, sovet dövründə onun babasının adı mübarizlər sırasında birinci çəkilməsə də, mütləq ikinci onu yad edib xatırlayırdılar.

Əllinci illərin əvvəllərində siyasi ab-hava hələ də tutqun idi. Bağırovun sərt rejimi Azərbaycanı hələ də qarlı Sibir çöllərinin, Solovetsk adalarının xofunda saxlayırdı.

Yazıçılar roman və povestlərində, dramaturqlar pyeslərində, şairlər poemalarında bu inqilabçının obrazını yaratmağı özlərinə şərəf, yaradıcılıqlarına üzərrik bilirdilər. Çoxsaylı müəssisə, küçə, prospekt, kolxoz sovxoz onun adını daşıyırdı. Heykəl büstləri şəhəri bəzəyirdi. Ölkədə xüsusi hörmətə yüksək imtiyaza malik olan inqilabçı ailəsinə birdən-birə "respublikanın sahibi" - Mircəfər Bağırovun müsbət münasibəti dəyişdi. Arada şayiə gəzirdi ki, Mircəfər keçmiş inqilabçı dostunun qız nəvəsinə bir könüldən min könülə vurulub. Lakin ismətli gəlin ona tabe olmadığına görə bu müstəbid həmin ailənin bütün imtiyazlarını kəsdirmiş onu işdən qovdurmuşdu. Nəvənin baba onun mübarizə yoldaşlarından yazdığı doktorluq işi yarımçıq qalmışdı. O, üçün hara müraciət elədisə, ona eyhamla başa saldılar ki, mümkün deyil... Heç kəs "respublikanın sahibi"nin qəzəbinə gəlmək istəmirdi.

1952-ci ilin qışında bu xəbər Səməd Vurğuna da çatdı. O, inqilabçı nəvəsini yanına çağırtdırdı.

Cavan, ismətli gəlin utancaq nəzərlərilə onun qarşısında dayanmışdı. Şair onun dolanacağını, ailə vəziyyətini soruşdu. Gəlin kədərli səslə:

- Ağırdı, çox ağırdı - deyib, bikef halda başı aşağı dayandı.

Səməd Vurğun:

- Pəri xanım, - dedi, - mənə sizin ailə vəziyyətiniz yaxşı məlumdur. Sizi bir məsləhətə çağırtdırmışam. Mənim "İnqilab mədəniyyət" jurnalında "Aygün" adlı əsərim hissə-hissə nəşr olunur. Onu oxuyursunuzmu?

- Bəli, oxuyuram, - deyə gəlin inamla cavab verdi.

- Bilirsiniz, mən əsərin jurnal variantını nəşr etdirirəm. Nəsə bir məsələdə bərk narahatam açığını deyim, çətinlik çəkirəm. Əsərdə belə bir yer var ki, Əmirxan sərxoşluğa qurşanır, ailəsi dağılmaq təhlükəsindədir. Evdən çıxıb gedir, bir müddət Muğanda mühəndis işləyir, yaxşı, sağlam kollektivə düşür, fəallaşır, içkini atır yenidən evinə, ailəsinə qayıdır. Həyat yoldaşı Aygün isə tərəddüd içindədir, onu yenidən qəbul etsin, yoxsa yox. Şəxsən mən müəllif tərəddüd edirəm. Bunlar yenidən birləşsin, yoxsa Aygün əri Əmirxanı rədd etsin... Onda da ailə dağılır... Zənnimcə, bu hisslər sizə, bu yaşınıza daha yaxındır. Siz bir gəlin kimi necə bilirsiniz, ailə dağılsın, yoxsa barışıb yenidən xoşbəxt olsunlar?..

Pərixanım tərəddüd etmədən:

- Əlbəttə, barışsalar yaxşıdır, - dedi. - Axı sizin əsərinizin qəhrəmanı Aygün və Əmirxanın övladı - qızı var. O niyə atasız, yetim böyüməlidir?! Şəxsən mənə belə əsər yazmaq qismət olsaydı, onları yenidən barışdırıb xoşbəxt edərdim.

Diqqətlə müsahibini dinləyən Səməd Vurğun:

- Bəs onda siz nə üçün ailənizi dağıdırsınız? - dedi. Mən öyrənmişəm, sizin həyat yoldaşınız kişi kimi pis insan deyil. Öz aramızdı, mənə çatan məlumata görə, ərinizin evdən getməsində günahın çoxusu sizdədir. Əmirxanla Aygünün bircə övladı varsa, sizin ikidir - bir oğlunuz, bir qızınız var... Gedin ərinizlə barışın, gələn həftədən bizim idarəmizdə işə başlayacaqsınız. Rəva görməyin ki, ailəniz dağılsın.

Üç gün sonra Pərixanım Səməd Vurğunun qəbuluna gəlib utancaq nəzərlərini yerə dikdi:

- Yoldaş Səməd Vurğun, - dedi, - sizin tövsiyənizə əməl etdim...

Bu əhvalatı şairin vəfatının 40 illiyi günündə - 1996-cı il mayın 27-də ağsaçlı Pərixanım danışdı və iftixarla dedi ki, mən ailə xoşbəxtliyimə görə ölənə qədər əziz şairimiz Səməd Vurğuna rəhmət oxuyacam.

 

 

 Şəmistan NƏZİRLİ 

 

Ayna.-2010.-20 fevral.-S.19.